|
Türkiyə MİT-in rəhbəri “sudan quru” çıxa biləcəkmi...
Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan ətrafında müzakirələr kəsilmək bilmir. Vaxtilə postundan istefa verərək parlament seçkilərinə qatılmağa qərar versə də, istəyi baş tutmayan MİT rəhbərinin barəsində ağlasığmaz iddialar səslənir. Xüsusilə də H.Fidanın rəhbərlik etdiyi qurumun 15 iyul çevriliş cəhdindən xəbərsiz qaldığı inandırıcı hesab olunmur. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırımın da açıqlamalarından belə bəlli olur ki, MİT rəhbərliyi Türkiyənin fəlakətlə üz-üzə qaldığı zamanda üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyib. 
On minlərlə məmur postundan uzaqlaşdırıldığı, yaxud bir çoxları həbs olunduğu halda, MİT rəhbərliyinin hələ də öz postunda saxlanmasının səbəbləri barədə fərqli fikirlər var. Məsələyə Türkiyə rəhbərliyi də reaksiya verib. “MİT rəhbəri Hakan Fidan və Baş Qərargah rəisi Hulusi Akar istefa ərizəsi yazsalar da onların istefasını qəbul etmədim”. 
Bunu Fransa telekanalı «France-24» telekanalına müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan demişdi. Onun sözlərinə görə, xüsusi xidmət orqanlarında əskikliklər olsa da, onlar iş başındadırlar. “Bizdə bir misal var, ”Dərəni keçərkən at dəyişdirilməz". İndiki halda vəzifələrinə davam edəcəklər. İstefa qərarının mənə aid olduqlarını bildiriblər, ancaq biz də hər hansı müdaxilə etmədiyimizdən vəzifələrini davam etdirəcəklər",- deyə, prezident vurğulamışdı. 
 
Ancaq H.Fidanın hətta Türkiyə prezidentini ölümdən xilas etdiyi də deyilir. “Fətullahçı Terror Təşkilatı/Paralel Dövlət Quruluşu (FETÖ/PDY) üzvlərinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Muğla vilayətinin Marmaris mahalında qaldığı hotelə etdiyi hücumun detalları ortaya çıxıb”. Publika.az “Star” nəşrinə istinadən xəbər verib ki, hücumdan bir müddət əvvəl qiyamçıların öz aralarında etdiyi telsiz danışıqlar Milli İstihbarat Təşkilatı (MİT) tərəfindən dinlənilib. Dərhal hərəkətə keçən MİT rəhbəri Hakan Fidan Ərdoğanı xəbərdar edib. Ərdoğan bu xəbərdarlıqdan sonra Marmarisdə qaldığı hoteldən ayrılıb. Ona görə də istisna edilmir ki, H.Fidan həm də bu xidmətinə görə postunda davam edir. Lakin onun ictimaiyyət qarşısına çıxmaması da suallar doğurur. İstənilən halda Hakan Fidanın araşdırmalar nəticəsində “sudan quru” çıxıb-çıxmayacağı çox maraqla gözlənilir. 
“Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan Türkiyədə hərbi çevriliş cəhdinin qarşısının alınmasında ən böyük günahı olan rəsmi şəxslərdəndir. Deməli, Gülən şəbəkəsinə bağlı yüzlərlə hərbçi aylardır çevriliş planlaşdırır, gizli evlərdə, hotellərdə görüşüb fikir mübadiləsi aparır, MİT və Hakan Fidanın bundan xəbəri yoxdur. Ona görə də Ərdoğan və baş nazir Yıldırım Hakan Fidandan narazıdırlar”. 
 
Politoloq Elxan Şahinoğlu bu fikirləri “Yeni Müsavat”a açıqlaması zamanı söylədi. Ekspert xatırlatdı ki, ölkənin prezidenti və baş naziri terrorçu-hərbçilərin qiyamını Hakan Fidandan yox, qohumlarından (?!) öyrəniblər: “Hətta MİT başqanına telefon zəngi çatmırmış. Türkiyə kimi dövlət üçün bu, utancverici hadisədir. Belə çıxır ki, sabah başqa xarici qüvvələr də Türkiyə əleyhinə nəsə planlaşdırsalar, bundan MİT-in xəbəri olmayacaq. Buna baxmayaraq, Türkiyə prezidenti və baş naziri Hakan Fidanı hələ ki istefaya göndərmirlər. Çünki Türkiyə hakimiyyəti indiki mərhələdə hələ çevrilişin nəticələrini ortadan qaldırmağı, yeni çevriliş imkanlarının qarşısını almağı düşünür. Ancaq mən şübhə etmirəm ki, Hakan Fidan istefaya göndəriləcək”. 

E.Şahinoğlu qeyd etdi ki, Türkiyənin Baş Qərargah rəisi Hulusi Akarın da istefaya göndəriləcəyi istisna deyil: “O da qərargahındakı bu qədər «gülənçi»ni vaxtında müəyyənləşdirə bilməyib. Məsələn, adi bir fakt: Türkiyədə hərbi məktəblərdə riyaziyyat imtahanından adətən 3-4 nəfər tam yüksək bal toplayır. Ancaq bir ildə 1200 (?!) nəfər riyaziyyat fənnindən yüksək bal toplayıb. Necə olub ki, bu fakt MİT-in və baş qərargah rəisinin diqqətini çəkməyib? İndi bəlli olur ki, «gülənçi»lər test suallarını bir neçə gün əvvəl ələ keçirərək öz tərəfdarlarına paylayıblar ki, onlar yüksək balla hərbi məktəblərə qəbul olunsunlar”. 

