|
Nardaran hadisələrində həbs edilənlərdən daha 5 nəfəri ifadə verdi - ÖZƏT
“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə, hərəkatın 16 üzvü və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Musavat.com-un məlumatına görə, təqsirləndirilən şəxslərdən daha 5-i ifadə veriblər. 
Əvvəlcə təqsirləndirilənlərdən Rasim Cəbrayılov dindirilib. 
 
O, ittiham aktında qeyd edilənlərə razılaşmadığını və ona qarşı irəli sürülən ittihamlarla razı olmadığını bildirib.
 
R.Cəbrayılov noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı yaşananları danışarkən bunları deyib: “Noyabrın 26-sı günorta namazı vaxtı mən də həyətdə idim. Təxminən 70-80 nəfər qara maskalı evi mühasirəyə aldı. Bir qismi də evə hücum etdilər. 
Mənə 14 rezin güllə dəyib. Həyətdə ilk həbs olunanlardan biri də mən idim. Məni qandallayıb aparanda polislərdən biri gözümün qabağında yaralandı... “
 
R. Cəbrayılov dedi ki, burada xanımlar olduğundan hər şeyi danışa bilmirik. Təqsirləndirilən şəxs iddia etdi ki, saxlanan zaman və istintaq altında olarkən ciddi işgəncələrə məruz qalıb.   
“Mən Nardaranda imam ehsanında sadəcə olaraq çay paylamışam. Özüm də hücum zamanı mətbəxdə olmuşam. Vəkilə deyirdim ki, evə xəbər ver. Çünki onların öldü-qaldımdan xəbərləri yox idi. İfadələrimi təsdiqləmirəm, çünki onu dəhşətli işgəncələr altında vermişəm”, deyə R. Cəbrayılov iddia edib. 
 
O, dedi ki,  “Taleh Bağırzadə evin içində bizə atəş açmağı əmr verdi”, ifadəsini işgəncələr altında verib. Nardaran marşrutunda pul yığanlardan idim. Taleh bizim ruhanilərdəndir və ona böyük hörmətim var”...
 
Digər təqsirləndirilən Zakir Mustafayev də ifadəsində özünü təqsirli bilmədiyini və istintaqa verdiyi ifadəsini təsdiqləmədiyini deyib: “Mənim barəmdə ittihamda yazılanların hamısı saxtadır. Mən də hadisə baş verən gün evə idim. Taleh Bağırzadəni və digərlərini maşına mindirdilər. Amma mənim əlimi bağladılar. Sonradan mənim əlimi orada olan qadınlar açdı. Mən Nardaran sakini deyiləm. Maşınım da həmin evin qarşısında idi. Hadisədən iki gün sonra həmin yerə gəlib, maşınımı götürmək istədim. Amma post qurmuşdular, Nardaran sakini olmadığım üçün buraxmadılar. Bundan sonra normal həyatıma davam edirdim. Qardaşım Gəncədə yaşayır. Ona zəng edib deyiblər ki, sənin adına olan maşınla qəza tördəilib. Ancaq o, polisə gedəndə məlum olub ki, məni axtarırlar. Sonra mən maşınımın aqibətini öyrənmək üçün Sabunçu Rayon Polis İdarəsinə getdim”. 
 
Təqsirləndirilən ifadəsinə davam edərək, iddia edib ki, burada onu saxlayıblar və işgəncə verərək, ifadə alıblar. 
 
Təqsirləndirilənlərdən Aqil İsmayılov da ifadə verib. O da ittihamları böhtan və yalan adlandırıb. Qeyd edək ki, təqsirləndirilənlər ifadələrində eyni təsvirlərlə işgəncəyə məruz qaldıqlarını iddia ediblər. 
 
A.İsmayılov istintaq zamanı ona təyin olunan vəkildən imtina etdiyini deyib: “İstintaq zamanı mənə təyin olunmuş vəkildən mənə qarşı irəli sürülən 120-ci maddənin nə demək olduğunu soruşdum. Amma izah etmədi. Mən bu vəkildən indi imtina edirəm. O vəkil kimi məni müdafiə etməyib”.
 
Vəkil isə A.İsmayılova qəzəblənərək onu yalan danışmaqda suçlayıb: “Yalan deyirsən. Adamın vicdanı olar”.
 
Bu zaman təqsirləndirilən şəxslərlə vəkil arasında söz davası başlayıb. Məhkəmənin gedişatı pozulub. Hakimlər zalı tərk edib. Daha sonra vəkil də zalı tərk etmək məcburiyyətində qalıb. Bundan sonra proses davam etdirilib.

Taleh Bağırzadə vəkilin bu hərəkətinə münasibət bildirib: “Vəkillər kollegiyası vicdanlı vəkilləri cəzalandırır, onları kollegiyadan xaric  edir. Amma sifariş icra edən bu cür vəkillər iş başındadır. Vəkil vicdansızlığı bizi narahat edir”.
 
Təqsirləndirilənlərdən İlqar Xudaverdiyev də dövlət tərəfindən təyin olunan vəkildən imtina etdiyini söyləyib. Yarıyev Ramin də təqsirləndirilən şəxs qismində ifadə verib. O da ittihamlarla razılaşmadığını qeyd edib.
 
Taleh Bağırzadə Ramin Yarıyev barəsində çıxış edib onun baş verən hadisələrdən xəbərsiz olduğunu söyləyib: “Bu adam 3 ay idi ki, namaza başlamışdı. Bu dini dərk etmədiyi halda necə islam dövləti qura bilərdi?” 
 
Bu gün baş tutan məhkəmə prosesində sonuncu ifadə verən təqsirləndirilən şəxs Əli Nuriyev olub.
 
Digərləri kimi, o da ittihamlarla razılaşmayıb və ona işgəncələr verildiyini iddia edib: “İfadələrimin mənə heç bir aidyyəti yoxdur. Mənə 7 rezin güllə dəyib. Qurana əl basıram ki, Abbas mənə nə silah, nə qumbara, nə də bıçaq verib”.
 
Məhkəmə prosesi avqustun 10-da davam etdiriləcək.