Azərbaycan Konstitusiyasına təklif edilən dəyişikliklərdən biri ölkənin ikinci şəxsinin bundan sonra baş nazir yox, vitse-prezident olmasının nəzərdə tutulmasıdır. Milli Məclisin bir sıra deputatları hesab edir ki, son dövrlər həyata keçirilən struktur islahatları bir-birini təkrarlayan dövlət və hökumət qurumlarının ya birləşdirilməsi, ya da birinin ləğvini tələb edir. Baş nazir və Nazirlər Kabinetinin referendumdan sonra ölkənin idarəçiliyində hansı şəkildə iştirakına da yəqin ki, dəqiq aydınlıq gəlməlidir və gələcək.
Deputat Tahir Kərimli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, baş nazir ancaq hökumətə rəhbərlik edib, ölkənin iqtisadiyyatı və onun inkişaf etdirilməsi ilə məşğul olmalıdır. Baş nazir institutu ilə paralel olaraq vitse-prezidentlik institutunun yaradılması lazımdır:“Dünyada, Azərbaycanın ətrafında gedən prosesləri izlədikdə görürük ki, elə bir zaman yetişib ki, ölkənin maraqları prezident idarəçiliyi üsulunun möhkəmləndirilməsini zəruri edir. Biz bunu həm başqa ölkələrin, həm də öz ölkəmizin təcrübəsində görmüşük ki, Ali Sovetin, Milli Məclisin sədri, baş nazir prezidentin səlahiyyətini icra etmək səlahiyyətlərinə malik olanda müəyyən ciddi problemlər ortaya çıxır, çaxnaşmalar baş verir. Baş nazirlər ikinci şəxs olanda onlar bəzən meylli olurlar ki, prezident hakimiyyəti zəifləsin, prezidenti əvəz eləsinlər və hakimiyyətə gəlsinlər. Bax bu cür məsələləri önləməkdən ötrü vitse-prezidentlik yaradılır. Baş nazir güclü olsun, amma iqtisadiyyatla, təsərrüfatla məşğul olsun, daha prezidentin yerinə keçmək eşqi ilə yaşamasın. İstənilən baş nazir bilməlidir ki, hətta prezident olmasa belə onu əvəz eləməyəcək.
Vitse-prezidentlik institutu gözlənilən xoşagəlməz hadisələri dəf etməyə xidmət edir. Çünki baş nazir biləcək ki, ölkə başçısı ölkəni idarə edə bilmədikdə, onun vəzifəsini baş nazir deyil, birinci vitse-prezident icra edəcək. Bu institutun yaradılması xoşagəlməz meyllərin qarşısını almağa xidmət edir. Ona görə də baş nazir ancaq hökumətə rəhbərlik edib, ölkənin iqtisadiyyatı və onun inkişaf etdirilməsi ilə məşğul olmalıdır. Daha siyasi ambisiyalara uyub hakimiyyəti ələ keçirməyə yox. Bəzən baş nazirlər prezidenti devirmək üçün fürsət güdür. Dünyada belə praktika var. Baş nazir hakimiyyəti ələ keçirmək eşqinə düşüb, hakimiyyət çevrilişi və ya buna cəhd edib. O baxımdan, Azərbaycanda elə bir qarışıq sistem yaradılır ki, baş nazir ancaq iqtisadiyyatla məşğul olur və siyasi idarəetməyə müdaxilə etmir. Vitse-prezidentlik institutu isə bu təhlükələri önləmək üçün yaradılan institutdur. Bu dəyişiklik də ölkədə sabitliyin qorunmasına, dövlətçiliyin daha yaxşı idarə olunmasına və ölkə başçısına qarşı yönələn təhlükələrin aradan qaldırılmasına, ona mane olmağa xidmət edən dəyişikliklərdir. Bu baxımdan, mən bu dəyişiklikləri müsbət dəyişiklik hesab edirəm. Azərbaycanın maraqları tələb edir ki, ölkə daha çevik idarəetmə aparatına malik olsun. Qanuna ediləcək dəyişikliklər də buna xidmət edir".
