|
Qərb güc yolu ilə hakimiyyət dəyişiklikləri taktikasına qayıdır?
Türkiyədəki hərbi dövlət çevrilişi planının arxasında ABŞ-ın dayandığı iddiaları Türkiyədə ən yüksək səviyyələrdə irəli sürülməkdədir. Deyilənlər sübuta yetirilsə, bu deməkdir ki, ABŞ güc yolu ilə hakimiyyətləri dəyişmək moduna yenidən qayıdır. Bəs Qərbi bu variantı seçməyə məcbur edən nədir? Daxildə sadə əhalinin hakimiyyətləri dəyişməyə gücünün yetməməsinə əminlik yaranmasımı? Yoxsa başqa səbəblər var?

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirdi ki, Qərbin son illərdə yürütdüyü qaba siyasət dünya resurslarına nəzarəti əldə etmək üçün həyata keçirilir. Dünya resurslarının-neftin, qazın, içməli suyun, ərzağın azaldığı bir dövrdə dünya əhalisinin həndəsi silsilə ilə artması şəraitində disbalans yaranacağını önləmək istəyən Qərb nəzəriyyəçilər çıxış yolunu dövlətlərin dağıdılmasında, insanların məhv edilməsində, təbii artımın qarşısının həm də xaos yolu ilə alınmasında görürlər. Bir sıra ideoloqlar öz məqsədlərini nəzəriyyələrində gizlətmirlər də».

Partiya sədrinin sözlərinə görə, son illərin hadisələrinə diqqət yetirsək, əslində dünya dövlətlərinin «Transatlantik» məkana tabe etdirilməsi prosesi baş verir. Rusiyanın ən böyük Avropa müttəfiqi Yuqoslaviyada, İraqda, Liviyada, Suriyada, Yəməndə, Misirdə, Əlcəzairdə, Nigeriyada, Malidə, Sudanda baş verənlər deyilənlərin sübutudur: “Qərbin rifahının əhəmiyyətli hissəsi 3-cü dünya dövlətlərinin resurslarıdır. Bu dövlətlərin talanması bahasına əldə edilən təbii ehtiyatlar həmin zənginlikdə xüsusi paya malikdir. Bu düzəni pozmaq istəyən istənilən fərd, siyasi qüvvə, dövlət Qərb əzici maşınının tırtılları altına salınır. Bu dünya strukturu müəyyən qrupların fərdi və qrup maraqlarına xidmət göstərir. Türkiyədə böyük nüfuza malik olan AKP və onun lideri prezident Rəcəb Tayyib Ərdoğanın yürütdüyü siyasət formalaşmış bu düzənə qarşıdır, onu alt-üst edir. Məhz bu səbəbdəndir ki, son illərdə AKP iqtidarına qarşı müxtəlif fəsadlar törədilir. «Ergenekon», Paralel dövlət, PKK fitnəsi, beynəlxalq maliyyə qruplarının qurduğu tor, rüşvət qalmaqalı puça çıxdıqdan sonra Ərdoğan iqtidarına qarşı son plan-hərbi çevriliş işə salındı. Çevriliş planının müəllifləri Ərdoğanı Mursi, türkləri isə misirli sandılar. Bu fitnəkar planın arxasından Pensilvaniyada oturan Gülənin fəsinin, iddialara görə, istefada olan ABŞ generallarının furajkalarının görünməsi ”darbə"nin mahiyyətini ortaya qoyur. Müsəlman dünyasında sistemli hər bir şeyin dağıdılması planı işə salınıb. AKP iqtidarı inamla kürəsəl müsəlman lideri dövləti modelini gerçəkləşdirdikcə, Qərb narahat olmağa başlayıb. Çünki dünyada belə bir quruluşun mövcudluğu  Qərbi qane edən düzənə yenilik gətirə bilər.
Türkiyə bizim əvəzsiz müttəfiqimiz, qardaşımız, elə lap özümüz olan bir dövlətdir. 
Müstəqilliyimizin, 1991-ci ildə dünya nəhəngi SSRİ mövcud olduğu zaman, tanınmasından bu günə qədər arxamızda olan yeganə tərəf müqabilimizdir. 15 iyul çevriliş təşəbbüsü Türkiyəni öz vassalına çevirmək cəhdinin arxasından Qərb çevrələrinin adının çıxmasından sonra geopolitik baxışlarıma əsaslı düzəlişlər etmişəm. Qərb siyasətinin marginallığı, praqmatizminin eybəcər siması, daha düzü, simasızlığı daxilimdə narahatlıq və ikrah yaradıb. Deməli, onlar üçün də dəyərlər deyil, maraqlar öndədir. Qərbin Orta Şərqdə ən dayanıqlı müttəfiqi olan Türkiyəyə qarşı bu davranışı bəraəti haqq etmir. Qərb ərəb Misirində Mursiyə və misirlilərə nə etdisə, Türkiyədə də eynisini Ərdoğana və Türkiyə siyasi iradəsinə çəkdirmək istədi. Onlar demokratiyanı deyil, öz maraqlarını hər işdən yuxarıda tutdular".

