Hazırda həm əhalinin, həm də bank sektorunun ən böyük problemlərindən biri də ödənməyən kreditlərdir. Ölkədə baş verən iki devalvasiyadan sonra xarici valyutada olan kredit borclarının məbləğinin birdən-birə iki dəfə artması insanları çıxılmaz vəziyyətdə qoyub. Digər tərəfdən, iş yerlərinin bağlanması, gəlirlərin azalması və bahalaşma insanların krediti ödəmə imkanlarını da məhdudlaşdırıb. İnsanların bir qismi kredit ödəmələrini tamamilə dayandırıb, digərləri isə daha az məbləğ ödəməklə vaxtı uzatmaq məcburiyyətində qalıblar.
Qeyd edək ki, Konstitusiya Məhkəməsi müştərilərə güzəşt etmək barədə banklara göstəriş versə də, banklar bu istiqamətdə ciddi addım atmadı. Ən böyük problemlərdən biri isə borcunu ödəyə bilməyən vətəndaşların kollektorlar tərəfindən qanunsuz olaraq təhdid edilməsi, sıxışdırılmasıdır. Bu problem hətta bir neçə borclu vətəndaşın intiharı ilə də nəticələnib. Ölkədə kredit problemi olan vətəndaşlara yardım edən və kollektorlara qarşı mübarizə aparan yeganə qurum isə “Antikollektor” MMC-dir. “Antikollektor” Məhdud Məsuliyyətli Cəmiyyəti 2016-cı ilin martında fəaliyyətə başlayıb. “Yeni Müsavat” qəzetində bir neçə dəfə bu qurumun fəaliyyəti işıqlandırılıb. “Antikollektor”un yaradılmasından 6 ay keçdiyi bir vaxtda əməkdaşımız yenidən qurumun fəaliyyətini işıqlandırıb. “Antikollektor” MMC-nin Bakı şəhəri, Nəsimi rayonu Puşkin küçəsi, 13A ünvanında yerləşən ofisində hüquq məsləhətçiləri və şikayətçilərlə həmsöhbət olub.
“Antikollektor” MMC-nin aparıcı hüquq məsləhətçisi Cavid Əhmədov bildirdi ki, problemli kreditlərin səbəbi əsasən vətəndaşların vaxtilə dollarla götürdükləri kreditlərdir: “Kreditlər dollarla götürülüb, daha sonra həmin valyuta manata nisbətdə bahalaşıb və borcun məbləği artıb, ödəmə müddəti isə qısalıb. Müraciət edən müştərilərin əksəriyyəti krediti xəstəliklə, digər gündəlik problemlərini həll etmək üçün götürüblər. Xəstəlikləri sağalıb, problemləri həll olunub. Lakin hazırda həmin kreditlərin ödəmələrində problem yaranıb. ”Antikollektor" MMC olaraq vətəndaşlara hüquqi məsləhətlər veririk, çünki əksəriyyəti hüquqlarını bilmirlər. Pulsuz konsultasiyalar aparırıq, problemlərini dinləyib, səbəblərini öyrəndikdən sonra ilkin olaraq məsləhətlər veririk ki, işlərini necə qura bilərlər, bank hansı formada təzyiq göstərə bilər, onların hansı hərəkətləri qanunsuzdur və sair. İnsanlara həm də psixoloji yardım göstəririk. Çünki banklar vətəndaşlara psixoloji təzyiqlər edir, onları məhkəmələrlə, həbslə hədələyirlər. Bizdə isə insanların əksəriyyəti qanunları bilmədikləri üçün onlara inanırlar. Qanunda isə deyilir ki, yalnız qərəzli şəkildə borc ödənilmədikdə vətəndaş məsuliyyətə cəlb edilə bilər. İnsanın qərəzli olub-olmamasını isə məhkəmə müəyyən edir. Məhkəmə araşdırır ki, vətəndaş imkanı olduğu halda borcunu ödəməkdən imtina edir, yoxsa imkanı yoxdur. Bu mənada insanlara köməklik edirik. Əgər işin məhkəmə perspektivi varsa, biz məhkəmələrini də aparırıq. Elə vətəndaşlar var ki, borcun müvəqqəti dondurulmasını istəyirlər, yəni vaxt udmaq istəyirlər. Çalışırlar ki, həmin vaxt ərzində də müəyyən qədər pul toplayıb kreditlərini bağlasınlar".
