Ölkənin bank sistemi ciddi böhrandan çıxa bilmir. Əksər ekspertlər artıq bank sisteminin çökdüyü qənaətindədirlər. Həmçinin bildirilir ki, bağlanmayan bankların da vəziyyəti yaxşı deyil. İlin sonuna qədər bankların bağlanmasının davam edəcəyi də vurğulanır.
İqtisadçı alim Fikrət Yusifov musavat.com-a bildirib ki, bank sistemindəki islahatlar getdikcə dərinləşir: “Bu, labüd idi. Çünki iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı istiqamətində hökumətin son bir ilə qədər gördüyü təxirəsalınmaz tədbirlər bank islahatlarının da eyni sürətlə aparılmasını zəruri edir. Real sektorun maliyyələşdirilməsində banklar öz sözünü deməyi bacarmalıdırlar. Bunun üçün də onların müasir dövrün tələblərinə uyğun yenidən qurulması böyük əhəmiyyət kəsb edən bir məsələdir”.
Ekspertin sözlərinə görə, yeni iqtisadi mühitdə banklar bazarı daha yaxından hiss edən, onun tələblərini hər kəsdən tez müəyyən etməyi bacaran bir struktur kimi fəaliyyət göstərməyə borcludurlar: “Dünya təcrübəsi göstərir ki, məhz bu prinsipləri öz fəaliyyətinin əsasına qoyan bank sistemi olan ölkələrdə iqtisadiyyatın sürətli inkişafı təmin edilə bilmişdi. Bir sözlə, iqtisadiyyatın yüksəlişi, məhz bank sektoru tərəfindən fasiləsiz pul və kapital dövriyyəsinin təmin edilməsindən, ayrı-ayrı sahələrin, dövlətin və əhalinin kreditləşməsinin yüksək səviyyədə təşkil edilə bilməsindən asılıdır. Real olan budur ki, banklar əhalinin və müəssisələrin sərbəst vəsaitlərini, habelə digər sərfəli mənbələrdən vəsaitləri cəlb edib, onları müxtəlif sahələr arasında yenidən bölüşdürməklə, bütövlükdə ölkə iqtisadiyyatının inkişafını təmin etmək kimi önəmli bir vəzifəni yerinə yetirməlidirlər”.
F.Yusifov qeyd edib ki, bankların iqtisadiyyatın inkişafında mühüm rolunu nəzərə alan hökumət iqtisadiyyatın real sektorunda aparılan sürətli islahatlarla eyni vaxtda bank islahatlarına da xüsusi yer verdi: “Bu ilin fevral ayının əvvəllərində Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı və banklarda olan bütün əmanətlər üç il müddətinə tam sığortalandı. Bugünlərdə isə ölkə başçısı fərmanla Maliyyə Stabilliyi Şurası yaratdı. Bu qərar dünyanı bürümüş iqtisadi və maliyyə böhranı şəraitində ölkədə maliyyə sabitliyinin tam bərqərar olması və bank sektorunda islahatların səmərəli aparıla bilməsi məqsədilə qəbul edildi. Baş nazirin rəhbərliyi altında fəaliyyət göstərəcək bu şuraya ölkənin əsas iqtisadi və maliyyə qurumlarının rəhbərləri daxildir. Şuranın əsas məqsədi ölkədə maliyyə sabitliyi yaratmaq yolunda bütün aidiyyəti qurumların fəaliyyətini tam koordinasiya etməkdən ibarətdir. Deməli, bundan sonra ölkənin maliyyə sabitliyinin təmin olunmasına yönəlik addımlar ayrıca götürülmüş bir qurumun deyil, bütöv bir peşəkar komandanın razılaşdırılmış qərarı əsasında atılacaq. Bank sisteminin yenidən qurulması aparılan iqtisadi islahatların səmərəliliyini təmin etməyə hesablanıb. Əslində bütün başqa islahatlar kimi bank islahatları da ağrısız olmur. Lakin bu gün başqa bir seçim etmək də mümkün deyil. Bank islahatları tezliklə aparılmalı və bunun nəticəsi olaraq ölkədə müasir tələblərə cavab verən güclü banklar yaradılmalıdır. İslahatlar nəticə etibarilə bankların üzünü əsaslı şəkildə ölkənin iqtisadiyyatına çevirməyi nəzərdə tutur. Banklar nəhayət ki, girov xəstəliyindən yaxa qurtarmalıdırlar. Onlar kredit verərkən, ilk növbədə bütün səylərini təqdim olunmuş layihənin reallığını yüksək peşəkarlıqla araşdırmağa sərf etməlidirlər. Bunun üçün də bankların müvafiq strukturlarında çalışan mütəxəsislərin yüksək peşə hazırlığı aparılmalıdır”.
Ekspert Əkrəm Həsənov 2016-cı ilin II rübü üzrə hesabatların təhlili əsasında bankların təsnifatını verib. O bildirib ki, əksər banklar hesabatlarını gizlədir: “İkinci rübün bitməsindən 1 ay ötür. Qanunvericiliyə əsasən, banklar saytlarında rübün maliyyə nəticələrini əks etdirən hesabatlarını dərc etməli idi. Lakin dərc etməmə üzrə bu dəfə rekord vurulub: 33 bankdan cəmi 8-i hesabatı açıqlayıb. Xatırladıram ki, hesabatlarını daim gizlədən 4 bank da bu ay bağlandı və məhz bunun nəticəsində 33 bank qaldı. Buna görə də hesabatı gizlədən banka qətiyyən etibar etmək, orada pul saxlamaq olmaz. Düzdür, hesabatı açıqlayan banka da etimad şərtidir, çünki Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, bəzi banklar hesabatları təhrif edilmiş şəkildə təqdim edir. Altı bank hesabatını ilk dəfə açıqlamayıb. Səkkiz bank isə hesabatını açıqlayıb”.
