|
Əhalinin manat əmanətləri artıb?
İyun ayında banklarda əhalinin əmanətləri 195 milyon manat artaraq 7 milyard 761 milyon manat təşkil edib. Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, bu, ilin əvvəlindən əmanətlərin ilk artımıdır. Beş ayda əmanətlər 20,14 faiz və ya 1 milyard 908 milyon manat azalıb.

Əmanət artımı hökumətin ləğv edilən “Zaminbank”, “Parabank”, “Dekabank” və “Kredobank”ın əmanətçilərinə kompensasiya verilməsi üzrə addımları ilə eyni vaxta düşüb. Bu, dövlətin öhdəliyini ödəyəcəyinə etimadın artmasından xəbər verir. 2015-ci ildə  əhalinin əmanətləri 4 milyard 422,4 milyon manatdan 1 milyard 420,2 milyon manata qədər azalıb. Əmanətlər əsasən valyutaya konvertasiya edilib. 2015-ci ildə əhalinin valyuta əmanətləri 3 dəfə artaraq 8 milyard 053,7 milyon manat təşkil edib. Hazırda valyuta əmanətləri bütün əmanətlərin 85 faizidir.
 
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı bildirib ki, Əmanətlərin Sığortalanması Fondu yalan deyir, iyunda əmanətlərin həcmi artmayıb, əksinə, yenə azalıb. “Fond deyir ki, guya iyunda banklarda əhalinin əmanətləri 195 milyon manat artaraq 7,761 milyard manat təşkil edib. Həqiqətən də iyunun 1-nə 7,5659 milyard manat əmanət var idi. Fərq doğrudan da 196 milyon təşkil edir. Amma bu fərq əmanət artımının deyil, devalvasiyanın nəticəsidir. Belə ki, mayın 31-də 1 dollar 1,4906 manata, iyulun 1-də isə 1,5425 manata bərabər idi. Yəni iyunda devalvasiya 0,0519 manat və ya təxmini 3,5 faiz təşkil edib”, - deyə ekspert bildirib.
 
Devalvasiyanın əmanətlərin manat ekvivalentinə necə təsir etməsindən danışan ekspertin sözlərinə görə, fond özü də etiraf edir ki, hazırda valyuta əmanətləri bütün əmanətlərin 85 faizidir: “Yəni əmanətlərin 6,59685 milyard manatı əslində dollarda və ya avrodadır, yalnız 1,16415 milyard manatı bilavasitə milli valyutadadır. Bu isə o deməkdir ki, xarici valyutada olan əmanətlər mayın 31-də 4,42563 milyard dollar təşkil edirdi. İyulun 1-də isə devalvasiya nəticəsində həmin dollar məbləği artıq 6,82654 milyard manata bərabər idi. Yəni 4,42563 milyard dollar mayın 31-də 6,59685 milyard manat, iyulun 1-də isə 6,82654 milyard manat ekvivalentinə bərabər olub. Fərq 230 milyon manata yaxındır. Yəni devalvasiyaya uyğun təxmini 3,5 faizdir. Fond isə deyir ki, guya iyunda əmanətlər 195 milyon manat artıb. Əslində isə həmin 195 milyon 230 milyon manatın tərkibindədir, yəni sadəcə, devalvasiyanın nəticəsidir. Bəs qalan 35 milyon manat hanı? Həmin məbləğdə əmanətlər iyunda banklardan çıxarılıb. Beləliklə, iyunda əmanətlər artmayıb, əksinə, 35 milyon manat azalıb”.
 
Ə.Həsənovun sözlərinə görə, fondun yalanı yalnız bundan ibarət deyil: “Fond deyir ki, yalançı ”əmanət artımı" hökumətin ləğv edilən dörd bankının əmanətçilərinə kompensasiya verilməsi üzrə addımları ilə eyni vaxta düşüb və guya bu, dövlətin öhdəliyini ödəyəcəyinə etimadın artmasından xəbər verir. Halbuki sözügedən 4 bank iyulun 21-də bağlanıb, əmanətlərin kompensasiyası isə avqustun 1-də başlanıb. İyulda və avqustda olan bu proseslərin iyuna təsiri necə ola bilərdi axı? Bu, heç yalan da deyil, cəfəngiyyatdır. Fondun əmanətlərin çıxarılması prosesinin və beləliklə də öz gəlirlərinin azalmasının qarşısını almaq istəyi başadüşüləndir. Amma bunu yalan məlumatlar və cəfəng mülahizələrlə etmək olmaz. Onsuz da iyulda 4 bankın bağlanması bank sisteminin yaxında özünə gələcəyinə ümid edənləri sarsıtdı. Fondun bu yalanları isə əmanət bazarını tam öldürə bilər. Çünki ifşanın nəticəsi daha ağır olur, bank sisteminə etimad tam aradan qalxır. Fond belə addım atırsa, deməli, vəziyyət bildiyimizdən də ağırdır. Belə şəraitdə vətəndaşlara heç tövsiyə də lazım deyil. Onlar banklara etimad etməyəcək, əmanət qoymayacaq, olanı da geri çəkəcək. Necə ki, bu ilin beş ayında əmanətlər 20,14 faiz və ya 1,908 milyard manat azalmışdı və iyunda da azalıb. Bank sistemimiz olduqca ağır vəziyyətdədir. Qanunsuzluq, korrupsiya, səriştəsizlik, qeyri-şəffaflıq və digər mənfi hallar bu sistemi bürüyüb, bank sahibləri və idarəçiləri bankları talayır. Bank nəzarəti və pul siyasəti isə nəinki bərbad, ümumiyyətlə, iflic vəziyyətdədir. İlin əvvəlindən 10 bank bağlanıb və orada əhalinin milyonlarla vəsaiti batıb. Sığortalanan əmanətlər də çətinliklə və pozuntularla qaytarılır. Başda guya “sağlamlaşdırılan” “Bank Standard” olmaqla, bəzi banklar ümumiyyətlə əmanətləri qaytarmır". 
Cia.az