|
Nazirlik xəstə uşaqları Türkiyəyə müalicəyə göndərdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan uşaqları Türkiyəyə müalicəyə göndərib.

Bu barədə virtualaz.org saytına nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.

Onun sözlərinə görə, sağlamlıq imkanları məhdud olan uşaqlar Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzində fizioterapevtik müalicə kursu keçəcəklər. Həmin mərkəz əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi reabilitasiyası üzrə ixtisaslaşmış müəssisədir.

Qeyd edək ki, indiyədək nazirlik tərəfindən 128 nəfər xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib. Onlardan 70 nəfərini əlilliyi olan şəxslər, 58 nəfərini sağlamlıq imkanları məhdud uşaqlar təşkil edib.