|
«Xudafərin» MMC vətəndaşın hüquqlarını pozmaqda davam edir

Haqqı tapdalanan paytaxt sakini Zakir Qaralov, Ramil Usubov və Kamran Əliyevə müraciət etdi

Əvvəlki saylarıımızdan birində «A.M.A.Y Abdulla»nın fırıldaqları açılır» başlıqlı məqalə dərc olunmuşdu. Yazıda  «A.M.A.Y» Ticarət Mərkəzinin sahibi Abdulla Abdullayevin sahibi olduğu «Xudafərin» MMC-nin vətəndaşlara külli miqdarda ziyan vurmasından, onun qardaşı oğlu Məğrur Abdullayevin qeyri-qanuni işlərlə məşğul olmasından bəhs edilirdi. «2011-ci ildə Abdulla Abdullayevin himayəçisi olduğu «Xudafərin» Məhdud Məsuliyyətli Cəmiyyətin «Ayna Sultanova» heykəlinin yaxınlığında inşa etdirdiyi göydələndən iki mənzil almışam.

Mənzillərin hər ikisinin pulunu, yəni 165 min ABŞ dollarını Abdulla Abdullayevin qardaşı oğlu Məğrur Abdullayevə ödədim. Bu adamlarla əvvəllər münasibətim olmuşdu. Amma fırıldaq iş gördüklərini bilmirdim. Sonradan öyrəndim ki, şirkətin rəhbər işçiləri bir mənzili 10-15 adama satıblar. Şirkətdə tez-tez direktor dəyişikliyi olur. Dərhal pulu verdiyim şəxslə əlaqə saxlayıb mənzildən imtina etdiyimi dedim. Mənə məxsus olan mənzillərdən biri başqa adama da satılmışdı. Eynilə mənə təqdim etdikləri sənədləri həmin şəxsə də vermişdilər. Bir güclə 80 min dollarımı geri aldım. Ancaq digər mənzilin pulunu, yəni 85 min dolları bu vaxta kimi ala bilmirəm. Üçüncü ildir ki, məni get-gələ salırlar.

«Xudafərin» MMC-nin təsisçisi Anar Məmmədov adlı şəxsdir. Həm o, həm də Məğrur Abdullayev gündə bir vəzifəli şəxsin adından istifadə edirlər. Şirkətdən pulumu tələb edirəm. Yüksək rütbəli şəxslərin adını çəkməklə bizi qorxutmağa çalışırlar. Mənim kimi onlarla adama atıblar. Bir evi bir neçə nəfərə satıb camaatı yaman günə qoyublar. Qəzet vasitəsilə əlaqədar hüquq-mühafizə orqanlarından, ən əsas da daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralov cənablarından kömək istəyirəm. Abdulla Abdullayev həbs edilsə də, onun qohum-əqrəbası, xüsusi olaraq qardaşı oğlu Məğrur Abdullayev qanunsuz işlərini davam etdirir», deyə şikayətçi bildirmişdi. Dünən yenidən redaksiyamızla əlaqə saxlayan vətəndaş qeyd etdi ki, qəzetdə dərc olunan məqalədən sonra Məğrur Abdullayev təşvişə düşüb və mənzilə görə aldığı 85 min dolları geri qaytaracağına dair söz verib: «Mənə dedi ki, qəzetə şikayət etmə pulunu qaytaracam. Məğrura inanıb bir müddət gözlədim. Nə vaxt zəng edirəmsə bu gün sabah deyə-deyə vaxtı uzadır. Artıq bütün səbrim tükənib. Üç ildir pulumu ala bilmirəm.

Ümumiyyətlə, bu adamlara inamım qalmayıb. Abdulla Abdullayev həbs olunandan sonra həm Məğrur, həm də digər qohumları həyəcan keçirirlər. Öz insanlığımı göstərib gözlədim. Amma qarşı tərəf bunu dəyərləndirmir, pulu qaytarmaq istəmir. Məcburiyyət qarşısında yenidən qəzetə üz tutmuşam. İndiyə kimi səbr etdim gözlədim bəsdir. Bundan sonrasını vaxtilə məndən pulu alan Məğrur Abdullayev fikirləşsin.

Camaat pulu yerdən toplamır. Mənzilə ödədiyim pulu neçə illər əziyyət çəkib işləyib yığmışdım. Əgər pulumu qaytarmasa, onun haqqında ən yuxarı orqanlara şikayət edəcəm». Şikayətçi deyir ki, M.Abdullayev əmisinin yolu ilə gedir: «Abdulla Abdullayevin çöldə nə qədər işləri varsa hamısını o idarə edir.

Həbsdə olan iş adamının biznesini məhz qardaşı oğlu nəzarətdə saxlayır. O, mənim kimi onlarla adamın pulunu mənimsəyib. Qəzet vasitəsilə yenidən baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə müraciət edib kömək istəyirəm. Onlardan xahiş edirəm ki, 85 min dollarımın qaytarılması üçün öz yardım əllərini uzatsınlar və üç ildir məni süründürməçiliyə məruz qoyan Məğrur Abdullayevi cinayət məsuliyyətinə cəlb etsinlər».

Qarşı tərəfin də cavab haqqını tanıyırıq.

 

(ardı var)