İyulun 30-dan etibarən Bakıda bir sıra mağazalarda çörəyin qiymətində 10 qəpik artım olub. Lakin maraqlı məqam ondan ibarətdir ki, eyni zavodun istehsalı olan çörəklər müxtəlif mağazalarda fərqli qiymətlərlə satılır.
Bakıda adətən çörəyin qiymətində artıma (10 qəpik) məhəllə marketlərində və digər bu kimi pərakəndə satış yerlərində rast gəlmək olur. “Yeni Müsavat”ın əməkdaşı müşahidə aparıb ki, iri ticarət mərkəzlərində çörək əvvəlki qiymətinə satılır. Misal üçün, “Araz”, “Rahat” marketlər şəbəkəsində qiymət artımı yoxdur. Eyni zamanda “Bazar store”da çörək hələ ki həmişə olduğu kimi, 40 qəpiyə satılır. Lakin misal üçün, “Planet market”də Binə, Bakıxanov, Nur çörək zavodlarının çörəkləri iyulun 30-dan etibarən 50 qəpiyə satılır. Hətta bu barədə çörək vitrininin önünə xüsusi qiymət göstərən lövhə də vurublar. Mağaza satıcıları bildirirlər ki, qiyməti qaldıran onlar yox, zavodlardır. Yuxarıda da qeyd etdiyimiz kimi digər mağazalarda isə eyni zavodun çörəkləri 50 deyil, 40 qəpiyə satılır.
Məsələ ilə bağlı son günlər rəsmi açıqlama da verilib.
Açıqlamalarda da deyildi ki, hazırda çörəyin qiymətində heç bir artım yoxdur. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bu xüsusda bildirib: “Çörək qiymətləri dövlət tərəfindən tənzimlənməyən məhsulların siyahısına daxildir. Bununla belə, qiymətləri dövlət tərəfindən tənzimlənməyən mallar üzrə də süni qiymət artımına yol verilməməsi üçün mütəmadi monitorinqlər aparılır. Əgər qarşıdakı dövrdə qiymətlərdə dəyişiklik baş verərsə, bunun səbəbləri araşdırılacaq”.
Bəs belə olduğu halda, çörəyin qiymətinin qalxma səbəbi nədir? İqtisadçı ekspert Vüqar Bayramov “Yeni Müsavat”a bildirib ki, hazırda çörəyin qiymətini analiz edib konkret fikir bildirmək üçün maneələr var:“Çörək istehsalçısı olan zavodlar 1 kiloqram çörəyin xərci ilə bağlı açıqlama yaymayıblar. Nəticədə çörəyin hər kiloqramının xərc strukturu bəlli deyil. Ona görə də bu gün qiymətin xərcdən üstün və ya az olduğunu müəyyənləşdirmək çətindir. Bu baxımdan, daha məqsədəuyğun olardı ki, çörək istehsal edən zavodlar hər kiloqram çörəyin onlara neçəyə başa gəlməsi ilə bağlı ictimaiyyəti məlumatlandırsınlar. Bəlli olsun ki, bu gün çörəyin qiymətinin artırılması üçün zəmin var, yoxsa yoxdur. Düşünmürəm ki, çörəyin qiymətinin artması istehsala ciddi təsir göstərir. Nəzərə alaq ki, elektrik enerjisinin hər bir çörəyin xərc strukturunda payı elə də çox deyil. Bu baxımdan da elektrik enerjisinin qiymətinin artması çörəyin bahalaşmasına iqtisadi zəmin yaratmır”.
Ekspert bildirib ki, xərc strukturları ilə bağlı müxtəlif məlumatlar var: “Bütün bunlara görə, indiki məqamda çörəyin qiymətinin artmasına iqtisadi zəminin olub-olmamasını da müəyyənləşdirmək çətindir. Yuxarıda da qeyd etdiyim kimi, zavodların çörəyin xərc strukturu ilə bağlı məlumatları ictimaiyyətə təqdim etmələrinə ehtiyac var. Bir məqam da var ki, Azərbaycan taxıla olan ehtiyacının əhəmiyyətli bir hissəsini xaricdən idxal hesabına ödəyir. İstehsal etdiyimiz taxılın böyük bir qismi çörək üçün keyfiyyətli deyil. Ona görə də çörək istehsalının idxaldan asılılığı var. Bundan başqa, manatın məzənnəsinin aşağı düşməsi də idxal edilən buğdanın manat ifadəsində qiymətinə təsir göstərir. Ancaq eyni zamanda Nazirlər Kabineti tərəfindən vergilərin tənzimlənməsi istiqamətində addımlar atılıb. Bu baxımdan, əgər manatın qiymətinin aşağı düşməsi xərci artırırsa, vergilərin azaldılması və ləğvi xərcin optimallaşdırılmasına gətirib çıxarıb”.
Ekspertin çörəyin müxtəlif yerlərdə fərqli qiymətə satışına münasibəti belə olub: “Adətən iri supermarketlərin qiymətə təsir imkanları var. Onlar böyük həcmdə çörəyin satışını həyata keçirirlər. Kiçik mağazaların isə bu cür imkanları yoxdur. Düşünmürəm ki, kiçik və iri mağazalarda müxtəlif qiymətə satılan çörəklərdə keyfiyyət, çəki fərqi var. Yeganə məsələ, yuxarıda qeyd etdiyim kimi, iri marketlərin daha çox çörək satmaları və bu səbəbdən əvvəlki qiyməti saxlaya bilmə imkanlarıdır”.
Yada salaq ki, manatın ikinci devalvasiyasından sonra da çörəyin və unun qiymətində artım müşahidə olunmuşdu. Həmin zaman hökumətin, yerlərdə icra hakimiyyətinin nümayəndələrinin işə qarışması nəticəsində qiymətlər əvvəlki vəziyyətinə qaytarıldı.
