Ermənistan paytaxtında 17-31 iyul tarixlərində baş verən silahlı toqquşmalardan sonra ölkədə idarəolunmaz vəziyyət yaranmaqdadır. Polis post-patrul xidməti alayını iki həftə ərzində nəzarətində saxlayan silahlı dəstənin zərərsizləşdirilməsindən sonra etirazçı kütləni küçələrdən yığışdırmağın mümkün olacağını güman edən Sərkisyan hakimiyyəti daha ciddi dirənişlə üz-üzə qalıb.
Onsuz da aprel döyüşlərindəki sarsıdıcı zərbələrdən sonra hakimiyyətinin dayaqları ciddi şəkildə zəifləyən Ermənistan prezidenti son olayların ardınca daha ciddi sınaqlarla üz-üzə qalıb. Belə ki, dünənə qədər Serj Sərkisyanın sadiq komanda üzvləri olan məmurlar da artıq ondan üz çevirməyə başlayıb.
Avqustun 4-də Ermənistanın baş prokuroru Qevork Kostanyan istefaya gedib. APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, faktı Baş Prokurorluğun mətbuat katibi Kristin Melkonyan təsdiqləyib. O bildirib ki, Q. Kostanyan səhhətində yaranan problemləri ilə bağlı istefaya gedib. Ancaq əslində istefanın səbəblərinin gizlədildiyi təxmin edilir. Baş prokuror İrəvandakı polis alayını ələ keçirmiş silahlı dəstə üzvlərinin və onların tərəfdarlarının həbsindən sonra istefaya gedib ki, bu da suallar doğurur.
Bu arada Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) İstintaq şöbəsinin rəisi Mnatsakan Maruxyan da tutduğu vəzifədən azad edilib. Bu barədə “report” “news.am” portalına istinadən xəbər verir. Qeyd olunur ki, bu qərar M.Maruxyanın təqaüdə çıxması ilə bağlıdır. Bu vəzifəyə yeni təyinat da olub. Belə ki, buna qədər Ermənistan MTX-nin İstintaq şöbəsinin rəis müavini işləyən Mikael Ambartsumyan şöbə rəisi təyin edilib. Şübhəsiz ki, Sərkisyan onun istəklərinə qarşı çıxanları da təmizləyib daha sadiqlərini iş başına gətirir. Fakt budur ki, aprel savaşında ölkəsi təklənən S.Sərkisyanın son vaxtlar özü də təklənir-erməni hakimiyyətində “yarpaq tökümü” başlayıb.
Silahlı dəstənin himayəsinə qalxan müxalifət təmsilçiləri əslində S.Sərkisyanın özünün terrorçu olduğunu iddia edib silahlıları aşkar müdafiə edir. Hətta Ermənistan parlamentarları sırasında da Sərkisyana qarşı aşkar çıxış edənlər var. Belə bir situasiyada hakimiyyət düşərgəsində də mərkəzdənqaçma meylləri güclənməkdədir. Sərkisyanın qalan il yarımlıq prezidentlik müddətini başa vura bilməyəcəyi artıq bir çoxlarına gün kimi aydındır. Ermənistan prezidentinin müxalifət, “Qarabağ müharibəsi veteranları” adlandırılan canilər və müdafiə naziri Seyran Ohanyanla üzbəüz qalması halında durumu olduqca ağırdır. Bir tərəfdən də onun aprel ayında Putini baş kansler Anjela Merkelə satması Rusiya qarşısında özünü pis vəziyyətə qoyması ilə nəticələnib. Bu mənada S.Sərkisyanın 10 avqustda Moskva səfəri zamanı Putindən əfv diləyəcəyi də gözləniləndir. Ancaq Moskva Serjikin göz yaşlarına inanacaqmı, bax, bu, maraqlı məsələdir.
Ermənistanın hakimiyyət dairələrində tezliklə hökumətin və baş nazir Ovik Abramyanın istefası ilə bağlı şayiələr günü-gündən güclənir. Virtualaz.org xəbər verir ki, bu barədə “Aykakan Jamanak” qəzeti məlumat verib. Nəşr xatırladır ki, İrəvanda silahlı qrupun polis idarəsinin binasını ələ keçirməsindən və silahı yerə qoymasından sonra prezident Sərkisyan milli həmrəylik hökumətinin formalaşdırılması barədə bəyanat verib. “Bu, özündə hazırkı hökumətin istefasını ehtiva edə bilər. Lakin Sərkisyanın strategiyasına nəzər salsaq, belə hallarda o, kəskin dəyişikliklərə getmir, bir qədər fasilə götürür və sonradan addım atır” - məqalədə deyilir.