Ə.Həsənov bağlanmış bankların ləğvi məsələsinin də aktual olduğuna diqqət çəkib: “Bankın ləğvedicisi bankın vəsaitini asanlıqla mənimsəyir. Tutaq ki, bağlanan bankın 100 milyon manat ekvivalentində borcu qalıb, bunun 45 milyonu sığortalanmış əmanətlər, 30 milyonu sığortalanmamış əmanətlər, 20 milyonu sahibkarların bank hesablarındakı vəsaitlər, 4 milyonu digər banklara borcu, 1 milyon işçilərinin əmək haqqı, habelə dövlətə vergi borcudur. Bankın özünün isə cəmi 70 milyon manat əmlakı var, 60 milyon ona borcluları tərəfindən ödənilməli olan kreditlərdir, 10 milyonu isə daşınmaz əmlakı, avtomobilləri və digər daşınar əmlakıdır. Bankın bütün borclarını ödəməsinə 30 milyon çatmır. Bank sahiblərinin və menecerlərinin fəaliyyəti nəticəsində zərər yaranıb, amma fakitiki mənimsənilib. Yəni bankın kreditorlarından kimsə pulunu qismən və bəlkə də hətta tam ala bilməyəcək. Bankın ləğvedicisinin vəzifəsi ondan ibarətdir ki, banka olan kreditləri yığsın, əmlakını isə satsın ki, əldə edilən 70 milyon manatı kreditorlar arasında bölüşdürsün. Bu necə olmalıdır və reallıqda necə olur? Sığortalanmış əmanətləri Əmanətlərin Sığortalanması Fondu uzağı 6 ay ərzində əmanətçilərə qaytarmalıdır. Bundan sonra ləğvedici ilk növbədə fondun ödədiyi həmin 45 milyon manatı fonda qaytarmalıdır. Tutaq ki, 60 milyon manatlıq kreditlərdən ləğvedici 45 milyonunu qaytara bildi. 10 milyon manatlıq əmlakı isə 5 milyona satdı. Deməli, nəticədə 70 milyon əvəzinə cəmi 50 milyon əldə edildi. Bu 50 milyondan da 45-i Əmanətlərin Sığortalanması Fonduna qaytarılacaq. Yerdə qalan cəmi 5 milyondan 3 milyon manatı ləğvedicinin bu işdəki xərcinə çıxılacaq: əmək haqqı, inzibati xərclər və sair. Təbii, şişirtmələr də olacaq. 1 milyon manatı ləğvedici ilə dil tapa bilən hansısa banka qaytarılacaq. Qalan 1 milyona isə bankın işçilərinin maaşı və dövlətin vergisi ödəniləcək. Beləliklə, aşağıdakı şəxslərə 1 qəpik belə qaytarılmayacaq: 30 milyon sığortalanmamış əmanətlərin sahibləri, bank hesablarındakı 20 milyon vəsaitin sahibi olan sahibkarlar və 3 milyon vəsaitin sahibi olan banklar. Halbuki arada itən 20 milyon manat da ortada olsaydı və ləğvedici xərclərini şişirtməsəydi, bu 53 milyon manatın sahibləri də qismən də olsa pulunu geri ala bilərdi. Bəs həmin 20 milyon hara gedib? 10 milyon manatlıq əmlakın 5 milyona satılmasının izaha ehtiyacı yoxdur, məncə, ləğvedici, sadəcə, əmlakı bilərəkdən ucuz satıb.
Kreditlərə gəldikdə isə qeyd edildiyi kimi, banka olan kreditlər 65 milyon təşkil edirdi, amma ləğvedici cəmi 50 milyon qaytara bilib. Ləğvedici bəzi borcalanlarla iş birliyinə daxil olub rüşvət alaraq krediti tam geri almayıb. Məsələn, krediti restrukturizasiya edərək bir hissəni guya bağışlayıb. Yaxud da bilərəkdən məhkəmə prosesində zəif çıxış edərək qismən məğlub olub. Yaxud məhkəmə qərarından sonra borc alanı sonadək təqib etməyib və guya müflis olması ilə barışıb. Və ya kredit üzrə girov əmlakı bilərəkdən xeyli ucuz qiymətə satıb və sair. Borcu qaytarmaq çətindir, amma borcu bilərəkdən almaqdan yayınmaq və buna qanuni don geyindirmək çətin deyil”.
Ekspert ləğvedilmə mexanizmindən çıxan nəticəni də bölüşüb: “Bankın sahibləri və menecerləri 30 milyon manatı mənimsəyərək bankı müflis edir və buna görə cəzalanmır, müştərilər 30 milyon manatı itirir. Bank nəzarəti orqanının təyin etdiyi ləğvedici olan-qalan əmlakı da talan edir və müştərilər əlavə olaraq da 23 milyon itirir. Belə banklara və bank nəzarətinə necə etimad etmək olar?”
