|
İran-Azərbaycan əlaqələri yeni məcraya qədəm qoyur
İran prezidentinin Azərbaycana səfəri zamanı prezidentlər İlham Əliyev və Həsən Ruhaninin iştirakı ilə Azərbaycan-İran arasında bir sıra sənədlər imzalandı. Həmin sənədlər iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığa yol açacaq.

İmzalanan bu sənədlərin iki ölkə üçün faydaları barəsində “Yeni Müsavat”a Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, deputat Fazil Mustafa danışıb. O bildirib ki, bu görüş yeni bir situasiya yaradıb:“Xüsusilə də bu,  Rusiya, Azərbaycan və İran münasibətlərinin iqtisadi zəmində inkişafı baxımdan çox faydalı bir hadisədir. Çünki indiyə qədər arada daha çox siyasi uzlaşma ilə bağlı problemlər var idi. Bunu əsasən də Xəzərin statusu və digər bu kimi məsələlərdə görmək olurdu.  İlk dəfə idi ki, üç ölkə vahid  bir layihə üzərində razılığa gəldilər. Bu, iqtisadi cəhətdən də uğurludur və  daşınmaların sürətləndirilməsinə səbəb olacaq. Xüsusilə də bu layihə Rusiya üçün çox əlverişlidir. İran üçün də  sanksiyalardan sonra proseslərə, iqtisadi inteqrasiyaya qoşulma imkanı əldə olunacaq. Bütün bunlar dövlətlərin siyasi cəhətdən də bir-birilərinə yaxınlaşmasına gətirib çıxara bilər. Bu baxımdan da hesab edirəm ki, çox ciddi bir tarixi hadisə baş verdi. Müəyyən siyasi proseslərə münasibətlərimiz nə qədər fərqli olursa-olsun, bu iqtisadi yaxınlaşma bir çox hallarda çözülməz problemləri də müəyyən dərəcədə normal yekunlaşdırmağa imkan verir”. 
 
F.Mustafa bildirib ki, layihəni hər üç tərəf üçün əlverişli saymaq olar: “Eyni zamanda bunun Azərbaycan iqtisadiyyatı üçün də çox böyük faydası var. O baxımdan ki, əvvəla, bizim dəmir yolu xəttimiz İranla beynəlxalq  inteqrasiyaya qoşulma baxımından çox böyük bir avantaj əldə edəcək.  Azərbaycanın tranzit ölkə olaraq müəyyən faydasına görə, siyasi problemlərin çözülməsində Rusiya tərəfindən daha yumşaq yanaşılma  müşahidə olunacaq.  Çünki iqtisadi cəhətdən əlverişli tərəfdaşa qarşı çətinlik yaradılması Rusiyanın maraqlarına uyğun olmayacaq. Bu baxımdan da belə bir inteqrasiyanın olması vacibdir. İran da təcridolunma vəziyyətindən çıxaraq, Rusiya vasitəsilə gələn yüklərin Hindistana ötürülməsi, Hind okeanına çıxarılması nəticəsində həm daşınma xərclərini iki dəfə aşağı salır, həm də daşınan malların qiymətinin əlverişli olmasını təmin edir”.

Politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə isə Azərbaycan tərəfi hər zaman çalışıb ki, İranla münasibətləri yaxşı saxlasın: “Ancaq ötən illər ərzində bu istiqamətdə  İran bizə adekvat cavab verməmişdi. Həsən Ruhaninin dövründə isə fərqli münasibətlər quruldu və bu zaman kəsiyində Azərbaycanla İran arasında 18 müqavilə imzalanıb. Bakıda imzalanan müqavilələr içərisində ən uğurlusu "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə bağlıdır. Astara-Rəşt dəmir yolunun tikintisi istiqamətində müvafiq razılığa gəlinməsi də böyük uğurdur. Əgər Ruhani hökuməti Azərbaycandan kredit götürürsə, bu, ölkəmizə böyük etimad və inam deməkdir. Bütün bunlar  iqtisadi, kommunikasiya əlaqələrinin güclənməsinə səbəb olacaq. Bu baxımdan, hesab edirəm ki, İranla Azərbaycan arasında imzalanan sənədlər kifayət qədər üstün əhəmiyyətə malikdir. Sənədlər bundan sonra hələ 50-60 il də iki ölkə arasındakı münasibətlərin normal vəziyyətdə qalmasına xidmət edəcək”.
 
Politoloq bildirib ki, Ruhaninin komandasının içərisində Azərbaycanla bağlı müəyyən fikir ayrılığında olanlar da var: “Onun üzərinə olan hücumlardan biri də Azərbaycanla bağlıdır ki, guya o bizim vasitəmizlə Qərblə əlaqə qurmaq istəyir. Lakin əslinə baxanda Ruhani çox real və praqmatik siyasət aparır. Hesab edirəm ki, Azərbaycanla İran arasında bu gün görülən işlər çox əhəmiyyətlidir.  Üçtərəfli görüşün əhəmiyyətlərindən biri budur ki, bütün dünya Azərbaycanın müstəqil geosiyasi oyunçuya çevrilməsinin şahidi oldu. Əsas geosiyasi sabitlikdir ki, bu da bizdən çox Avrasiya materiki üçün lazımdır. Dünyada belə bir deyim var ki, kim Avrasiya materikinin sahibidirsə, dünyanın da sahibidir. Yaxud da Avrasiya materikində proseslər necə gedəcəksə, dünyada da o cür gedəcək. İlham Əliyev Avrasiya materikində ən böyük potensial gərginliyin qarşısını aldı”.
musavat