|
Qarabağ məsələsində qeyri-müəyyən durum
Avqustun 10-da Ermənistan prezidenti Serj Sərkisyan Rusiyaya səfəri çərçivəsində həmkarı Vladimir Putinlə görüşüb. Bu görüşdə Qarabağ məsələsinin aparıcı müzakirə mövzusu olacağı şübhə doğurmurdu. Hətta bəzi müşahidəçilər görüşdə işğal olunmuş Azərbaycan ərazilərinin qaytarılması məsələsinin də müzakirə olunacağı barədə proqnozlar irəli sürmüşdülər. 
 
Rəsmi məlumatlarda isə bildirilir ki, iki ölkə başçılarının görüşündə əsasən iqtisadi əlaqələr müzakirə edilib. İrəvanın Moskva üçün əhəmiyyətini qeyd edən Kreml rəhbəri Ermənistanı Rusiya üçün əvəzsiz tərəfdaş adlandırıb. Sərkisyan isə bütün bunlara görə Putinə minnətdarlıq edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsi də müzakirə predmeti olub. 
 
Sərkisyan Putinin Bakı səfəri zamanı prezident İlham Əliyevlə danışıqlarının təfərrüatları ilə maraqlanıb. Kreml rəhbəri isə öz növbəsində bildirib ki, münaqişənin həlli ilə bağlı Bakıda konstruktiv danışıqlar aparılıb və bu danışıqların detalları barədə Sərkisyana məlumat verəcək. Mətbuatın yaydığı məlumata görə, danışıqların davamı bağlı qapılar arxasında davam etdirilib və çox güman ki, detallar barədə açıq söhbət olub. 
 
Rusiya prezidentinin Azərbaycan səfərindən və Sankt-Peterburqda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra Sərkisyanı Rusiyaya çağırması sözsüz ki, həm də Qarabağ məsələsi ilə əlaqəli idi. Qeyd edək ki, Putin Bakıda olarkən “Rusiya çalışacaq ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin kompromisli və tərəflər üçün məqbul həll variantını tapsın” deyə, mövqeyini açıqlamışdı. Ancaq onun daha sonra dedikləri Moskvanın ikili oyun oynadığı barədə qənaətləri bir az da möhkəmləndirmişdi. Putin bu problemin Azərbaycan və Ermənistan üçün nə qədər ağrılı məsələ olduğunu anladığını bildirib. “Biz çalışacağıq ki, hər iki ölkə kompromisli, lakin hər ikisi üçün məqbul olan həll yolunu tapsın. Bu məsələnin həllində qalib iki ölkənin xalqı olsun, hər iki ölkə hiss eləsin ki, bu çətin məsələni bu günün və gələcək nəslin maraqları çərçivəsində həll edib”-deməklə Rusiya prezidenti əslində işğalçı ilə işğala məruz qalan tərəf arasında bərabərlik işarəsi qoymuş olub. Bu mənada Putinin sonuncu bəyanatından sonra ermənilər Sərkisyanın Moskvaya çağırılmasına görə çox da narahat olmadılar. Prezidentlərin Sankt-Peterburq görüşündən sonra isə İrəvanda silahlı dəstələr belə hərəkətə keçdi və Sərkisyanı güzəştli sülhdən çəkinməyə vadar edən bəyanatlar səsləndirdilər. Şübhəsiz ki, bu oyunun arxasında həm də erməni prezidentin özü dayanırdı. Putindən sonuncu Qarabağ bəyanatını almaq baxımından ona belə bir oyunu oynamaq çox lazım idi. 
 
Ermənistanı daha çox narahat edən məsələ, Moskvanın Bakıya silah satışını davam etdirməsi də diqqətdən kənarda qalmayıb.  V.Putin Rusiyanın Ermənistana silah satışını iki ölkə arasında imzalanmış müqavilə və Rusiyanın üzərinə götürdüyü öhdəlik çərçivəsində həyata keçirdiyini bildirib. 
 
Putin Rusiyanın Azərbaycana silah satması ilə bağlı sualı cavablandırarkən deyib ki, Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyatı, böyük valyuta ehtiyatları olan ölkə kimi istədiyi yerdən silah almaq gücündədir:“Ancaq mən məsələnin hərbi tərəfinə diqqət yönəltmək istəmirəm. Problemi həll etmək istəyiriksə, dinc üsullara yönəlməliyik”.
 