Hüquq məsləhətçisinin sözlərinə görə, hazırda “Antikollektor”un apardığı məhkəmə işlərindən yekunlaşan proses yoxdur, bəzi proseslər uzanır, bəziləri qəsdən yubadılır: “Elə proseslər var ki, bizim lehimizə qərarın çıxmaması üçün digər vasitələrlə məhkəmə və ya bank tərəfindən yubadılır. Hələ ki məhkəmədə hər hansı qərar çıxmadığı üçün hansısa qərarın qanunsuz olduğundan danışa bilmərəm, amma bizim şirkətə qarşı məhkəmələrin münasibəti normaldır”.
Müsahibim deyir ki, bu günə qədər “Antikollektor”a min nəfərdən çox müştəri müraciət edib, onların əksəriyyəti imkansızlardır: “Elə vətəndaşlar var rayonlardan telefonlarla müraciət edir, eləsi var birbaşa gəlir. Pulsuz məsləhət verilməsi də bir köməkdir. Biz təklif edirik ki, get və bankın səni məhkəməyə verməsini gözlə, sonra məhkəmədə çıxış et və öz mövqeyini bildir, qanunsuzluqları ortaya qoy. İzah edirik ki, müqavilənin hansısa şərti Mülki Məcəlləyə və ya digər qanunlara uyğun deyilsə, bunu məhkəmədə qabartmaq olar. Bu şəkildə əlimizdən gələn köməyi etməyə çalışırıq. İpoteka məsələlərində problem yaşayan vətəndaşlar da bizə şikayət edir. Belə ki, MTK müqaviləni manatla imzalayır, bank isə krediti dollarla imzalayır. Burada da problem yaşanır. Girov qoyulmuş avtomobillərlə bağlı da problem yaşanır”.
Kollektorların qeyri-qanuni hərəkətlərinə gəlincə, C. Əhmədov Azərbaycanda kollektorların qanunsuz olaraq fəaliyyət göstərdiyini və vətəndaşlar üçün təhdid formalaşdırdığını qeyd etdi: “Bizi inandırmağa çalışırlar ki, Azərbaycanda kollektor fəaliyyəti yoxdur. Ancaq biz bilirik ki, onlar qeyri-qanuni şəkildə, başqa adlarla bankların tərkibində borcların yığılması ilə məşğul olurlar. Borcların yığılmasını isə əsasən fiziki güc tətbiq etməklə, müxtəlif təhdid dolu zənglərlə, sms-lərlə həyata keçirməyə çalışırlar. Lakin başqa ölkələrdə olduğu kimi, bizim ölkədə də kollektorların elə də ciddi fiziki təhdidlərinə rast gəlməmişik. Yalnız bir dəfə bizə bir vətəndaş müraciət etmişdi. Onun kollektorda ciblərini yoxlayıb əlindəki 1-2 manat pulunu da almışdılar, hətta ofislərində şkafda saxlamışdılar. Bu formada təzyiqlər olub. Problemli kreditləri olan vətəndaşlara əsas tövsiyəm odur ki, qanunları oxusunlar, savadlı hüquqşünaslarla məsləhətləşsinlər, özlərini müdafiə eləsinlər”.
Ekspertin sözlərinə görə, məhkəmələr zamanı bankların tərtib etdikləri müqavilələrdə onların əleyhinə işləyən yetərincə məqamlar var ki, bunlar müştəriyə güzəşt edilməsi üçün yetərlidir: “Bankların tərtib etdiyi kredit müqavilələrində də bəzi problemlər var. Belə ki, bəzi maddələr görlə görünməyəcək qədər kiçik şriftlə yazılır. Banklar yaşayış minimumunu nəzərə almadan kredit verirlər. Bəzən görürsən ki, evin yeganə gəlir gətirəni olan, iki yüz manat maaş alan insana kredit verirlər.
Həmçinin manat adı ilə dollarla kreditlərin vətəndaşlara verilməsi, kredit şərtlərinin düzgün izah olunmaması da var. Bütün bunlar isə məhkəmə vaxtı kredit borcu olanın işinə yarayır".
C.Əhmədov onu diqqətə çatdırdı ki, “Antikollektor” MMC-nin bölgələrdə də şöbələrinin yaradılmasına ehtiyac var. Çünki rayonlarda da problemli kreditlər və bankların borc sahiblərinə təzyiqləri ilə bağlı müraciətlər var.
musavat
