Azərbaycanın hakim partiyası YAP və bəzi müxalifət partiyaları 26 sentyabrda keçiriləcək referendumla bağlı təşviqat qrupları yaratmaq istiqamətində fəaliyyətə başlayıb.
Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda təşviqat qrupu qismində iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən təşəbbüs qrupunun yaradılması məqsədilə avqustun 1-də təşəbbüsçülərin yığıncağı keçirilib. YAP-dan verilən məlumata görə, yığıncaqda 3952 ilkin təşəbbüsçünü təmsil edən 315 nümayəndə iştirak edib.
Təşəbbüs qrupunun “Yeni Azərbaycan” adlandırılması qərara alınıb. Təşəbbüsçülərin yığıncağında Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təşəbbüs qrupunun 24 nəfər səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin olunub, habelə yaradılan “Yeni Azərbaycan” təşəbbüs qrupunun qeydiyyatdan keçməsi məqsədilə Mərkəzi Seçki Komissiyasına bildiriş təqdim edilməsi haqqında qərar qəbul edilib.
Müxalifət partiyalarından isə hələlik yalnız Müsavat Partiyası “Respublika” təşviqat qrupu elan edib. REAL Vətəndaş Hərəkatı da təşviqat qrupu yaratmaq niyyətini açıqlayıb.
26 sentyabrda keçiriləcək konstitusiyaya edilən əlavə və dəyişikliklərlə bağlı referendum üzrə təşviqat qrupunun yaradılması üçün avqustun 2-də saat 12-də Müsavat Məclisinin referendumla bağlı növbədənkənar sessiyası və təşviqat qrupu yaradılması üçün təşəbbüs qrupu nümayəndələrinin toplantısı keçiriləcək. Müsavat Partiyasından verilən məlumata görə, artıq 50-yə yaxın regionda “Respublika” təşviqat qrupu üzrə ilkin təşəbbüs qrupları yaradılıb.
Hakim partiyanın təşviqat qrupu referendumun lehinə, Müsavatın “Respublika” təşviqat qrupu isə əleyhinə təbliğat aparacaq.
Təbliğatın aparılması üçün isə Seçki Məcəlləsi bir sıra imkanlar verir. Bunlardan ən mühümü İctimai Televiziyada ödənişsiz və ödənişli efir vaxtının verilməsidir. Efir vaxtı əldə etmək və ölkə boyu təbliğat aparmaq üçün təşviqat qrupu yaradılmalıdır. Seçki Məcəlləsinin tələbinə görə, təşviqat qrupunun yaradılması üçün ən azı 2 min imza tələb olunur. 40 min imza toplaya bilən təşviqat qrupu İctimai Televiziyada pulsuz efirlə təmin edilir. Mərkəzi Seçki Komissiyasının kimlərin yaradacağı təşviqat qrupunu qeydə alacağı barədə isə indidən dəqiq fikir bildirmək tezdir.
Referendumla bağlı təbliğat-təşviqat kampaniyasına Seçki Məcəlləsinin tələbinə görə, sentyabrın 3-də start veriləcək.
