|
“Qarabağ məsələsini yeni savaş həll edəcək, hazır olmalıyıq!”
Ermənistanda 17 iyulda silahlı dəstənin ölkə polisinə məxsus post-patrul alayının binasını ələ keçirməsi ətrafında gərginlik davam edir. Sərkisyan  hakimiyyətinin bir silahlı dəstəni dərhal zərərsizləşdirməməsi, vəziyyətin daha da kritikləşməsinə imkan yaratması şübhələrə səbəb olub və hətta proseslərin arxasında iqtidarın özünün dayandığı barədə ehtimallar var. 
 
İşğalçı ölkədə baş verənləri qəzetimizə Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin və Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümü rəhbəri, professor Qafar Çaxmaqlı şərh etdi:

- Qafar bəy, necə bilirsiniz, İrəvanda qiyama qalxan silahlı dəstənin arxasında xalq dayanıb, Rusiya amili var, yoxsa prezidentlə münasibətlərində çat yaranan müdafiə naziri Seyran Ohanyan onlara dəstək verir deyə Sərkisyan bu dərəcədə ehtiyatlanır?
 
- Ermənistanda xeyli dərəcədə dövlətə təsir edə bilən və onları milli məsələlərdə iradəsinə tabe etmiş qüvvələr mövcuddur. Bu, Qarabağda özlərinin deyimi ilə “qan töküb torpaqları azad etmiş” qüvvələrdir. “Yerkrapa” Könüllülər təşkilatı və “Sardarabat” tipli örgütlərdir. Bunlar ölkə rəhbərliyini öz dedikləri ilə oturub-durmağa məcbur ediblər.
 
Keçmiş prezident  Robert Köçəryan bunlarla çox yaxın olub və ölkədə mülkiyyət bölüşdürülməsində onların payını verib. Sərkisyan da xələfinin qoyduğu qaydalara əməl edib. Əslində bu adamlar, yəni birinci Qarabağ müharibəsinin “qəhrəmanları” - Manvel Qriqoryan da, Jirayr Sefilyan da, Vazgen Sislyan da və digərləri də Sərkisyanın dövlət xaricində vuran əli olublar. Onların tərəfdarlarının zaman-zaman radikal çıxışları qorxulu olmayıb, hakimiyyət də, xalq da “onlar hər zaman haqlıdırlar” prinsipi ilə yanaşıblar. Ermənistanda hakimiyyət uğrunda qarşıdurmalar zamanı - xüsusən Levon Ter-Petrosyanın Ermənistan Milli Konqresi ilə - Sərkisyan bu qüvvələrdən istifadə edirdi və onlar da yığıncaqlarında hakimiyyəti dəstəklədiklərini bəyan edirdilər. Bütün bunlara əsaslanaraq demək olar ki, İrəvanda post-patrul xidmətinin silahlılar tərəfindən tutulması və Səfilyanın azad edilməsi tələbləri hakimiyyət üçün təhlükə arzu edən məsələ olmayıb. Nəzərə almalıyıq ki, indiki Ermənistan müxalifəti də ən zəif zamanlarını yaşayır, Sərkisyan bundan özü üçün Dağlıq Qarabağ danışıqlarında əlavə dividend əldə etmək istəyir. Bir az da dərinə getsək görərik ki, Səfilyan və onun kimi olanlar həmişə Dağlıq Qarabağın ətrafındakı rayonların geri qaytarılması məsələsində sərt mövqe sərgiləyiblər. Sərkisyan danışıqlar prosesi ərəfəsində onları zərərsizləşdirə bilərdi, onu isə çox asanlıqla etmək olardı, bunu etməmişsə, demək, məsələ bir az oyuna bənzəyir.  Bu silahlı qüvvələrin “dirənişi” narazı qüvvələri hərəkətə keçirib. Rusiya özü də Sərkisyanla, Ermənistanla bağlı apardığı siyasətdə korrektələr etmək üçün imkan əldə edib. Hadisələrin gedişatında bu, daha qabarıq üzə çıxacaq.  Putin hələ bu işə müdaxilə etmir.
 

“Biz də Sərkisyanın o sözünə qarşılıq olaraq bunu deməliyik: bütün dünya yığışsa, Dağlıq Qarabağı Azərbaycanın əlindən ala bilməz!”

 
- Bəzi müşahidəçilər hesab edir ki, Ermənistanda Azərbaycanın daxili qarşıdurmalar hesabına torpaqlarını itirdiyi 90-cı illərin ab-havası var və bu fürsət Qarabağın geri qaytarılması üçün şans yaradır. Siz indiki durumun ən azı Dağlıq Qarabağ ətrafındakı ərazilərin hərbi əməliyyatlarla geri qaytarılması üçün fürsət hesab edirsinizmi? 
 