Belə bir situasiyada isə Ermənistan və Azərbaycan XİN başçılarının, o cümlədən prezidentlərinin görüşlərinə hazırlıq işlərinin aparıldığı barədə xəbərlər davamlı şəkildə yayılır. Bununla da həmsədrlər sanki Ermənistandakı qarışıqlıqlar fonunda Azərbaycanın durumdan istifadə edərək işğalçıya növbəti zərbələri endirə biləcəyindən ehtiyatlandığı üçün ardıcıl olaraq görüş anonsu verirlər. Lakin Sərkisyanın “canımı verərəm, Qarabağı vermərəm” sərsəmləməsinə cavab olaraq heç bir həmsədr ölkədən, yaxud ATƏT-in fəaliyyətdə olan sədrindən reaksiya gəlmədi. “ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkil edilməsi imkanını nəzərdən keçirirlər”. Bunu “Ria Novosti” agentliyinə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib. C. Uorlik qeyd edib ki, davamlı sülhün əldə edilməsinin yolu danışıqlar prosesindən keçir. Onun sözlərinə görə, heç bir həll yolu hansısa tərəfə zorla qəbul etdirilə bilməz.
“Həmsədr ölkələrin yüksək səviyyəli rəsmilərinin dəstəyi ilə tərəflər danışıqlarda iştirak edir və təmas xəttində zorakılıq riskinin azaldılması tədbirləri üzərində çalışır. Sülh prosesində tam proqresə nail olmaq üçün biz Azərbaycan və Ermənistan prezidentlərinin növbəti birgə görüşünü təşkil etmək imkanını nəzərdən keçiririk”, - deyə C. Uorlik qeyd edib (APA). Göründüyü kimi, amerikalı diplomat da işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoyur. Sərkisyanın cəfəng iddiasından sonra əslində danışıqların mənası da qalmır. Lakin Bakı beynəlxalq ictimaiyyət qarşısında zəif mövqeyə düşməmək üçün danışıqlardan imtina etməyə tələsmir.
Politoloq Arzu Nağıyev hesab edir ki, görüşlərin intensivləşməsi müsbət bir haldır. Lakin onun fikrincə, qarşıdakı görüşlərdə konkretlik məsələsinə fikir verilməlidir: “Artıq ATƏT-in Minsk Qrupu tərəfindən verilən deklorativ bəyanatların vaxtı deyil. Azərbaycan vaxt baxımından gözləmə mövqeyi seçə bilməz. Qərb də maraqlı olmalıdır ki, regionda təhlükəsizlik məsələləri həll edilsin ki, iqtisadi layihələri həyata keçirmək mümkün olsun. Bir sözlə, ilk öncə Rusiya, sonra isə digər regional dövlətlər tam məsuliyyətlə bu münaqişənin həllinə çalışmalıdırlar. Rusiya bu məsələlərdə təşəbbüsü ələ almasa və sadəcə olaraq, Ermənistanın bir tərəfdaş kimi təqdimatına çalışsa, demək olar ki, öz şanslarından da məhrum olacaq”.
Qərblə Rusiya arasında Qarabağ məsələsinə münasibətdə rəqabətin olmasına diqqət çəkən A.Nağıyev xatırlatdı ki, bir müddət bundan öncə, ABŞ da məsələnin həllində çox təşəbbüs göstərdi, lakin Rusiya bu təşəbbüsü prezidentlərin Vyana, Sankt-Peterburq görüşündən sonra ələ aldı: “Rusiya Ermənistana təsir etmək qüvvəsinə malik olmaqla yanaşı, həm də bir sıra müqavilələrdə eyni blokdan çıxış edir. Bundan başqa, düşmən ölkənin iqtisadiyyatı Rusiyadan asılıdır. Bu baxımdan, düşünürəm ki, Rusiya prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri ola bilər. Rusiya həmçinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Belə olan halda, onun həmsədr ölkənin prezidenti kimi mövqeyi də çox önəmlidir”.
