|
“Ərdoğana qarşı yeni planlar hazırlana bilər”
Türkiyə hakimiyyəti, şəxsən prezident Rəcəb Tayyib Ərdoğan hərbi çevriliş cəhdinin qarşısını ala bildi. 15 iyuldan keçən bir aya yaxın vaxtda Türkiyə minlərlə həbs həyata keçirilib və proses davam edir. Prezident Ərdoğan özünün elan etdiyi kimi, Fətullah Gülənə bağlı heç bir şəxsi, heç bir təşkilatı bağışlamaq niyyətində deyil. 

Təhlükə mənbəyi hesab edilən bütün nöqtələrin sıradan çıxarılmasında israrlı görünür. Ərdoğan bəyan edib ki, onların kökü kəsilməlidir ki, bir daha Türkiyəyə qarşı hansısa planlar qura bilməsinlər, qurulan planları həyata keçirmək mümkün olmasın. 

Bəs bu, mümkün olacaqmı; Ərdoğan hərbi qiyamı durdura bildi, bundan sonra hansısa məkrli planlar hazırlana və reallaşdırılma cəhdləri ola bilərmi? Olacağı halda planların da qarşısını almağı bacaracaqmı? 
 
Politoloq Qabil Hüseynli bildirdi ki, Türkiyəyə, eləcə də Ərdoğana qarşı hansısa planlar olub, bundan sonra da olacağı istisna deyil. Sadəcə olaraq, bu cür planların həyata keçirilib-keçirilməməsi xeyli dərəcədə Ərdoğanın həm ölkə daxilində, həm xaricində yeridəcəyi siyasətlə bağlı olacaq: “Bu siyasət əgər sırf Türkiyənin maraqlarına uyğun aparılacaqsa, əlbəttə, Ərdoğanın siyasəti uğur qazanacaq. Əgər yenə də ölkə daxilində xüsusilə dini cameənin siyasətə müdaxiləsi, az qala aparıcı bir siyasi qüvvəyə çevrilməsi prosesi gedəcəksə, din siyasətdən ayrıdır prinsipi həyata keçirilməyəcəksə, Atatürk siyasi sistemi gözardı ediləcəksə, Türkiyədə yenə də müəyyən çalxalanmalar olacaq. 
 
Belə vəziyyətdə isə Ərdoğana qarşı olanlar öz planlarını həyata keçirməyə çalışacaqlar. İyulun 15-də çevrilişə cəhddən sonra onsuz da Atatürkçü siyasi sistemə güclü zərbə vurulub. Atatürkçü siyasi sistemin dayağı olan ordu əvvəlki gücünü itirib, gücsüzləşdirilib və cəmiyyətdəki əksər hüquqlarında məhrum duruma düşüb. Bu gün ordu baş qərargaha deyil, Müdafiə Nazirliyinə tabe edilərək o şəkildə fəaliyyət göstərir. Ərdoğanın özü həm baş qərargaha, həm də orduya rəhbərlik edir. 
 
Əvvəl də onsuz da baş komandan idi, amma indi baş qərargah prezident yanında xırda bir quruma çevrilib. Eləcə də MİT də prezident yanında kiçik bir quruma çevrilib. Bu cür islahatlar ordunun fəaliyyətinə zərər verməyəcəksə və Türkiyənin maraqlarına xidmət edəcəksə, bunu təqdir etmək lazımdır. Türkiyədəki narazılıqların kökündə dayanan səbəblərdən biri son illərdə Türkiyənin Atatürkçü dünyəvi sistemdən müəyyən qədər uzaqlaşması olub. Diqqət etdinizsə, CHP lideri Kamal Kılıçdaroğlu 7 avqustdakı mitinqdə Atatürk sisteminin qorunmasının vacibliyi məsələsinə toxundu. Ərdoğan isə çıxışında söylədi ki, heç nə əvvəlki kimi olmayacaq, hər şey sıfırdan başlanacaq. Ərdoğan hər şeyi sıfırdan başlayıb yeni bir dövlət qurmaq fikrindədir. Bunun hansı nəticələrinin olacağını isə zaman göstərəcək. İstisna deyil ki, qardaş ölkəni qarşıda hələ ciddi proseslər, kataklizmlər gözləyir”. 
 
Politoloqun fikrincə, Ərdoğanın Rusiya ilə sıx yaxınlaşması da ona qarşı yeni planların hazırlanmasını tətikləyə bilər: “Ərdoğan Rusiya prezidenti Putinlə görüşdü. Türkiyə iqtidarının Rusiya ilə çox yaxın işbirliyinə gedəcəyi gözlənilir. Türkiyənin Rusiya ilə birlikdə hansısa hərbi birlik formalaşdıracağı və NATO-dan çıxacağı haqda şayiələr də gəzir. Şübhəsiz ki, bütün bunlar Qərbi, ABŞ-ı heç də razı salmayacaq. Türkiyədəki çalxalanmalar dövrü, siyasi kurs axtarışı dövrü, daxildə siyasi sistemin təkmilləşdirilməsi prosesi, məncə, hələ bitməyib. Bitmədikcə, ən müxtəlif təhlükələr, planların gerçəkləşdirilməsi cəhdlərinin olması ehtimalı da qalır. Bir sözlə, Türkiyənin hələ tam sabit bir xəttə oturduğunu söyləmək çətindir”. 
musavat