Müsavat partiyasının Məclis sədrliyinə iddialı olan Sabir Məmmədli namizədliyini geri götürdüyünün səbəbini açıqlayıb.
Bu barədə AzNews.az-a S.Məmmədlinin özü deyib.
“Bildirmək istəyirəm ki, 24 dekabr 2014-cü il tarixdə mən müvafiq ərizə ilə Təşkilat şöbəsinə müraciət etmişəm. Seçki prosesində ictimai-siyasi prinsiplərin pozulmasına etiraz olaraq öz namizədliyimi geri götürmüşəm”, - deyə sabiq namizəd əlavə edib.
O, bundan əlavə heç bir məlumat verməyəcəyini vurğulayıb: “Fədakar sıravi müsavatçıların, illər boyu siyasi mübarizənin məhrumiyyətlərinə sinə gərən insanların narahatçılığını nəzərə alaraq bu məsələ ilə əlaqədar əlavə açıqlama vermək fikrində deyiləm və partiyadaxili mövzuların siyasi diskussiyalar prosesində aparılmasının tərəfdarıyam”.
Məclis sədri postu uğrunda gedən mübarizədə ikinci namizəd Nüşabə Sadıqlı seçkidə tək iştirak edəcək.
Qeyd edək ki, dekabrın 27-də baş tutacaq seçkidə 25-ə yaxın şəxs sərbəst Məclis üzvlüyünə namizədliyini verib. Məclis katibliyinə, Divana, MNTK-ya boş qalan yerlərə də seçkilərin keçirilməsi nəzərdə tutulur.
