Ermənistanda hakimiyyətlə radikal müxalifət qüvvələri arasında iki həftə sürən silahlı qarşıdurma Sərkisyan rejiminin nisbi qələbəsi ilə yekunlaşdı. Ona görə “nisbi” ki, silahlılar təslim olsa da, bu hadisələrə gətirən siyasi motivlər, radikal qüvvələrə ictimai dəstək yerində qalır. Demək, bənzər hadisələr istənilən an təkrarlana bilər. Ayrı sözlə, buna hakimiyyətin “Pirr qələbəsi” də demək olar.
Nəzərə alsaq ki, Dağlıq Qarabağa dair sülh danışıqları 4 günlük aprel müharibəsindən sonra həssas bir mərhələyə daxil olub və tezliklə danışıqlar prosesində konkretlik gəlməlidir, konkretlik də rəsmi İrəvanın ərazi məsələsində nəhayət, pozitiv yanaşmasını tələb edir, o zaman bu ehtimal daha da güclənmiş sayıla bilər. Hər halda, polis binasını zəbt edənlərin, radikalların həbsdəki lideri Jirayr Səfilyanın tələblərindən biri hakimiyyətin Qarabağa dair heç bir güzəştə getməməsi ilə bağlı idi.
Silahlılar təslim olsa da, bu tələb aktuallığını itirməyib. Çünki erməni toplumunun da böyük hissəsi radikal müxalifətin bu mövqeyini müdafiə edir. Şübhə yox ki, Sərkisyan rejimi cəmiyyətdəki bu ovqatı bilir. Bəzi təhlilçilərə görə, İrəvanda iki həftəlik qarşıdurma bu mənada hakim qüvvətə lazım ola bilərdi. Yəni Sərkisyan iqtidarı bununla vasitəçi dövlətlərə göstərmək istəyirdi ki, o, Qarabağ məsələsində güzəştə getmək istəsə də, cəmiyyət bunun əleyhinədir, bu üzdən ona xaricdən təzyiqlər edilməsin.
***
Beləcə, işğalçı ölkədə nisbi sakitlik bərpa olsa da, qarışıqlıq ehtimalı aradan qalxmayıb. Bunu prosesləri diqqətlə izləyən Qərb diplomatları və institutları da qeyd eləməyə başlayıb. Məsələn, ABŞ-ın Ermənistandakı səfirliyi polis binasının azad edilməsi əməliyyatından sonra İrəvanı nə qədər ki, daha çox sayda adam yaralanmayıb və ölməyib, daxili siyasi böhranı dinc yolla həll eləməyə çağırıb. Bu barədə səfirliyin twitter səhifəsində yerləşdirilmiş məlumatda deyilir.
Öz növbəsində Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Pedro Aqramunt özünün twitter səhifəsində İrəvandakı olaylarla bağlı dərin təəssüfünü bildirərək yazıb: “Ölkədəki böhranı dialoq yolu ilə, Avropa Şurasının standartlarına hörmət əsasında həll eləmək lazımdır”.
Bəs İrəvandakı qanlı hadisələrin ardınca Qarabağ danışıqları hansı axarda gedəcək, həmin hadisələrin diktəsi ilə sülh prosesinə hansısa korrektələr mümkünmü? Konkret olaraq, Rusiya “Lavrov planı” deyuilən bir planı həyata keçməsi üçün öz təşəbbüskarlığını davam etdirəcəkmi?
Hələlik bunu söyləmək çətindir. Bir şey dəqiqdir ki, Ermənistandakı məlum olaylar yeni kövrək sülh prosesinə təsirsiz ötüşməyəcək. Serj Sərkisyan daxili durumu əsas götürərək özünü daha radikal aparmağa çalışacaq. Bu ay isə - ehtimal ki, Parisdə - Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü planlaşdırılır. Öncəki saylarımızda vurğuladğımız kimi, apreldə ciddi zərbə alan Ermənistanın başçısı bu görüşə daha güclü mövqe ilə getməyə səy edəcək.
***
Rəsmi İrəvanın əsas hədəfi isə budur ki, Qarabağ probleminin həlli mərhələli yox, paket variantda getsin. Yəni ərazilər boşaldılmazdan öncə Dağlıq Qarabağın statusu bəlli oldu. Bu statusu da erməni tərəfi referendum yolu ilə müstəqillik verilməsində görür - hansına ki, Azərbaycan təbii ki, heç vaxt razı olmayacaq. 22 illik atəşkəs dövrü artıq buna şəkk-şübhə saxlamayıb. Nəinki saxlamayıb, üstəlik, ilk dəfə olaraq atəşkəsin ən geniş miqyasda pozulmasına - aprel döyüşlərinə gətirib.
Bu mənada işğalçı tərəfi daha radikal mövqeyə kökləyən İrəvan olaylarının müharibə ehtimalını artırdığını söyləmək mümkündür. Ona görə ki, status-kvonun apreldən əvvəlki kimi qalması artıq mümkün deyil və bu, gec-tez vəziyyətin daha böyük miqyasda partlamasına gətir bilər.
Söz yox ki, Ermənistan özbaşına deyil. İstər sülh, istərsə də və ələlxüsus müharibə məsələsində satellit Ermənistan Rusiyanın izni olmadan heç bir addım atmağa cürət eləməz. Demək, bundan sonrakı proseslərdə də çox şey Moskvanın münaqişəyə yanaşmasından asılı olacaq. Ümid edək ki, bir həftə sonra - avqustun 9-da Sankt-Peterburqda baş tutacaq Ərdoğan-Putin görüşü Qarabağ məsələsinin həllinə də pozitiv işıq salacaq, konfliktin həllinin dalandan çıxarmağa stimul verəcək.
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iyundakı Peterburq görüşündə bəzi məlumatlara görə, mərhələli həll planını işə salmaq haqda prinsipial razılıq əldə edilib. İndi də Peterburqda Türkiyə və Rusiya prezidentləri bir araya gələcək. Bəllidir ki, hər iki ölkənin Qarabağ məsələsinə mühüm təsir imkanları və rıçaqları var. Rusiya Ermənistan, qardaş ölkə isə Azərbaycan üzərində mühüm söz sahibliyinə və təsirə malikdir. O zaman niyə də bölgənin iki super dövləti bu potensialı qarşılıqlı dividentlər naminə işə salmasın?
***
Xatırladaq ki, aprel döyüşlərindən sonra Azərbaycan və Ermənistan prezidentləri iki dəfə - Vyanada və Rusiyanın “ikinci paytaxtı”nda bir araya gəliblər. Üçüncü görüşün Parisdə olacağı bildirilir. Lakin bu arada İrəvanda yaşanan məlum dramatik olaylar görüşə ATƏT-in Minsk Qrupu həmsədrləri səviyyəsində hazırlıq işlərini ləngitdi. Yəqin ki, bundan sonra hazırlıq sürətlənəcək.
Prezidentlərin növbəti görüşü isə Rusiyanın moderatorluq elədiyi yeni sülh təşəbbüsünün mahiyyətinə xeyli dərəcədə aydınlıq gətirməlidir. Böyük ehtimalla, məhz üçüncü görüşdən sonra Qarabağ münaqişəsi zonasında status-kvonun indiki kimi qalıb-qalmayacağı, başqa sözlə, hərbə, yoxsa sülh yoluna üstünlük veriləcəyi aydınlaşacaq.musavat.com
