|
Qazaxıstan Mərkəzi Bankının rəhbəri təngə və manatın ucuzlaşması haqda

Qazaxıstan Mərkəzi Bankı bu ilin yanvarından bəri ilk dəfə olaraq milli valyutanın kəskin ucuzlaşmasının qarşısını almaq üçün valyuta bazarına müdaxilə edib.

Qazaxıstan Mərkəzi Bankı iyul ayında bazara öz ehtiyatlarından 199 milyon dollar çıxardığını açıqlayıb. Bu, neftin yenidən ucuzlaşması tendensiyası ilə bağlı təngənin kursunun kəskin aşağı düşməsinə imkan verməmək üçün edilib. Qazaxıstan Mərkəzi Bankının rəhbəri Daniyar Akşiyev keçirdiyi mətbuat konfransında deyib ki, yanvar-iyul ayları ərzində bank bazardan 3 milyard dollardan çox valyuta almışdı və öz strateji ehtiyatlarını artırmağa nail olmuşdu.

Xatırladaq ki, Qazaxıstan Mərkəzi Bankı ötən ilin ortalarından etibarən sərbəst üzən məzənnə siyasətinə keçib. Nəticədə təngə bir neçə günə 33 faiz dəyər itirib, ucuzlaşma sonrakı mərhələdə də davam edib. Bu ilin əvvəllərindən isə təngənin ucuzlaşması tempi aşağı düşmüşdü.

Qazaxıstan Mərkəzi Bankının rəhbəri deyib ki, təngənin dollara nisbətdə yenidən kəskin ucuzlaşmağa başlaması dünya bazarında neftin qiymətinin dəyişməsi ilə bağlıdır. Onun sözlərinə görə, 2016-cı ilin birinci yarısında neft 28 dollardan 52 dollara qədər bahalaşmışdı. Lakin dünya iqtisadiyyatının perspektivlərinə dair neqativ proqnozların qüvvədə qaldığı bir vaxtda bu bahalaşma spekulyativ xarakter daşıyırdı və dayanıqlı ola bilməzdi. Nəticədə iyul ayından etibarən tendensiya dəyişdi, neft son iki həftədə 15 faizə qədər ucuzlaşdı.

“Belə vəziyyətdə bir çox inkişaf etməkdə olan ölkələr, əsasən xammal ixracından asılı olan ölkələrdə də tendensiyanı dəyişməsi baş verdi, milli valyutalarının möhkəmlənməsi prosesini onların zəifləməsi proses əvəz etdi. Məsələn, son iki həftədə Rusiya rublu dollara nisbətdə 6.2 faiz, Azərbaycan, Braziliya, Meksika, Nigeriya kimi ölkələrdə milli valyutalar 2-4 faiz arasında ucuzlaşıb. Təngə də 4 faiz dəyər itirib.”-Daniyar Akşiyev deyib.

Xatırladaq ki, Azərbaycanda iyul ayından etibarən manatın ucuzlaşması prosesi yenidən başlayıb. Neftin qismən bahalaşmasının təsiri altında manat bir qədər möhkəmlənmişdi və dolların məzənnəsi ilin əvvəlindən etibarən ilk dəfə 1.5 manatdan da aşağı düşmüşdü. Lakin hazırda 1 ABŞ dolları banklarda təqribən 1.65-1.66 manata satılır. Neft Fondu həftədə iki dəfə bazara təqribən 50 milyon dollar çıxarsa da bu, bankların tələbatından dəfələrlə azdır.


Cia.az