Politoloq Türkiyə prezidentinin MİT rəhbərinə etimadından da bəhs etdi: “Rəcəb Tayyib Ərdoğan Hakan Fidana çox inanırdı, onu hər təhlükədən qoruyurdu. Hətta Gülənə bağlı prokurorlar Hakan Fidanı sorğu-suala çağırdıqda Ərdoğan bunun qarşısını aldı. Çünki Hakan Fidan həmin sorğu-sualdan sonra həbs oluna bilərdi. Ərdoğan eyni vəziyyətdə keçmiş qərargah rəisi İlkər Başbuğu qorumadı. «Gülənçi» prokurorlar onu saxta ittihamlarla həbs etdikdə Ərdoğan buna müdaxilə etmədi, imkan verdi ki, «gülənçi» prokurorlar ölkənin əsas hərbçisini şərləsinlər. Halbuki Başbuğ ölkə Konstutisuyasına daha sadiq çıxdı”. 
 
Politoloq bir məqama da diqqət çəkdi: “Keçmiş baş nazir Əhməd Davudoğlu Hakan Fidanı hakim AKP-dən millət vəkili seçdirmək istəyəndə də Ərdoğan buna mane oldu. Ərdoğanın əsas arqumenti o oldu ki, Hakan Fidan peşəkardır və o, MİT başqanı olaraq Türkiyəyə daha çox xidmət edə bilər. Ərdoğan yanıldı. Hakan Fidanın çevriliş günü susqun mövqeyini başqa amillə də izah etmək olar. Bəlkə elə gülənçi hərbçilər çevrilişdən sonra Hakan Fidanın da onların tərəfinə keçəcəklərindən ümidli idilər. Məsələn, ordu içində çox az general çevrilişçilərə müqavimət göstərdi, digərləri Gülən şəbəkəsinə bağlı olmasalar da, gözləmə mövqeyinə keçdilər. Onlar Gülən-Ərdoğan mübarizəsində kimin qalib çıxacağını gözləyirdilər. Eləcə də Hakan Fidanın qalibi gözlədiyi istisna deyil. Əgər bu versiya təsdiq olunarsa, Hakan Fidanın gələcəkdə prokurorluğa çağırılacağı şübhə doğurmur. Bu dəfə isə onu «gülənçi» prokurorlar deyil, konstitusiyanı əsas tutan prokurorlar sorğu-suala çağıracaqlar”.
 
Yeri gəlmişkən, E.Şahinoğlu sosial şəbəkədəki şəxsi səhifəsində də diqqətçəkən fikirlər yazıb. O qeyd edib ki, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqunun jurnalistlərlə görüşündə Fətullah Gülən şəbəkəsini nəzərdə tutaraq belə bir cümləsi diqqətimi çəkdi: “30 il Türkiyə bayrağı altında xidmət edən adamlar o gecə ”mənəvi lider"lərinin təlimatı ilə türk xalqına silah çəkdilər". Mənə bu cümlənin birinci hissəsi maraqlı gəldi. Həqiqətən “Türkiyə bayrağı altında xidmət edən həmin adamların” Türkiyənin keçmiş prezidenti Turqut Özaldan tutmuş keçmiş baş nazir Bülənt Ecevitə qədər dostluq etmədikləri siyasətçi qalmamışdı, hamısının xeyir-dualarını almışdılar, hətta indiki cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğan hakimiyyətinin ən azı 9 ilini onlarla dostluq və müttəfiqlik şəraitində keçirdi, qardaş ölkənin səfirləri belə indiki terrorçuların nümayəndələrinin məktəblərinə, universitetlərinə ziyarətləri özlərinə şərəf saydılar, birgə şəkil çəkdirdilər. Başqa cür olması da çətindir". E.Şahinoğlu sual edib: “Səfirlərin başlarının üstlərindəki liderlər Fətullah Gülənin və onun şəbəkəsinin illərlə nəvazişini çəkdilərsə, onlar nə etməli idilər? Ancaq elə siyasətçilər və səfirlər də tapıldı ki, Ərdoğan Güləni terrorçu elan edib onunla mübarizəyə başladıqda da Gülən şəbəkəsi ilə əlaqələrini kəsmədilər. Təsadüfi deyil ki, Türkiyənin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğ da müsahibəsində dedi ki, Ərdoğan çevrilişə qədər Gülən və onun şəbəkəsinə qarşı 4 il ərzində tək mübarizə aparıb, hakimiyyətdəki digər fiqurlar seyrçi qalıblar. Elə mənim özüm Bakıda türk diplomat və jurnalistlərlə görüşlərimdə Gülən şəbəkəsinin təhlükəsindən söz açarkən, həmsöhbətlərimin başqa mövzuya keçmələrinin şahidi olmuşam”.
musavat.com