Türkiyə taleyüklü tarixi mərhələdən keçir. Qardaş ölkənin dövləti və vətəndaşları öz tarixlərinə yeni şanlı səhifələr yazmaqda davam edirlər. Avqustun 7-də İstanbulun Yeni Qapı ərazisində keçirilən kütləvi mitinq də həmin şanlı tarixi səhifənin növbəti nümunəsi idi. Bu mitinqdən kifayət qədər ciddi nəticələr çıxartmaq mümkündür.
Məsələ ondadır ki, Türkiyə mənbələrinin məlumatına görə, isti hava şəraitinə baxmayaraq, bu mitinqdə 3 milyondan çox insan toplaşmışdı. Həm də toplaşanlar müxtəlif siyasi-ideoloji dünyagörüşünün təmsilçiləri idilər. Və onların hamısı Türkiyə dövlətinin müdafiəsi, mövcudluğunun qorunması üçün bir araya gəlmişdi.
Önəmli nəticədir. İllərlə Türkiyə cəmiyyəti Qərbə bağlı siyasi mərkəzlər tərəfindən parçalanma, qarşıdurma mühitinə doğru sürüklənməyə çalışıldı. Ancaq son mitinq bu cəhdlərin iflasa uğradığını göstərdi.

Bəli, 7 avqust mitinqi Türkiyənin Qərbdəki bədxahları üçün əsl gözdağı idi. Çünki onlar onilliklər boyu qurduqları oyunların, reallaşdırdıqları ssenarilərin, bir Türk dövlətini içəridən işğal etmək planlarının necə boşa getdiyini öz gözləri ilə gördülər. Və yəqin ki, indi çaşqınlıq, məyusluq içərisindədirlər.
Təbii ki, bu nəticənin ortaya çıxmasında siyasi lider faktoru da böyük önəm daşıyır. Ona görə də, bu tarixi günlərin zəfər payından Türkiyə vətəndaşları ilə yanaşı, dövlətin siyasi liderinin - prezident Rəcəb Tayyib Ərdoğanın da aktivinə yazılmış oldu.
Əslində buna tamamilə haqqı çatır. Hər halda, o, hərbi çevriliş cəhdinin ilk saatlarında, tankların küçələrə hakim kəsildiyi anlarda sərgilədiyi örnək davranışla bu zəfərin əsas müəlliflərindən birinə çevrilmişdi.
Məsələ ondadır ki, həmin anlarda hər kəs ölkədə nə baş verdiyini, nə etmək lazım olduğunu anlamağa çalışdığı halda, Türkiyə prezidenti artıq hərbi çevriliş cəhdinə qarşı konkret addımlar atmağa başlamışdı. Halbuki analoji situasiyalarda siyasi liderlərin tamamilə fərqli davranışlarının da örnəkləri mövcuddur.

Məsələn, adətən hərbi çevriliş cəhdi ilə üzləşən dövlət liderləri ölkədən qaçmağa və ya gizlənərək, qeyri-leqal fəaliyyət göstərməyə üstünlük verirlər. Bu baxımdan, prezident Ərdoğanın da qarşısında 3 seçim variantı var idi: o, ya ölkədən qaçmalı, ya gizlənməli, ya da ki, meydana çıxıb, açıq şəkildə müqavimət göstərməliyid.
Prezident Ərdoğan da məhz 3-cü və özü üçün ən təhlükəli variantı seçdi. Xalqa müraciət etdi, meydanlara çağırdı. Həm də yalnız xalqı tankların qarşına çıxmağa çağırmaqla işini bitmiş hesab etmədi. Özü də öndə oldu, xalqa liderlik etdi.
Təyyarəsinin havada vurulma ehtimalının real olduğunu bildiyi halda, tərəddüd etmədən İstanbula yol aldı. Və bununla da sevənləri ilə yanaşı, əleyhinə olanların da rəğbətini qazandı. Sübut etdi ki, yalnız tərəfdarlarının deyil, bütün Türkiyənin siyasi lideridir.
