|
Parlamentdə azlıqda olan partiyalarda referendum passivliyi
Hakim Yeni Azərbaycan Partiyasından başqa parlamentdə təmsil olunan heç bir partiya konstitusiyaya dəyişikliklər edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar təşəbbüs qrupu yaratmadılar. YAP istisna olmaqla, digər parlament partiyalarında referendumla bağlı passivlik müşahidə edilir.

Təşəbbüs qrupunun nədən yaradılmaması barədə “Yeni Müsavat”ın sualına Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa cavab verib. Onun dediyinə görə, referenduma çıxarılan məsələlər bəllidir və vətəndaşlar xüsusi izahat olmadan da seçimlərini edə biləcəklər: “Referenduma təqdim olunan maddələr bəllidir. Vətəndaşlar lehinə və ya əleyhinə mövqe ifadə eləyə bilər. Ona görə də bunu hansısa formada təbliğ eləməyin xüsusi bir adı yoxdur. Yəni bu, vətəndaşın öhdəsinə buraxılan, izaha xüsusi ehtiyacı olmayan sadə məsələlərdir, vətəndaş seçimini rahatlıqla edə bilər. Bunun nəyinin izahını vermək lazım olduğunu söyləmək çətindir. Biz fikirlərimizi cəmiyyətə açıqladıq; orada müəyyən müddəalar var ki, onlar gələcəkdə narahatçılıq yarada bilər. Torpaq üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması, parlamentin səlahiyyətinin məhdudlaşdırılması kimi məsələlər narahatçılıq yarada bilər. Digər məsələlərlə bağlı vətəndaşlara xüsusi izah edilməli narahatedici məqamlar hesab edirik ki, yoxdur. Onu da deyim ki, yay aylarında partiya strukturlarının aktiv fəaliyyət göstərmədiyi bir vaxtda referendumla bağlı xüsusi təbliğat işi aparmağın özü çətindir. Bütün bunlara görə də biz prosesin özündə fəal vətəndaş kimi iştirak etməyi düşünürük, gedib səs verəcəyik və partiya üzvlərini də səsvermədə iştirak eləməyə çağıracağıq. Burada partiyalar arasında seçki mübarizəsi, proseduru da yoxdur ki, partiya olaraq səfərbər olaq. Biz prinsipcə referenduma təklif edilən əksər müddəaların əleyhinə deyilik. Biz narahat olduğumuz bir-iki maddə ilə bağlı fikirlərimizi cəmiyyətə çatdırmaqla kifayətlənirik”.
 
 
Referendumdan sonra ölkədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilib-keçirilməyəcəyinə gəlincə, Fazil Mustafa dedi ki, növbədən kənar seçkilərin keçiriləcəyi haqda məlumata malik deyil: “Məlumatım yoxdur. Amma proqnozlaşdırılan odur ki, prezident seçkilərinin keçirilməsi ehtimalı var. Çünki konstitusiyada prezidentliyə aid olan statuslar, müddətlər dəyişilir. Parlament seçkilərinin keçiriləcəyi ehtimalının isə olmadığını düşünürəm. Çünki parlament yenicə formalaşıb. Digər tərəfdən də eyni vaxtda həm parlament, həm prezident seçkilərini keçirmək özü bir problemdir. Yeni parlament seçkiləri keçirilib, nəticələr beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Belə bir vaxtda təzədən seçki keçirməyin məntiqi izahı yoxdur. Amma əgər keçirilərsə biz də bir partiya kimi seçkilərdə iştirak edəcəyik”.    
 
YAP və Müsavat Partiyası isə yaratdıqları təşəbbüs qruplarının təşviqat qrupu kimi Mərkəzi Seçki Komissiyası tərəfindən rəsmi qeydə alınması üçün ölkə ərazisində imzatoplama işini davam etdirirlər. Hər iki partiyaya MSK imza vərəqələrini ötən həftə verib. Hər təşviqat qrupunun qeydə alınması üçün azı 40 min seçici imzası olmalıdır. 
MSK-dan verilən məlumatda isə deyilir ki, dünəndən Milli Məclisin mətbəəsində səsvermə bülletenlərinin çapına başlanıb. MSK sədri Məzahir Pənahov  bildirib ki, referendumla bağlı səsvermə bülletenlərinin mətni, forması, say və hazırlanma qaydalarına dair tələblər MSK tərəfindən müəyyənləşdirilib və 5 milyon 280 min 924 ədəd bülleten çap olunması qərara alınıb.
 
Səsvermə bülletenləri çap olunaraq qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə MSK-dan dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına veriləcək. Eyni sayda bildiriş də çap olunacaq.
M. Pənahov bildirib ki, ilkin olaraq bülletenlər ucqar dairələrə göndəriləcək.
Bülletenlərin çapı prosesinin mühafizəsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.

2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) kütləvi informasiya vasitələrində referendum qabağı təşviqat aparmaq məqsədilə üzvlərinin sayı 40 min və daha çox olan referendum üzrə təşviqat qruplarına referenduma çıxarılan məsələlərin lehinə və əleyhinə təşviqat aparmaqdan ötrü aşağıda göstərilən kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq: İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan” qəzeti, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzeti.
 
MSK-dan verilən məlumata görə, yuxarıda göstərilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları referendum qabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları referendumun təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.
Cia.az