Ofisin daxili telefonları və interneti söndürülüb. İçəridə olan işçilərə kompüterə yaxınlaşmağa icazə verilmir
Bu gün təxminən 10.30 radələrində Baş prokurorluğun əməkdaşları AzadlıqRadiosunun Bakı bürosunda axtarışa başlayıblar.
"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azadlıq Radiosunun saytı yayıb. Axtarış haqda məhkəmə qərarı təqdim olunub. Ofisin daxili telefonları və interneti söndürülüb. İçəridə olan işçilərə kompüterə yaxınlaşmağa icazə verilmir.
Axtarışda prokurorluq əməkdaşlarının özləri ilə gətirdikləri hal şahidləri iştirak edir. Vəkil Yalçın İmanovun təkidindən sonra axtarışda iki radio əməkdaşının da iştirakı qoşulub.
***
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Report”a açıqlamasında məlumatı təsdiqləyib.
O bildirib ki, axtarış Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsinin əməkdaşları tərəfindən aparılır. Axtarış radionun əməkdaşı Xədicə İsmayılova barəsində açılmış cinayət işi ilə bağlı deyil. “Axtarış Ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlıdır”.
***
AzadlıqRadiosunun Bakı Bürosunun əməkdaşlarını prokurorluq əməkdaşları ofisdən çıxarıblar. Yalnız hal şahidlərinin iştirakı ilə ofisdə axtarış davam edir.
***
Prokurorluq orqanlarının əməkdaşları AzadlıqRadiosunun Bakı Bürosunda seyfi sındıraraq oradan radionun sənədlərini, möhür və blanklarını götürüblər.
***
Azadlıq radiosunun yaydığı məlumata görə, Prokurorluq işçiləri AzadlıqRadiosunun Bakıdakı ofisində axtarış işlərini başa vurub ofisin qapısını möhürləyirlər. Müstəntiq Sənan Paşayev möhürlənmə qərarını, aktın sürətini radionun təmsilçilərinə verməkdən imtina edir. Vəkil Yalçın İmanov bildirir ki, müstəntiq mühafizə üçün polis əməkdaşlarını çağırıb. Yəqin ki, qapılar möhürləndikdən sonra polisə təhvil veriləcək.
Müstəntiq yalnız onu bildirib ki, ola bilsin növbəti istintaq hərəkətləri üçün ofisə baş çəkəcəklər.