Mitinqin belə möhtəşəm olmasının əsas səbəbi də elə bu önəmli faktorla bağlıdır. Çünki siyasi-ideoloji dünyagörüş fərqliliyinə baxmayaraq, insanlar meydana toplaşarkən AKP hakimiyyətinin deyil, məhz Türkiyə dövlətinin mövcudluğunu dəstəklədiklərinə əmin idilər.
Demək ki, prezident Ərdoğan Qərbə bağlı siyasi mərkəzlərin illərlə parçalamağa çalışdığı Türkiyə cəmiyyətinin bütün təbəqələrini birləşdirməyə nail olmuşdu. Hətta bunun üçün müəyyən siyasi fədakarlıqlardan belə, çəkinməmişdi.
Məsələ ondadır ki, vaxtilə münasibətləri kəskin olan və öz çıxışlarında təhqiramiz ifadələrə yol vermiş əsas leqal siyasi rəqiblərinə qarşı açdığı məhkəmə iddialarının hamısını geri çəkdi, onların təhqirlərini bağışladı. Bununla da kifayətlənmədi. Tanrıdan və xalqından açıq mətnlə üzr dilədi: “Bu xainləri vaxtında zərərsizləşdirə bilmədiyim üçün üzgünəm. Buna görə Rəbbimdən və millətimdən üzr diləyirəm”.
Ardınca daha bir önəmli məqama təmas etdi və bəzi gözlənilməz etirafları ilə Türkiyə cəmiyyətini rahatlatdı: “Vaxtilə Gülən camaatına rəhmətlik Özal, Dəmirəl, Ecevit və hətta mən də müsbət yanaşdıq. Onların əleyhinə çıxan yalnız Ərbakan oldu”.
Önəmli etirafdır. Bir tərəfdən, özünün yanlış yapdığını gizlətmir. Digər tərəfdən isə bu şəbəkənin 40 il ərzində Türkiyə dövlətinin içinə hopmasında heç kəsin ehtimal vermədiyi kəslərin də suçlu olmasıyla bağlı həqiqətləri gündəmə gətirir. Yəni son 40 illik keçmişə yeni baxış variantı təklif edir. Üstəlik, mövcud situasiyadan çıxış yollarını da göstərir: “Dövləti sıfırdan başlamaqla, yenidən quracağıq”.
Təbii ki, Türkiyə kimi Qərbə meydan oxumaq səviyyəsinə gəlmiş bir nəhəng dövləti yenidən qurmaq asan məsələ deyil. Bunun üçün xalqın qeyd-şərtsiz dəstəyi lazımdır. Həmin dəstəyi isə bir neçə milyonluq mitinq sayəsində özü üçün təmin etdi. Yəni həmin mitinq həm də yeni Türkiyənin qurulmasına xalqın birmənalı dəstəyinin əlaməti hesab oluna bilər.
Belə anlaşılır ki, prezident Ərdoğan sonuncu mitinqlə əldə etdiyi kütləvi dəstək hesabına elə həmin meydandaca yeni Türkiyənin təməlini atmış oldu. Bu dəstək mitinqində hətta onun əsas leqal siyasi rəqibləri - CHP və MHP də öz liderləri ilə birlikdə yer aldı.
Hədəf yeni Türkiyənin qurulması prosesinin 2023-cü ilə qədər yekunlaşdırmaqdır. Əlbəttə, Türkiyənin Qərbdəki və daxildəki bəzi bədxahları bu hədəflərin qarşısında yer alacaqlar, əngəl törətməyə çalışacaqlar. Ancaq Yeni Qapı mitinqinə toplaşan milyonların dəstəyi itirilmədikcə həmin bədxahların bu böyük hədəfə əngəl törədə biləcəkləri o qədər də inandırıcı görünmür.
Cia.az
