Bir neçə gün öncə bəzi mağazalarda çörəyin qiyməti 10 qəpik bahalaşdı. Təbii ki, bu bahalaşma əhali tərəfindən narahatlıqla qarşılandı. Bu istiqamətdə mübahisələrin getdiyi bu vaxtda maraqlı mövzuda gündəmə gəldi. Söhbət Avropa ölkələrində çörəyin Azərbaycandan bir neçə dəfə baha olmasından gedir. Almaniya, Fransa kimi ölkələrdə 1 kiloqramlıq çörək 2 avro, yəni təxminən 3 manatdır. Bu isə bizim zavod çörəyindən 6 dəfə baha deməkdir.
Lakin burada ikinci bir məsələ də odur ki, həmin ölkələrdə əhalinin gəlir səviyyəsi, minimum əmək haqqı və təqaüdlər də ölkəmizdəkindən 5-10 dəfə çoxdur.
Bu təzadlı müqayisəyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, əksər ölkələrdə çörəkdən əsasən aztəminatlı ailələr istifadə edir, bu baxımdan, çörək heç bir ölkədə çox baha deyil:“Dünyanın əksər ölkələrində, o cümlədən də bizdə çörəkdən ən çox istifadə edən aztəminatlı ailələrdir. Azərbaycanda həm də bir çörək mədəniyyəti var, çörəkdən çox istifadə olunur. Əgər Avropa ilə müqayisə edib, orada çörəyin daha baha olduğunu deyirlərsə, bu o qədər də doğru yanaşma deyil. Avropada çörəyin bir kiloqramı 1,5-2 avro civarındadır. Almaniyada 1 kiloqramlıq çörək 1,5 avrodan bir qədər bahadır. İspaniyada 1 avro civarındadır. Fransada da 2 avroya yaxındır. Amma hər halda, Almaniyada minimum təqaüd 900 avrodur. İndiki məzənnə ilə hesablasaq, təxminən 1500 manata yaxın vəsait edir. Bizdə də maaşlar və təqaüdlər bu dərəcədə yüksək olsaydı, çörəyin 1-2 manat olması belə insanlar üçün problem olmazdı. Avropa, Amerika ilə qiymətləri müqayisə etmək doğru deyil. Azərbaycanı ətraf ölkələrlə müqayisə etmək daha doğru olar. Gürcüstanda, Ermənistanda, Rusiyada, Qazaxıstanda çörəyin qiyməti təxminən Azərbaycanda olduğu kimidir. Amma Azərbaycanda baş verən iki devalvasiyadan sonra orta aylıq əmək haqq dollar ekvivalentində MDB məkanında ən aşağı səviyyəyə düşüb. O baxımdan, müqayisələri qonşu ölkələrlə aparıb, orta aylıq əmək haqqını, yaşayış minimumunu, minimum təqaüdü müqayisə edib, nəticə çıxartmaq lazımdır. Qiymətləri Avropa qiymətləri ilə müqayisə etmək doğru deyil.
Avropa ölkələrində çörək maksimum 2 avrodur. Almaniyada 1 kiloqram çörək 1,8-2 avrodur, Fransada da onların ən çox sevdiyi fransız batonu adlanan çörək 1,5 avrodur. Azərbaycanla müqayisədə bu təbii ki, baha qiymətlərdir. Lakin orada orta aylıq əmək haqqı da Azərbaycandan ən azı 15-20 dəfə yüksəkdir".
Ekspertin sözlərinə görə, Avropada istehsal olunan çörəklə Azərbaycanda satılan çörəkdə keyfiyyət fərqi də var: “Ölkəmizdə çörək üçün istifadə olunan buğdanın təxminən 70-75 faizi Qazaxıstandan, Rusiyadan, Ukraynadan gətirilən buğdadır. Çünki Azərbaycanın yerli buğdası həddindən artıq keyfiyyətsizdir. Həmin buğdadan keyfiyyətli çörək almaq mümkün deyil. Təxminən 75 faiz xaricdən gətirilmiş unla, 25 faiz yerli unu qataraq nisbətən keyfiyyətli çörək istehsal etmək mümkündür. Bu səbəbdən onu satmaq da mümkün deyil, texniki taxıl kimi istifadə olunur”.
N. Cəfərli Azərbaycan buğdasının keyfiyyətsiz olmasının səbəbini hökumətin taxılçılığın inkişafı ilə bağlı proqramında olan nöqsanlarla əlaqələndirdi: “Bunun səbəbi də odur ki, bizdə fermerlərə verilən subsidiyanın buğdanın keyfiyyətinə görə deyil, əkilən ərazinin sahəsinə görə verilməsidir. Biz bununla bağlı dəfələrlə hökumətə təkliflər vermişik ki, bu, yanlış yoldur. Bundan sonra əksər icra başçıları, fermerlər və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri əlbir olub daha çox əkin sahəsi yazmaqla daha çox subsidiya mənimsəməyə başladılar. Bu da dövlətin bu sahəyə ayırdığı vəsaitlərin düzgün istiqamətdə xərclənməməsinə səbəb oldu.
Dünyanın hər yerində dövlət təşviq proqramını son məhsulun həcminə və keyfiyyətinə görə verirlər. İndi Azərbaycanda çörəklə bağlı yaranmış vəziyyətin günahkarı hökumətin qeyri-effektiv proqramıdır. Nəticədə həm yerli buğdanın keyfiyyəti və həcmi aşağı düşdü, həm də idxaldan asılılıq yarandı".
musavat.com