- Azərbaycanda bəzi siyasi dairələrə işləyən adamları çıxmaq şərtilə, xalq içərisində  bir nəfər də tapa bilməzsiniz ki, Dağlıq Qarabağın Ermənistana verilməsinə, onun itirilməsinə razılaşsın. 4 günlük aprel savaşı da göstərdi ki, Azərbaycan Dağlıq Qarabağı, torpaqlarını azad etməkdə qərarlıdır və bunu gec-tez edəcək. Bunu da Ermənistanda yaxşı bilirlər. Dediyiniz müşahidəçilər də gördülər ki, torpaqların işğalından iki onillikdən çox keçsə də, - bu, 100 il də ola bilər - Azərbaycan xalqı haqqını kiməsə güzəştə getməyəcək. Ermənistanda bu narahatlıq dediyimiz həmin qüvvələrin kürkünə birə salıb. Baxın, İrəvandakı bu olayların səbəbini araşdıran politoloqlar o qənaətə gəlirlər ki, Ermənistan Qarabağ danışıqlarında əvvəlki mövqeyində qala bilməz. Azərbaycan Dağlıq Qarabağ ətrafındakı torpaqlarımızı geri qaytarmaq üçün iki dəfə şansı əldən verib. Bu şans həm də Rusiyanın başının qarışıq olan vaxtlarında olub. Rusiya Ukrayna və Suriyada bataqlığa girəndə Azərbaycan antiterror əməliyyatlarını başlaya bilərdi, məqamı əldən verdik. Bəli, bu məqam indi yarana bilər, biz bu fürsəti dəyərləndirməliyik. Ermənilər Dağlıq Qarabağı hansı şəraitdə işğal ediblər? 90-cı illərin əvvəllərində Azərbaycanda yaranmış siyasi və hərbi qarışıqlıq zamanı. Biz niyə bunu etməyək?

- Daha çox səslənən ehtimallardan biri budur ki, erməni hakimiyyəti Rusiyanın vasitəçiliyi ilə intensivləşən danışıqlarda güzəştlərdən qaçmaq üçün hiyləyə əl atıb və ölkədə “xalq etirazından” yararlanmaq istəyir. Bu, belədirmi? 
 
- Bu, ehtimal deyil, reallıqdır. Nə zaman bu məsələ həll edilməyə yaxın olur, Ermənistan bir hoqqa çıxarır. Ter-Petrosyanın istefaya göndərilməsi zamanında da belə oldu, İstanbul Sammiti ərəfəsində, 1999-cu ilin 27 oktyabrında parlament gülləboran edildi. Digər illərdə də bənzər hadisələr oldu. Hamısında da Moskvanın barmağı var. İndi belə təsəvvür yaradılır ki, “biz Azərbaycanın torpaqlarını geri vermək istəyirik, amma xalq etiraz edir”. Erməni diasporunun tutumu da bu məsələdə ehtiyat variant kimi saxlanılır. Nədən “bu məsələdə Rusiyanın əli var” deyirik? Ona görə ki, Rusiyaya bu münaqişə lazımdır, ən azından istənilən vaxt Azərbaycanın daxili işlərinə qarışması üçün.
 
- Bir müddət öncə Sərkisyan iddia etdi ki, bütün dünya yığılsa, Qarabağ ermənilərini Azərbaycanla birlikdə yaşamağa inandıra bilməz. Yəni ki, siz müəyyən araşdırmalar aparırsınız, Qarabağ ermənilərinin və Ermənistandakı əhalinin hazırkı durumda Qarabağla bağlı münasibətində hansısa dəyişiklik varmı? Xüsusilə aprel itkiləri erməni əhalisinin münasibətini dəyişibmi, yoxsa radikal ovqat yenə də üstünlük təşkil edir? 
 
- Birmənalı şəkildə bilinməlidir ki, Ermənistanda Dağlıq Qarabağın hər hansı statusla Azərbaycanın tərkibində qalması fikri qəbul olunmur. Bütün dünya erməniliyi də bunun mümkün olmadığını deyir. Dağlıq Qarabağ erməniləri də bu fikri yaxın qoymurlar. Biz nə qədər təbliğat aparsaq da, bundan bir şey çıxmayacaq. Bir politoloq o zaman yazmışdı ki, gəlin, bizim vətəndaşımız olan ermənilərə neft pullarından yardım edək, kassaya onların adına pul qoyaq. 
 
