Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "demokratiya növbəsi" tutan vətəndaşlara prezident sarayından səslənib.
Musavat.com-un məlumatına görə, prezidentin çıxışından əvvəl isə baş nazir Binali Yıldırım kürsüyə çıxıb. Qısa çıxış edən baş nazir deyib: “Son demokratiya növbəsini tutursunuz. Bu əziz millət Türkiyənin gələcəyini namərdlərə ayaqlatdırmadı. Siz demokratiyamızın qəhrəmanlarısınız. Millət necə olur, milli iradəyə necə sahib çıxılır, siz göztərdiniz. Dərbəçilər itirdi, Türkiyə qazandı, paralellər itirdi, millət qazandı. Dövlətinə, millətinə, təhlükəsizliyinə güllə sıxanlar itirdi”.
Daha sonra kürsüyə çıxan Ərdoğan “Demokratiya növbəsinin” başa çatdığını bildirib: “Sadəcə ölkəmizin mərkəzi yox, könüllərin mərkəzi Ankara… Bizlər heç bir bəşəri gücün önündə əyilmədik. Xainlərin planını tək ürək olaraq əngəlləyən, Ankara, səni qəlbdən salamlayıram. 15 iyul gecəsi bu millət düşmənə qarşı birlik olaraq hər kəsə gücünü göstərdi. Ankara fərqli bir dastan yazdı. O gecə Qızılayda, TBMM-də, Baş Qərargahda fərqli dastanlar yazıldı. Xalq demokratiya mitinqlərini davam etdirmək istədiyini bildirdi. Dedim ki, dəyərli qardaşlarım, siz bunu onsuz da, qəlblərinizdə davam etdirirsiniz. Millətimiz ölkəsinə, azadlığına elə möhkəm bağlıdır ki, könlümüz razı olmadı. Finalı burada, Ankarada təşkil etmək istədik. Demokratiyanın keşiyi sadəcə meydanlarda çəkilməz. Bunu evinizdə, iş yerinizdə, qəlblərinizdə davam etdirin”.
Türkiyə prezidenti qeyd edib ki, ABŞ Türkiyə ilə Fətullah Gülən arasında seçim etməlidir.
