|
Problemli kreditlər bankları da, vətəndaşları da çökdürdü
Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il iyulun 1-nə 1 539,8 mln. manat təşkil edib. Bu, nominal həcmin yeni tarixi rekorda çatması deməkdir. Sonuncu rekord isə iyunun 1-də qeydə alınıb.  Azərbaycan Mərkəzi Bankının verdiyi xəbərə görə, iyunun 1-nə olan analoji göstərici ilə müqayisədə problemli kreditlərin həcmi 25,6 mln. manat və ya 1,69%, 2016-cı ilin əvvəli ilə müqayisədə 31,3 mln. manat və ya 2,07% artıb.

“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, problemli kreditlərin xeyli hissəsini bank sahibləri və bankı idarə edən şəxslər özləri yaradıblar: “Özlərinə yaxın şirkətlərlə, öz şirkətlərinə kreditlər veriblər, o kreditlər də qayıtmır. Bəziləri şapka da alıblar, rüşvət də alıblar, bəziləri isə öz biznesləridir. Əlbəttə, bir qismi də onlarla bağlı olmayan digər müştərilərdir ki, götürdükləri kreditləri qaytara bilmirlər. Bu mənada dövlət qurumları və Maliyyə Bazarlarına Nəzarət Palatası hər bir bankda yoxlama keçirməlidir, müəyyən etməlidir ki, banklar hansı problemli kreditlər üzrə məhkəmədə iddia qaldırıblar, hansılar üzrə qaldırmayıblar. Təbii ki, əgər kreditin qaytarılmaması bankdan qaynaqlanırsa, həmin kredit üzrə ya məhkəmə işi qaldırılmayıb, ya da formal olaraq qaldırılıb. Bu hallar harada müşahidə olunarsa, həmin bank rəhbərliyini palata vəzifəsindən azad etməlidir, banka müstəqil idarəçiləri cəlb etməlidir. Onlar ilk növbədə həmin problemləri qaytarmalıdır. Həmin kreditlər üzrə rüşvət və qanun pozuntuları aşkarlanmalı və bank rəhbərlərinə təklif olunmalıdır ki, ya həmin borcu bağlasınlar,  ya da onların haqqında  cinayət işinə başlanacaq. Mən sizi əmin edirəm ki, bu, həyata keçirilsə, problemli kreditlərin ən azı yarısı bağlanacaq”. 
 
Ə.Həsənov vətəndaşlara məxsus problemli kreditlərlə bağlı güzəştlərin tətbiq edilməsini vacib saydı:“Problemli kreditlərin bir qismi  isə vətəndaşlara verilən kreditlərlə bağlıdır ki, onları qaytara bilmirlər. Belə kreditlər üzrə də dövlət tədbirlər görməlidir. İlk növbədə onlara tətbiq edilən güzəştləri müəyyənləşdirməlidir. Dollar kreditidirsə, məzənnədə güzəşt olunmalıdır. Yəni dollar arta-arta gedir, vətəndaşa deyirlər, gəl borcunu ödə. O da deyir ki, bu kurs daim qalxacaq, mən ömrümün sonuna qədər bu krediti verməliyəm? Bu səbəbdən bir ortaq kurs müəyyən olunmalıdır. Mən əminəm ki, bu halda əksər borclular borclarını qaytaracaqlar. Yenə də bəzi borclar qalacaq ki, onları təkcə məzənnədə güzəşt etməklə qaytarmaq mümkün deyil, yəni milli valyutada olsa da vətəndaşın imkanı yoxdur, müflis olub, iş yerini itirib. Bu kreditlər silinməlidir. Bütün qabaqcıl Avropa təcrübəsində o kreditlər silinir, o vətəndaşların siyahısı müəyyən edilir, onlar bir neçə il heç yerdən kredit ala bilməməlidir.  Bu halda bankların da işləri asanlaşacaq”. 

Ə.Həsənov vurğuladı ki, bu sahədə həm də maliyyə ombudsmanının yaradılmasına ehtiyac var:“Ombudsman banklarla borclular arasında problemləri həll edən bir şəxs olmalıdır. Bir çox ölkələrdə bu institut var, bizdə də buna ehtiyac var. Bütün bu deyilənlər tətbiq olunsa, problemli kreditlər xeyli dərəcədə azalacaq”. 
 