Cəfəng fikirdir və o zaman ona cavab vermişdim ki, erməni həmin pulları alıb yeyəcək, amma heç bir fikir dəyişikliyi olamayacaq, əksinə, bu ideyanı verən adamı “nadan” adlandıracaq. İndi də özümüzü aldatmayaq. Biz Qarabağ ermənilərini özümüzə tərəf çəkə bilməyəcəyik. Bu erməni toplumu Ermənistandakından daha şovinistdir. Baş verən hadisələr, Azərbaycanın durumu Ermənistanda heç bir fikir dəyişikliyinə səbəb olmur. Əksinə, erməni təbliğat maşını bizə daha çox nifrət toxumu səpməkdə davam edir. Ermənistanın hərbi cinayətkar rejimi əlində imkan olsa, Azərbaycana daha çox zərbə endirməyə çalışar. Aprel döyüşləri zamanı səslənən hədələri yada salın. 
 
Ermənilərlə birlikdə yaşamaq mexanizmi yoxdur, danışıqlar prosesinə əngəl olan mövzulardan biri də budur. Hər şey belə həll olunmalıdır: səninki səndə, mənimki məndə. Bu qənaət erməni radikalizminin gətirdiyi sonucdur. Siyasətimizi də, hazırlıqlarımızı da bu istiqamətdə aparmalıyıq. Qarabağ ərazisində istənilən zaman antiterror əməliyyatları keçirmək haqqını bizim əlimizdən heç kəs almayıb. Biz də Sərkisyanın o sözünə qarşılıq olaraq bunu deməliyik: bütün dünya yığışsa, Dağlıq Qarabağı Azərbaycanın əlindən ala bilməz!
 

“Minsk Qrupu referendum adı ilə Dağlıq Qarabağı birdəfəlik Azərbaycandan qoparmaq istəyir”


- Bir sıra Rusiya ekspertləri - onların sırasında Putinə yaxın olanlar da var idi - ən azı 5 rayonun ilin axırına qədər geri qaytarılacağını deyirdilər. Ancaq payızda hərbi əməliyyatların bərpa olunacağını deyənlər, Azərbaycanın antiterror əməliyyatlarına başlamasını təklif edənlər də var. Erməni politoloqların da fərqli fikirləri diqqət çəkir. Siz qarşıdakı aylarda nələri gözləyirsiniz? Nə baş verəcək? 
 
- Bilirsiniz ki, ATƏT-in Minsk Qrupu və danışıqlar prosesini aparmağı həvalə etdyimiz həmsədr ölkələr - Rusiya, Fransa və ABŞ problemin mərhələli həll prinsipi üzərində dayanıblar. Guya ki, Azərbaycanın ərazi bütövlüyü prinsipləri çərçivəsində həll edəcəklər. Eyni zamanda “burada yaşayan əhalinin öz müqəddəratını təyinetmə haqqını” da ortaya atıblar. Bu iki prinsip bir-birinə zidd prinsiplərdir. “Mərhələli həll” dedikləri proses zamanı ilk olaraq işğal olunmuş 5 Azərbaycan rayonu azad edilir. Bunlar Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıldır. Kəlbəcər və Laçın sonrakı mərhələyə saxlanılıb. Ona qədərsə Dağlıq Qarabağın statusu müəyyən olunur, qaçqınlar geri qaytarılır . Və burada Dağlıq Qarabağın statusunu müəyyən etmək üçün bir plebissit keçirilməsi nəzərdə tutulur. Minsk Qrupu bu yolla Dağlıq Qarabağı birdəfəlik Azərbaycandan qoparmaq istəyir. 
 
Dağlıq Qarabağ ərazisinə dönəcək qaçqınların 15 faizdən yuxarı olmayacağını uşaq da bilir. O zaman bu plebissitin nəticələri əvvəlcədən ermənilərin xeyrinə olacağını bilməyə nə var? O halda 85 faizlə Dağlıq Qarabağ müstəqilləşir! Kəlbəcər və Laçının taleyi, buraya sülhməramlı orduların yerləşdirilməsi və başqa məsələlər Azərbaycana yaxşı heç nə vəd etmir. Mən bu fikirdəyəm ki, bunlar Qarabağ məsələsini həll etməyəcək. Qarabağ məsələsini başlanacaq yeni savaş həll edəcək. Buna hazır olmalıyıq. Dünyada gedən qarışıq proseslərin fonunda düzgün nəticə çıxarmaqla bu proseslərə yön verə bilərik. Hər kəs bir proqnoz verə bilər. Amma hər an da savaş başlaya bilər. Azərbaycan torpaqlarını azad etməkdə qərarlı olmalıdır.