Keçmiş ərini qətlə yetirməkdə ittiham olunan, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilən 1985-ci il təvəllüdlü Səbinə İmanova barəsindəki hökmdən apellyasiya şikayəti verib.
Apellyasiya şikayətinə Bakı Apellaysiya Məhkəməsinin hakimi İlqar Murquzovun sədrliyi ilə baxılacaq. Məhkəmə prosesi avqustun 10-a təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi ötən il Nəsimi rayonunda baş verib. Səbinə İmanova keçmiş əri Adil Məmmədovu nənəsigilə qonaq çağırıb. Onlar birlikdə yemək yeyiblər, spirtli içki qəbul ediblər. Sonra aralarında qısqanclıq zəminində mübahisələr yaranıb. Bu zaman Səbinə İmanova bıçaqla keçmiş ərini qətlə yetirib.
Təqsirləndirilən şəxs qismində məhkəmədə dindirilən Səbinə İmanova ona elan olunmuş ittihamla özünü təqsirli bilib. İfadəsində keçmiş həyat yoldaşının ondan əl çəkmədiyini, tez-tez işlərinə qarışdığını göstərib. Hadisənin baş verməsinə gəlincə isə həmin gün keçmiş həyat yoldaşı tərəfindən döyüldüyünü deyib.
Xatırladaq ki, Səbinə İmanova bundan qabaq narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhbusluq həyatı yaşayıb.
Cia.az
