|
Yenikapı mesajları - Türkiyə yeni mərhələyə qədəm qoyur
Avqustun 7-də İstanbulda Türkiyənin yeni tarixində ən ciddi ictimai-siyasi hadisə baş verdi. Ölkə prezidentinin çağırışı ilə bütün ictimai-siyasi qrupları əhatə edən ümumxalq mitinqi baş tutdu. Rəsmi rəqəmlərə görə, 5 milyon insanın iştirak etdiyi “Demokratiya və şəhidlər” mitinqi 15 iyul hadisələrindən sonra çox ciddi bir hadisə oldu. 
 
Mitinq əvvəldən elan olunmuşdu və ölkənin bütün təbəqələri prezident Ərdoğan tərəfindən mitinqə dəvət olunmuşdu. Yalnız parlament partiyası, PKK-ya yaxın HDP-nin rəhbərliyi mitinqə dəvət olunmamışdı. MHP sədri Devlet Bahçeli, CHP sədri Kamal Kılıçdaroğlu da mitinqə dəvət olundu. Hətta bir neçə gün ana müxalifət partiyası mitinqə gəlməkdə tərəddüd etsə də, sonra o da qatılmaq qərarı verdi. 
 
Avqustun 7-də artıq günorta saatlarından İstanbulun Fatih rayonunda mitinqə gedən insanlar küçələrdə görünməyə başladı. Mitinq saat 5-ə elan olunsa da, artıq saat 2-3 radələrində insanlar artıq Yenikapıya doğru axışmağa başladı. Qadınlar, uşaqlar, yaşlılar, ailələr, ərəb, əfqan və digər əcnəbi xalqların nümayəndələrinin də gözə dəydiyi kütlə bu günkü Türkiyənin mənzərəsini yaradırdı. Dindarlar, ənənəvi dini geyimdə olan dini camaatlar öz dəstələri ilə gəlirdilər. Atatürk şüarları, “Allahu Əkbər” şüarları səsləndirən insanlar izdihamda yanaşı gedir və hər kəs çox rahat idi. Saat 3-də artıq izdihamlar bir neçə istiqamətdən Yenikapıya doğru axışaraq meydanı doldurmağa başlamışdılar. 
 
Meydanda və meydana gedən yollarda polis gözə dəysə də, böyük sayda polis çənbəri yox idi. Ancaq rəsmi məlumata görə, 15 min polis, eləcə də 15 minə yaxın mülki geyimli polislər meydanda əhalinin təhlükəsizliyini qoruyurdu. Lakin belə görünürdü ki, buna ehtiyac yox idi, çünki insanlar çox rahat, böyük izdiham olsa bir-birlərinə qarşı mehriban və hörmətlə davranırdılar. 
 
Saat 17-də başlayan mitinqdə əvvəlcə siyasi partiya liderləri, baş nazir, parlamentin spikeri və nəhayət, meydana helikopterlə gələn prezident Ərdoğan çıxış etdi. Və meydanda olan hər kəs bütün çıxışçılara eyni reaksiyanı verirdi. “Yenikapı” mitinqi uzun illərdən sonra Türkiyə cəmiyyətinin demək olar ki, bütün təbəqələrini həm fiziki, həm də fikri olaraq bir araya gəlməsi hadisəsi idi. Bütün liderlər birlik, bərabərlik mesajları verdilər. Əslində bu aksiyanın ən əsas tərəfi də o idi. Hər nə qədər Ərdoğan hakimiyyətinin güclnməsinə xidmət etsə də, iqtidar özü də siyasi vurğu demək olar ki, olmadı. Görünən odur ki, Ərdoğan bu dönəmdə xalqın bütün təbəqələrinin dəstəyini almaqla yeni dərin islahatlara getmək niyyətindədir. Bu məqsədlə də, indiki dönəmdə AKP siyasi ritorikanı daha çox ümummilli məsələlər üzərində qurub. Çünki bu mərhələdə Ərdoğana bütün kəsimlərdən dəstək almaq mühümdür. 
 
Çox maraqlıdır ki, indi Türkiyə cəmiyyəti də bu mövzuda hakimiyyətə, xüsusən də prezident Ərdoğana dəstək verir. Bunun ən bariz nümunəsi 7 avqust mitinqi olsa da, ümumilikdə qiyamdan sonra dövlətin bütün qanadlarının, fərqli siyasi görüş və cinahlarda olan şəxs və qruplar da Ərdoğana dəstək verir. Bu dəstək Türkiyə dövlət strukturlarının camaat ünsürlərindən təmizləməkdə hazırkı hakimiyyətə dəstək verməklə yanaşı yenidən strukturlaşmada dünyəvi respublika dəyərlərinin arxa plana atılmaması, yenidən qurulmanın bütün təbəqələrin iştirakı və dəstəyi ilə həyata keçirilməsi istəyi var. Bahçeli, Kılıçdaroğlu kimi siyasi liderlərin iqtidarın yanında dayanmasının əsas hədəfi də məhz hakimiyyətin Atatürkçü cizgidə davam etməsinə yön vermək idi. Görünən odur ki, indi hakimiyyət də bu xətti davam etdirməkdə mraqlıdır. Çünki bu, həm də xalqı bir tutmaq üçün çox mühümdür. 
 
Mitinqdə Ərdoğanın üzərində durduğu əsas mesaj yeni mədəniyyətlər səviyyəsinin üstünə çıxmaq idi. Türkiyə prezidenti bununla əsas mesajı Qərbə verir, Türkiyənin güclü dövlət olmaq, xarici təzyiqlərə tabe olmayacağını, daha əvvəlki kimi müsəlman dünyasının lider dövləti olaraq bölgədə sülhsevər, güclü bir ölkə olmaq yolunda davam edəcəyinə işarə idi. 
 
Eyni zamanda Türkiyənin daxili siyasi problemlərini həll edəcəyini və içinə qapılmış dövlət olaraq qalmayacağını, ölkə daxilində birliyi təmin edəcəyinə işarə idi. Türkiyə cəmiyyətinin indiki vəziyyətdə hakimiyyətə dəstəyinin arxasında da məhz bu istək dayanır. Bunu hakimiyyət də yaxşı anlayır və müsbət cavab verməyə çalışır. 
 
Yenikapı mitinqi Türkiyənin bir mənada yeni bir mərhələyə qədəm qoymasının elanı idi. Ərdoğanın “dövləti yenidən quracağıq” sözlərinin arxasında məhz bu mesaj dayanır. Türkiyə yenidən güclü dövlət cizgisində davam edəcək. 
 
Yeni Musavat