Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” hərəkatının həbsdə olan rəhbəri Tale Bağırzadə, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əlövsət Abbasov sədrlik edib.
Prosesdə təqsirləndirilən Abbas Quliyev ifadə verib. O, ibtidai istintaqa verdiyi ifadəsindən imtina edib. İfadəsində T.Bağırzadəni tanıdığını, “Müsəlman Birliyi” hərəkatı ilə heç bir əlaqəsi olmadığını, Nardaranda məlum hadisə baş verən evin sahibinin onun qohumu olduğunu, yaşlı qadına dərman verməyə gedərkən polis əməkdaşları tərəfindən saxlanıldığını göstərib.
Təqsirləndirilən İbrahim Xudaverdiyev ibtidai istintaqa verdiyi ifadələrindən imtina edib. İ.Xudaverdiyev hadisə baş verən evə oğlunun dalınca gedib.
Məhkəmədə ifadə verən ACXCP sədrinin müavini Fuad Qəhrəmanlı ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib.
Məhkəmə prosesi fasilədən sonra davam etdiriləcək.
Qeyd edək ki, Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən polis əməliyyatı zamanı tutulub. İlahiyyatçıya qarşı CM-nin 15-dən artıq maddəsi ilə ittiham irəli sürülüb.
T.Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur.
Xatırladaq ki, ötən il noyabrın 26-da Nardaran qəsəbəsində DİN xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı ikisi polis olmaqla ümumilikdə altı nəfər şəxs həlak olub. Əməliyyat zamanı T.Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib və məhkəmə onlar barəsində hökm çıxarıb.
AXCP sədrinin müavini F.Qəhrəmanlı barəsində ötən il dekabrın 8-də həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) və 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham olunur.
Cia.az