Qeyd edək ki, V.Putun Azərbaycan prezidenti İlham Əliyevin Qarabağla bağlı bəyanatını şərh etməkdən imtina edib. Məlumata görə, Azərbaycan prezidenti qeyd edib ki, Ermənistan işğal altında saxladığı Dağlıq Qarabağ rayonlarının bir hissəsini qaytarmağı öz öhdəsinə götürüb. Jurnalistlər bu bəyanata Putindən münasibət öyrənmək istəyib: “Hər şeydən əvvəl, mən güman edirəm ki, həmkarlarımın fikirlərini şərh etmək mənim vəzifəmə daxil deyil. Mənim fikrimcə, siz dəqiq məlumat əldə etmək üçün bilavasitə bəyanatı verən şəxsə müraciət etməlisiniz” deyə, Putin bildirib.  
Görünən budur ki, V.Putin Azərbaycanla münasibətlərə önəm verməklə yanaşı, erməni həmkarı ilə görüşdə Ermənistanı küsdürməmək üçün də maksimum ehtiyatlı ifadələr işlədib. Bu mənada iddia etmək olmaz ki, Rusiya prezidenti Sərkisyana “get, 5 rayonu Azərbaycana qaytar” tapşırığını verməyib. Düzdür, bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da nikbin danışıb. Cənab Ərdoğanın fikrincə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişlər var. Türkiyə prezidenti deyib ki, əgər birinci növbədə Azərbaycanın 5 rayonu erməni işğalından azad edilərsə, o zaman regionda sözün əsl mənasında, vəziyyətin normallaşması prosesi başlaya bilər: “Bütün dünya Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edildiyini dərk edir. Əgər bunu hamı tanıyarsa, niyə də bu işğala son qoyulmasın?” R.T.Ərdoğan xatırladıb ki, ABŞ, Fransa və Rusiya 23 ildən çoxdur ki, Dağlıq Qarabağ münaqişəsini nizamlaya bilmirlər. “Amma hazırda Rusiya prezidenti Vladimir Putin bu məsələ üzərində işləyir”, - Ərdoğan deyib.
 
Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatının yaradılmasından danışarkən prezident bildirib ki, Azərbaycan Türkiyə və Rusiya kimi bu formata müsbət yanaşır. Onun sözlərinə görə, Türkiyə və Azərbaycan XİN rəhbərləri Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatının yaradılmasını müzakirə ediblər. “Bu formatın yaradılmasının əsas məqsədi regionda məsələləri təqib etmək və nəzarət etməkdir”, - Ərdoğan deyib. Bəzi müşahidəçilər hesab edir ki, Ermənistanın təcridi fonunda Azərbaycanın aparıcı region dövlətləri ilə bir platformada çıxış etməsi ərazilərimizin ilhaqına son verilməsi baxımından önəm kəsb edir.  
Politoloq Arzu Nağıyev hesab edir ki, Sərkisyanın Rusiyaya səfəri təbii Dağlıq Qarabağla bağlı təlimatlar almaq üçün reallaşıb: “Eyni zamanda bu səfər hakimiyyətinin saxlanması üçün özünü sığortalamaq və zəmanət almaq məqsədi güdürdü. Təbii ki, Rusiya ATƏT-in Minsk Qrupunun üzvü kimi bütün nüfuzundan istifadə etməlidir və Ermənistana beynəlxalq qanunlar çərçıvəsində də təsir etməlidir”. Politoloq düşünür ki, Rusiya-Türkiyə-Azərbaycan formatının Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri ola bilər: “Ancaq tam şəkildə münaqişə tək bu formatla həll edilə bilməz. Çünki Ermənistan qəti surətdə Türkiyənin prosesdə iştirakını istəmir. Deməli, münaqişənin həlli üçün Türkiyə Ermənistanla hər hansı bir konsensus əldə etməlidir. Təbii ki, Rusiya açar oyunçudur və ondan çox şey asılıdır”.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə Rusiya prezidentinin Bakıya səfərindən iki gün sonra Moskvada Ermənistan prezidenti ilə bir araya gəlməsini fərqli prizmadan şərh etdi: “Putin bu addımı balansı qorumaq baxımından atıb. Çünki Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi olmaq istəyir. Rusiya prezidenti tərəflərdən birinin lideri ilə görüşdən sonra dərhal o birisi ilə də görüşməlidir. Putinin Azərbaycan və Türkiyə prezidentləri ilə görüşlərindən sonra Kreml sahibinin erməni həmkarını sakitləşdirməyə ehtiyacı var idi. Çünki Ermənistan cəmiyyəti Putinin Azərbaycan və Türkiyə prezidentləri ilə hər görüşündən sonra böyük narahatıq keçirir və bu görüşlərin Ermənistanın əleyhinə olacağını düşünür. Bundan isə erməni müxalifəti Serj Sərkisyana qarşı istifadə edir. Putin isə indiki şərtlər daxilində Ermənistan müxalifətinin Sərkisyanı devirməsinin əleyhinədir. Ona görə də Putin dərhal Sərkisyanı Moskvaya çağırdı”.
E.Şahinoğlu Sərkisyanın Moskvaya səfəri ərəfəsində Milli Təhlükəsizlik Şurası aparatının buraxılmasına diqqət çəkdi: “Bu, ondan irəli gəlir ki, Sərkisyan tərəfdarlarına belə inanmır. Ermənistanın müdafiə naziri Seyran Ohanyan isə eyni gündə Dağlıq Qarabağa getdi. O, burada jurnalistlərə verdiyi açıqlamada Ermənistan ordusunun Rusiyadan yeni silahlar aldığını təsdiqləyib. Seyran Ohanyanın digər maraqlı açıqlaması ondan ibarətdir ki, Ermənistanın hücuma məruz qalacağı təqdirdə Rusiya Ermənistana kömək edəcək. Yəni Ohanyan bununla erməni ictimaiyyətini sakitləşdirmək istəyir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın maraqlarına zidd addım atmayacaq. Bunu Rusiya prezidentinin Bakıdakı açıqlaması da sübut edir. Elə buna görə də Serj Sərkisyan Putinlə görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi fəallığa görə Putinə minnətdar olduğunu vurğuladı. Putin isə öz növbəsində Sərkisyanla görüşdə Ermənistanın Rusiyanın müttəfiqi olduğunu xatırladaraq növbəti dəfə Azərbaycan hakimiyyətinə və cəmiyyətinə mesaj göndərdi. Mesajın mənası budur ki, Rusiya Cənubi Qafqazdakı müttəfiqinin əleyhinə addım atmayacaq”. Politoloq qeyd etdi ki, Kreml Azərbaycanı strateji tərəfdaş, Ermənistanı isə strateji müttəfiq adlandırır: “Müttəfiqlik tərəfdaşlıqdan daha üst səviyyə sayılır. Bu arada, Seyran Ohanyanın Ermənistanın öz silahlarını istehsal etməsi üçün Müdafiə sənayesi üzrə Dövlət Komitəsinin yaradıldığı fikrinə də diqqət çəkir. Ermənistanın hazırkı ağır iqtisadi və sosial durumunda müdafiə sənayesi yaratması problematikdir. Belə bir dövlət komitəsi yaradılsa belə, müdafiə sənayesi Ermənistan ordusu üçün lazımi hərbi silah və sursat, texnika istehsal edə bilməyəcək. Çünki buna milyardlarla dollar vəsait lazımdır. Ermənistanın isə bu qədər maliyyəsi yoxdur. Sadəcə, Ermənistan hakimiyyəti Azərbaycandan geri qalmadığı görüntüsü yaratmaq istəyir. Azərbaycanın müdafiə sənayesi illərdir fəaliyyət göstərir və müxtəlif növ silah, sursat və hərbi texnika istehsal edir, üçüncü ölkələrlə birgə hərbi texnika istehsalının əsası da qoyulub. Bu sahədə Ermənistanın Azərbaycanla yarışması mümkün deyil. Ona görə də Ermənistan müdafiə sənayesi yaratsa belə əvvəlki tək kreditlə və ya pulsuz aldığı Rusiya silahlarına ümid edəcək. Vladimir Putin Sərkisyanla birgə mətbuat konfransında Rusiyanın Ermənistana silah çatdırılmasına dair öhdəliklərini yerinə yetirəcəyini bir daha təsdiq edib. Putin fikrini belə əsaslandırıb ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü, Rusiyanın müttəfiqidir, qarşılıqlı vəzifələr mövcuddur. 

