|
Putinin Bakıya səfəri öncəsi Azərbaycan və Ermənistana mesajlarının pərdəarxası
Avqustun 8-də Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfər edəcək. Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü çərçivəsində İlham Əliyev və Vladimir Putinin Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətində müzakirələr aparacaqları deyilir. 

Bir gün sonra isə Rusiya və Türkiyə dövlət başçılarının Sankt-Peterburqda keçiriləcək görüşündə regional məsələlərin müzakirəsi zamanı Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində olacaq. Avqustun 10-da isə Ermənistan prezidenti Serj Sərkisyan Moskvaya səfər edəcək. Sarkisyanın əslində Kremlə İrəvanda iyulun 17-də başlayaraq 14 gün davam edən silahlı qiyamdan sonra dəstək axtarmaq üçün getdiyi güman olunur. 
 
V.Putin Bakıya səfəri öncəsi - ötən həftə AzərTAC-a müsahibəsində Qarabağla bağlı açıqlamalar verib. Putin münaqişə tərəflərinə hər hansı təklif verməyə hazır olmadıqlarını deyib: “Biz Azərbaycana və Ermənistana hansısa hazır reseptləri qəbul etdirməyə əsla çalışmırıq. Tərəflər kənardan təzyiq olmadan özləri razılığa gəlməli, qarşılıqlı məqbul həll yollarını tapmalıdırlar. Bu, bizim qəti mövqeyimizdir.
 
Kompromisin əldə edilməsi ərazi bütövlüyü və xalqların təyini-müqəddərat hüququ prinsipləri arasında optimal tarazlığın tapılmasını nəzərdə tutur. Biz Azərbaycan və Ermənistan rəhbərliyi üzərində necə böyük bir məsuliyyətin olduğunu tam başa düşürük. Münaqişənin həllinə dair bu il iyunun 20-də Sankt-Peterburqda keçirilən sonuncu sammitdə üstünlük təşkil edən konstruktiv əhval-ruhiyyəni alqışlayırıq. Tənzimlənmənin son məqsədi elə bir razılaşma olmalıdır ki, tərəflərdən heç biri nə qalib, nə də məğlub sayılsın, güzəştlər qarşılıqlı, tərəflərdən hər birinin qazancı həm Azərbaycanda, həm Ermənistanda ictimai rəy üçün aydın olsun.
 
Öz növbəsində, Rusiya problemin cəlb olunmuş bütün tərəfləri razı salacaq həll variantını dəstəkləməyə, digər vasitəçilərlə birlikdə tənzimləmənin qarantı kimi çıxış etməyə hazırdır". 
Siyasi ekspertlər həmin açıqlamaların artıq Rusiyanın problemin nizamlanmasına fərqli yanaşmasının işartıları olduğunu düşünür. Qeyd edilir ki, aprel ayında baş verən döyüşlərdən sonra Azərbaycan və Ermənistana münaqişəni “Kazan formulu” əsasında həll etməyi və 5 rayonu qaytarmağı təklif edən Kreml indi güzəştli mövqeyindən imtina etmiş kimi görünür.
Politoloq Qabil Hüseynli hesab edir ki, Vladimir Putinin Bakıya səfəri öncəsi belə bir müsahibə verməsi həm Azərbaycana, həm də Ermənistana bir mesaj sayıla bilər. Rusiya rəhbəri bununla Azərbaycana mesaj verdi ki, onun səfərindən Qarabağla bağlı ciddi nə isə gözləməyin və istəməyin, Ermənistan tərəfinə isə mesaj vermiş oldu ki, Bakıya səfərimdən narahat olmayın: “Putin özü də yaxşı başa düşür ki, Azərbaycan və Ermənistan rəhbərliyinin Qarabağ məsələsində razılaşması mümkünsüzdür. Çünki Ermənistan tərəfi danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutur. Hər kəsə bəllidir ki, Ermənistan Kremlin razılığı olmadan Qarabağ məsələsində heç bir razılaşmaya gedə bilməz. Ölkələr arasında istənilən mübahisəli məsələni həll etmək üçün beynəlxalq hüquq deyilən bir anlayış var. O anlayışın irəli sürdüyü həll variantları var. Putinin dilindən BMT-nin məlum qətnamələrinin tələblərini eşitmirik. Ortada işğal faktı və bu işğalı həyata keçirən dövlət var, bununla əlaqədar olaraq işğalı qınayan beynəlxalq təşkilatın qətnamələri var. Bütün bunların heç birinə müraciət etmədən sadəcə olaraq tərəflərin özlərinin bir-biri ilə dil tapmasını tövsiyə etmək o deməkdir ki, Rusiya bu probleminin həllini istəmir. Rusiya prezidenti Azərbaycana səfəri öncəsi müsahibəsində Qarabağla bağlı həmin açıqlamaları verməklə, Azərbaycan hakimiyyətinə və ictimaiyyətinə öncədən mesaj verir ki, mənim səfərimdən Qarabağla bağlı ciddi nə isə gözləməyin. Putin deyir ki, elə bir sülh razılaşması olmalıdır burada nə udan, nə uduzan olmasın, tərəflərdən heç biri özünü qalib və ya məğlub hesab etməsin. Bu cür ədalətli həll variantı mümkün deyil”.
 