VİP sədri onu da dedi ki, Türkiyənin Rusiya ilə yaxınlaşdığını görən Qərb yeni ssenarini işə salır. Bizə isə sabit bölgə, güclü Azərbaycan və Türkiyə, torpaq bütövlüyümüz, rifahımız maraqlıdır: “Yerləşdiyimiz siyasi coğrafiyanın sabitliyi bizim üçün çox önəmlidir. Ən azı bu səbəbdən Qərb tərəfindən Türk dünyasına yeni paradiqmalarla yanaşılması lazımdır. Qərb-Türk dövlətləri münasibətləri yeni keyfiyyət müstəvisinə çıxarılmalıdır. Belə olmasa, Azərbaycan-Türkiyə tandemi yeni siyasi fəzanın formalaşmasına baş vurmalıdır”.

Əli Əliyev qeyd etdi ki, Qərbin Türkiyədə və Türkiyə kimi dövlətlərdə güc yolu ilə dəyişikliklər etmək cəhdləri regionda onun özünün zərərinə işləyir və işləyəcək: “Son 2 ilin hadisələri göstərir ki, Qərbin də əmin-amanlığı Türkiyənin addımlarından asılı hala gəlib. AKP-nin Türkiyə iqtidarı olmasının heç bir antidemokratik təzahürü mövcud deyil. Bu iqtidar 79 milyonun siyasi iradəsinin nəticəsi, inikasıdır. Çevriliş sonrası hadisələr bir daha sübut etdi Türk siyasi iradəsi Qərbin də təbliğ etdiyi demokratiya anlayışına sadiqdir. Küçədə «İncirlik»dən idarə olunan tanklara və təyyarələrə sinə gərən vətəndaşdan tutmuş partiya liderlərinə qədər bunu hamı nümayiş etdirdi. Türk sivilizasiyası digərlərinə bənzəmir. Yəqin ki, son bir ayda bütün dünya dövlətləri və siyasi elitası bunun şahidi oldu. 
 
İstərdim ki, bu “darbə”ni Qərbdə sanksiyalaşdırmış çevrələr səhvlərini anlasınlar. Türk dünyası dövlətləri dünyanın mədəni hissəsinin tərkibində olmağa layiq olan,  bunu haqq edən seqmentdir. Onunla bağlı məkrli plan və ssenarilər uğursuzluğa layiqdir. Türkiyənin sabitliyi Orta və Yaxın Şərqə toxtaqlıq gətirə bilər. Son 2 ilin hadisələri göstərir ki, Qərbin də əmin-amanlığı Türkiyənin addımlarından asılı hala gəlib. Bu baxımdan, Türkiyədə çevrilişlərdənsə, inkişaf proqramları, qaçqınların güzəranının yaxşılaşdırılması və s. bu kimi tədbirlər görülsə, bütün tərəflər üçün daha faydalı  olar".
musavat