T.Kərimli qeyd etdi ki, bəzi müxalifət qurumlarının konstitusiyaya ediləcək dəyişikliklərlə bağlı irəli sürdüyü iddialar daha çox subyektiv siyasi mövqedir: “Mən irəli sürülən bütün fikirlərlə tanışam. Subyektiv siyasi mülahizələrlə çıxış edənlərin təklif edilən dəyişikliklərlə bağlı hüquqi əsaslandırması demək olar ki, yoxdur. Daha çox siyasi əsaslandırma müşahidə edirəm. Siyasi əsaslandırma bundan ibarətdir ki, konstitusiyaya ediləcək bu dəyişikliklərdən sui-istifadə oluna bilər. Siyasi əsaslandırma müxalifətin hüququdur. Müxalifət siyasi cəhətdən razı olmadığı məsələlərə siyasi əsaslandırma edə bilər. Hüquqi cəhətdən əsaslandırmalara isə hiss edilir ki, çətinlik çəkirlər. Çünki burada hüququn pozulması yoxdur. Konstitusiyaya təklif edilən dəyişikliklər insan hüquqları əleyhinə deyil. Təkliflər dövlət idarəçiliyinin daha da təkmilləşməsinə xidmət edir.
Təkliflər sırasında məni narahat eləyən bir məsələ, vətəndaşın mülkiyyətində olan, lakin istifadə edilməyən torpaqların dövlət ehtiyacı yarandığı halda alınması və vətəndaşı həmin mülkiyyətdən məhrumetmə məsələsinin əksini tapmasıdır. Məncə, bunu elə qanunlarla möhkəmləndirmək lazımdır ki, konstitusiyaya daxil ediləcək həmin ifadədən kimlərsə sui-istifadə etməsin. Mən sui-istifadə edilməsindən narahatam. Narahat olduğum digər məsələ Milli Məclisin üzvünün parlamentdə etik qaydaları pozduğu üçün səlahiyyətlərinə xitam verilməsi məsələsinin qoyulmasıdır. Bu da hər hansı bir deputatın hüququnun pozulması üçün sui-istifadəyə yol aça bilər. Arzu edərdim ki, həmin maddə qanunda daha aydın olsun və sui-istifadə üçün açıq olmasın".
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə modern.az-a müsahibəsində deyib ki, I vitse-prezidentlik və vitse-prezidentlik olacaqsa, artıq Nazirlər Kabinetinin və Prezident Administrasiyasının səlahiyyətlərinə də ciddi şəkildə aydınlıq gətirilməlidir: “Əslində konstitusiyada Nazirlər Kabinetinin və Prezident Administrasiyasının vəzifə və səlahiyyətləri öz əksini tapıb. Sadəcə olaraq, bu məsələdə prezidentin direktiv sənədlərində, normativ hüquqi aktlarında, sərəncam və fərmanları ilə bu qurumların səlahiyyətləri düzgün bölüşdürülməlidir.
Lazımsız qurumların, təkrarçılığın və məmur kütləviliyinin qarşısı birmənalı şəkildə alınmalıdır. Hər yanda gözünü açırsan, görürsən məmur işə gəlib-gedir və maaş alır. Konstitusiya dəyişiklikləri ilə inzibatçılığın azalmasına, idarəetmədə şəffaflığın artmasına, struktur islahatlarına rəvac verilməli və məmur təkrarçılığının qarşısı alınmalıdır. Prezident Administrasiyası ilə Nazirlər Kabineti arasındakı səlahiyyət bölgüsünə ciddi bir aydınlıq gəlməlidir. Ola bilsin ki, administrasiya və Nazirlər Kabinetinin bir sıra səlahiyyətləri vitse-prezidentliyə verilsin. Çünki idarəçilikdə yarana biləcək bu cür təkrarçılıqdan qaçmaq lazımdır. Bu məsələlərə çox ciddi baxmaq lazımdır. Düzdür, indiki referendumla Nazirlər Kabineti saxlansa da, hesab edirəm ki, təkrarçılığa ehtiyac yoxdur və bu sahədə olan səlahiyyət bölgülərinə tam aydınlıq gəlməlidir.
Çünki bu gün Nazirlər Kabinetində və Prezident Administrasiyasında da aqrar, sosial və iqtisadi bölmələr var. Belə təkrarçılığın qarşısı alınmalıdır".musavat.com