Politoloq qeyd etdi ki, Azərbaycanın torpaqları işğal edilib, lakin Putin bu faktı müsahibəsində dilinə gətirmir. Təcavüzkarla təcavüzə uğrayanı bir sıra fikirlər işlətməklə bərabərləşdirir: “Rusiya ədalətli vasitəçi olduğunu göstərmək istəyirsə, təcavüzkarı öz yerində oturtmalıdır. Atəşkəs prosesini sonsuza qədər uzatmağa çalışmaq əslində Ermənistanın xeyirinədir. Çox təəssüfedicidir ki, Azərbaycanın Rusiyadan problemin həllində ədalətli mövqe gözlədiyi bir vaxtda Putin faktiki olaraq həmin müsahibəsindəki fikirlərlə Rusiyanın yaxasını kənara çəkdiyini dolayısı ilə ifadə etmiş oldu. Kreml sahibi dəqiq bilir ki, Ermənistan heç bir razılaşmaya gedən deyil. Bunu bilə-bilə sülh razılaşmasını tərəflərin üzərinə atmaq o deməkdir ki, Rusiya münaqişənin həllini istəmir. Putinin müsahibəsi onun Bakıya səfərinə olan ümidləri xeyli dərəcədə heçə endirmiş oldu”. 

Politoloq Rauf Mirqədirov isə cebhe.infoya deyib ki, Putinin açıqlaması Rusiyanın danışıqlar prosesində geriyə doğru addım atmasıdır. Rusiyanın geriyə addım atması Ermənistanda yaranmış vəziyyətlə birbaşa bağlıdır: “Ermənistandakı gərginliyi kimin, hansı məqsədlə yaratmasından asılı olmayaraq, son hadisələr danışıqlarda irəliləyişin mümkünlüyünü sıfıra endirdi. Rusiya prezidenti də indiki şəkildə danışıqlarda irəliləyişin mümkünsüzlüyünü başa düşdüklərinə açıq şəkildə işarə vurur. Ona görə düşünürəm ki, Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə aparacağı danışıqlardan müsbət nəticə gözləməyə dəyməz. Hazırda Ermənistanda yaranmış daxili siyasi vəziyyət Serj Sərkisyanın manevr imkanlarını sıfıra endirib. Ona görə də yaxın vaxtlarda Dağlıq Qarabağ probleminin nizamlanması prosesində hər hansı razılaşmanın olacağı çətindir. Ermənistan daimi olaraq inqilabi şəraitdə yaşayır. İstənilən an bu ölkədə daxili gərginlik yaratmaq mümkündür. Dağlıq Qarabağ problemi Ermənistan cəmiyyətini həm parçalayan, uçurum yaradan, həm də zərurət yarandıqda monolit şəkildə birləşdirən bir məsələdir. Azərbaycanın timsalında xarici düşmən obrazı yaradılır və daxili gərginlik aşağı salınır. Bu gün faktiki olaraq, Ermənistanın hakim elitası bu mövqedən çıxış edir. Kəskin bəyanatlar da bu məqsədə xidmət edir. Belə şəraitdə hakimiyyətin güzəştə getmək imkanları çox məhduddur. Ona görə də mən yaxın gələcəkdə ciddi bir irəliləyişin olacağını gözləmirəm”.
 
Ekspert onu da bildirdi ki, danışıqların dalana dirənməsi gərginliyi və hərbi əməliyyatların bərpası riskini artırır. Lakin indiki şəraitdə genişmiqyaslı döyüşlərin başlanması regionda maraqları olan böyük güclərin maraqlarından asılı olacaq: “Belə görünür ki, Rusiya hazırda hərbi əməliyyatların alovlanmasında maraqlı deyil. Əgər böyük güclər öz maraqlarını gerçəkləşdirmək üçün hərbi əməliyyatların bərpasını istəsələr bu baş verəcək. İndiki şəraitdə regionda əsas marağı olan tərəflərdən biri kimi Rusiya çətin ki, Ukrayna və Suriyada müharibəyə cəlb olunmasından və sanksiyalarla üzləşməsindən sonra Cənubi Qafqazda üçüncü bir münaqişə zonasının yaranmasına razı olsun. Əks təqdirdə Cənubi Qafqaz Rusiya ilə ABŞ arasında üçüncü münaqişə zonasına çevrilə bilər. Bu da Rusiyanın vəziyyətini daha çox ağırlaşdıra bilər. Putin də şübhəsiz ki, bunu bilir”.
musavat.com