Putin Rusiyanın Ermənistan qarşısında üzərinə düşən öhdəliklərinə sadiq qalacağını bildirib. Buna baxmayaraq, Putinin belə bir əlavəsi də diqqəti çəkir: ”Müasir silah bazarında hər ölkə istənilən silahı ala bilər. Belə ölkələrdən biri də Azərbaycandır. Neft ölkəsi olan, sürətlə inkişaf edən iqtisadiyyata, kifayət qədər böyük qızıl-valyuta ehtiyatına malik Azərbaycan əlbəttə ki, istədiyi yerdən istədiyi silahı almaq imkanındadır". Putinin bu sözləri Sərkisyana və erməni ictimaiyyətinə mesajdır. Çünki aprel döyüşlərindən sonra Ermənistan hakimiyyəti və cəmiyyəti Rusiyanın Azərbaycana satdığı müasir silahlara görə Kremli tənqid etdi. Moskvanın cavabı isə belə oldu ki, Rusiya onun silahlarına maraq göstərən istənilən ölkə ilə əməkdaşlıq etməyə hazırdır. Putin bu fikri bir daha xatırladaraq onu da erməni cəmiyyətinə işarə edir ki, Azərbaycan Rusiyadan silah ala bilməsə, həmin silahları başqa ölkədən alacaq. Rusiya isə Azərbaycan kimi alıcını əldən vermək istəmir". E.Şahinoğluna görə, 5 rayonla bağlı cənab Ərdoğanın dedikləri sadəcə, arzudur.

Görünən budur ki, Vladimir Putin erməni həmkarına prezidentliyinin qalan il yarımını da sürdürəcəyinə dair qarantiya verib. Eyni zamanda onun qarşısında Qarabağ güzəştlərini qoymadığını da demək olar. Əks təqdirdə, Ermənistan prezidenti arxayın şəkildə Braziliyaya, Rio-de-Janeyrodakı Olimpiya Oyunlarını izləməyə getməz, əksinə, başılovlu ölkəsinə qayıdardı. Belə görünür ki, ilin sonunadək 5 rayonun qaytarılacağı barədə Rusiyadan gələn xəbərlər, sadəcə, status-kvonun saxlanması və aprel müharibəsinin unutdurulması üçün uydurulub. Hər halda, “nə şiş yansın, nə kabab” siyasətinə üstünlük verən Putin Sərkisyana nəinki “get, 5 rayonu azad et”, heç “5 kəndi azad et” də demədi...

musavat