UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşan, püşk atılandan sonra cütün favoriti sayılan, amma doğma meydanda heç-heçə edib, Bakıda məğlub olan və mübarizəni dayandıran Fransanın “Lill” klubunun yarımmüdafiəçisi Markos Lopesin apasport.az saytına müsahibəsi.
- “Qəbələ”nin oyunu və nəticəsi sizi təəccübləndirmədi?
- Əlbəttə, çox çətin oyun oldu. Həm oyunu uduzduq, həm də Avropa Liqası ilə vidalaşdıq. Bu haqda danışmaq çox çətindi. “Qəbələ”ni təbrik etməkdən başqa deyəcəyim söz yoxdu.
- Komandanız üçün hansı oyun çətin keçdi?
- Əslində, biz Fransadakı oyunda qələbə qazanmalı idik. Amma bunu bacara bilmədik. Çünki heyətimiz tam komplektləşməmişdi. İkinci oyuna tam heyətlə çıxa bildik, lakin nəticə xeyrimizə alınmadı. Hər iki oyun fərqli nüansları ilə seçilir. Uduzmuşuqsa, bununla barışmalıyıq.
- Siz püşkdən əvvəl cütün favoriti hesab edilirdiniz. “Lill”in mübarizədən kənarlaşdırılması sensasiya sayıla bilərmi?
- Həqiqətən də yaxşı komandamız var. Avropa Liqası ilə erkən vidalaşmaq istəmirdik. Əksinə, burda uğur qazanmaq və yolumuza davam etmək istərdik. Təəssüf ki, bunu bacara bilmədik. Sensasiya deməzdim, bu gün kim qələbə qazanıbsa, deməli, onun günüdü.
- “Qəbələ” sizdə hansı təəssüratı yaratdı?
- Çox yaxşı komandanız var. Ancaq xoş sözlər demək olar.
- Bəs xüsusi fərqləndirmək istədiyiniz futbolçu varmı?
- Bütün komandanın yaxşı oynadığını, hər birinin xoş sözlərə layiq olduğunu deyə bilərəm. Yenə də onları qələbə qazandıqları üçün təbrik edirəm. Pley-offda isə uğurlar arzulayıram.
Cia.az