Vəziyyətin yenidən gərginləşməsi halında yarana biləcək müharibə təhlükəsinə gəldikdə isə politoloq bunları bildirdi: “Bütün dövlətlər dərk etməlidirlər ki, bu iki ölkə arasında olmayacaq. Azərbaycan öz ərazilərini təmizləmək üçün keçirəcəyi hər bir antiterror əməliyyatlarında bu terrorçulara dəstək olan qurumlar və dövlətlər də dolayı yolla hərbi qarşıdurmanın iştirakçılarına çevriləcəklər. Buna görə də konkret addımların atılmasının vaxtı artıq çoxdan çatıb. Əks halda, bunun ziyanını bütün region və hətta regiondan kənardakılar da çəkəcək”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qarşıdakı görüşlərə diqqət çəkərək qeyd etdi ki, 3 gün ərzində və 3 müxtəlif yerdə Dağlıq Qarabağla bağlı fikir mübadiləsi aparılacaq: “Ancaq təəssüf ki, müxtəlif kombinasiyalarda bu görüşlərin heç birinin münaqişənin həllinə təsiri olmayacaq. Birinci görüş avqustun 8-də Bakıda keçiriləcək. Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündə daha çox şimal-cənub nəqliyyat dəhlizindən danışılacaq. Hər 3 ölkə dəmir yolu xəttinin işə düşməsində maraqlıdır. Çox qısa müddətdə layihənin tamamlanması planlaşdırılır. Doğrudur, Azərbaycan prezidentli rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli görüş də keçirəcək və bu görüşdə Qarabağ münaqişəsinin həlli ətrafında fikir mübadiləsi aparılacaq. Ancaq aprel ayından bu yana hadisələrin inkişafı göstərir ki, münaqişənin həllinin birinci addımı kimi Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması məqsədilə Putinin Ermənistan prezidenti Serj Sərkisyana təsir etmək fikri yoxdur. İkinci görüş Sankt-Peterburqda olacaq. Bakıdakı görüşdən bir gün sonra, yəni avqustun 9-da Putin Sankt-Peterburqda türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla olacaq. Həmin görüşdə əsasən Rusiya-Türkiyə əməkdaşlığının bərpası müzakirə olunacaq. Bu, Putinlə Ərdoğanın münasibətlərin gərginləşməsindən normallaşması dövrünə keçiddən sonra ilk görüşüdür. Ona görə də liderlərin müzakirə edəsi çox mövzusu var. Bu sırada iqtisadi və ticarət əlaqələrinin bərpasından tutmuş, vizaların yenidən ortadan qaldırılması, turizm, ”türk axını" və Türkiyədə nüvə elektrik mərkəzinin tikintisinə qədər mövzular var. Odur ki, Putinlə Ərdoğan Dağlıq Qarabağla bağlı çox qısa fikir mübadiləsi aparacaqlar. Halbuki Türkiyə-Rusiya yaxınlaşması Cənubi Qafqazda müsbət siyasi atmosfer yaratmalıdır".
Politoloq xatırlatdı ki, üçüncü görüş Sankt-Peterburq görüşündən bir gün sonra reallaşacaq: “Putin bu dəfə Moskvada Ermənistan prezidenti Serj Sərkisyanla görüşəcək. Bu görüşdə də Dağlıq Qarabağla bağlı geniş fikir mübadiləsinin aparılacağı sual doğurur. Əlbəttə, Putin Bakıda Əliyevlə görüşün təfərrüatları haqqında Sərkisyana məlumat verəcək. Ancaq Putini bu gün narahat edən Ermənistandakı vəziyyətdir. Çünki Serj Sərkisyanın Ermənistandakı mövqeləri getdikcə zəifləyir. Ermənistanın qarış bilməsi faktoru Putini narahat edir. Moskvada belə bir şübhə var ki, Ermənistanı da kənar qüvvələr, o cümlədən ABŞ qarışdırır. Ona görə də Putin Sərkisyanla Ermənistandakı vəziyyəti müzakirə edəcək. Beləliklə, 8, 9 və 10 avqust görüşlərinin əsas iştirakçısı Vladimir Putindir. Hər 3 görüşdə Dağlıq Qarabağla bağlı fikir mübadiləsi aparılsa da, bu, münaqişənin həllində ciddi irəriləyişə səbəb olmayacaq”.
İşğalçı ölkədəki istefalara toxunan E.Şahinoğlu qeyd etdi ki, Sərkisyanın vəziyyəti getdikcə ağırlaşacaq:“İstefa verən rəsmilər gələcək talelərindən qorxduqları üçün Sərkisyanla eyni hakimiyyəti paylaşmaq istəmirlər. Yaxın günlərdə Sərkisyanın lideri olduğu partiyada da qopmalar başlayacaq. Belə vəziyyətdə, məncə, Moskva Sərkisyana əvəz axtarmaq barədə ciddi düşünür”.
musavat.com