 
İqtisadçı ekspert Vüqar Bayramov da güzəştlərin tətbiq edilməsini vacib saydı: “Problemli kreditlərin həcminin artacağı gözlənilən idi. Çünki nəzərə alsaq ki, manatın 2 devalvasiyasından sonra xarici valyutada olan kreditlərin həcmi artdı. Bununla əlaqədar, kreditlərin qaytarılması ilə bağlı problemlər müşahidə olundu. Bu problemlərin yaranması təkcə manatın devalvasiyası ilə deyil, eyni zamanda bankların təklif etdikləri kredit faizlərinin həddindən artıq yüksək olması ilə bağlı idi. Sözsüz ki, devalvasiya kreditlərin geri qaytarılmasına çətinliklər yaratdı. Lakin çox təəssüf ki, bankların yüksək faizlərlə kredit verməsi, ancaq kreditlərlə yüksək gəlir əldə etmək niyyətləri nəticə etibarilə problemli kreditlərin artmasına səbəb oldu. Bu problemi yumşaltmaq üçün bir çox addımların atılmasına ehtiyac var. Mən birinci devalvasiyadan sonra da Mərkəzi Banka müraciət etmişdim ki, xarici valyutada verilən kreditlərə güzəştlər tətbiq edilsin. Mən təklif edirdim ki, devalvasiyadan yaranan fərq 3 tərəf arasında - bank, Mərkəzi Bank və kredit alan arasında bölünsün. Lakin təəssüf ki, belə güzəşt tətbiq olunmadı. Bu tip güzəştlərin tətbiq edilməməsi nəticədə problemli kreditlərin həcminin sonradan da artmasına gətirib çıxartdı. Kredit götürən bəzi vətəndaşlar sonradan onu qaytara bilmədilər. Hesab edirəm ki, Mərkəzi Bank, Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası güzəştlər həyata keçirməlidir, bu, olduqca vacibdir”. 

İqtisadçı ekspert bu sahədəki problemlərin həlli ilə məşğul olan agentliyin yaradılmasını da təklif etdi:“Digər tərəfdən, ABŞ-da 2008-ci il qlobal maliyyə böhranından sonra problemli kreditlərlə bağlı atılan addımlara diqqət yetirsək, orada xüsusi bir agentlik yaradıldı və bu agentlik birbaşa problemli kreditlərin və problemli aktivlərin həll edilməsi ilə məşğul oldu. Düşünürəm ki, bizdə də ABŞ-dakı kimi belə bir qurumun yaradılmasına ehtiyac var. Təbii ki, bunun mexanizmlərinin işlənib hazırlanmasına, daha sonra tətbiq edilməsinə ehtiyac var. Güman edirəm ki, ABŞ təcrübəsi Azərbaycanda problemli kreditlərin həllinə ciddi dəstək verə bilər. Kredit faizlərinə yenidən baxılmasına və tənzimlənməsinə ehtiyac var. Kommersiya bankları bu qədər problemli kreditlərin olmasına baxmayaraq, yenə də ənənəvi uğursuz siyasətini davam etdirməyə çalışır. Söhbət yüksək faizlərdən və qısa zamanda gəlir əldə etmək kimi problemli kreditlərin artmasına səbəb olan siyasətdən gedir. 
 
Eyni zamanda Rusiya təcrübəsində olduğu kimi, vətəndaşlara müəyyən güzəşt müddətinin verilməsini təklif edirik. Yəni vətəndaşın borcu qaytarmaq imkanı yoxdursa, yaxşı olar ki, həmin kreditlərə faiz hesablanmasın, bu zaman yaranan fərqi dövlət ödəsin, vətəndaşa isə krediti qaytarması üçün iki il vaxt verilsin. Yəni problemin həlli yolu var. Maliyyə Bazarlarına Nəzarət Palatası bu təklifləri nəzərə alaraq problemli kreditlərin sağlamlaşmasına nail ola bilər. Bunun üçün kompleks addımların atılmasına ehtiyac var". 
Cia.az