|
Qəddafi ABŞ-ın ərəb diktatorlarla bağlı planını bilirmiş
Liviyanın üsyançılar tərəfindən linç edilərək öldürülən rəhbəri Müəmmar Qəddafinin illər öncə bir tədbirdə etdiyi çıxışı youtube kanalında yayılıb. 122 mindən artıq baxış olan bu çıxışda Qəddafi olduqca maraqlı fikirlər söyləyir. Ərəb dövlətlərinin liderlərinin hansısa toplantısında nitq söyləyən keçmiş Liviya prezidenti Səddam Hüseynin nəyə görə asıldığını soruşur. 

Sabiq prezidentin “Səddamdan sonra növbə bizə çatacaq” deməsi zaldakılar tərəfindən gülüşlə qarşılanır. Qəddafinin sözlərinə gülənlər sırasında Suriya prezidenti Bəşər Əsəd də var. 

M.Qəddafinin çıxışı əslində anti-Amerika ruhludu. ABŞ-ın ərəb ölkələrinə və xalqlarına qarşı etdiyi gizli-aşkar təxribatlar, "parçala, hökm et" siyasəti bu çıxışda olduqca ağıllı və net bir şəkildə izah edilir. Qəddafinin əslində nə qədər ağıllı və gələcəyi görən bir siyasətçi olduğu bu videodan görünür. Sadəcə, “Ərəb baharı”nın yaratdığı ajiotajın üstündən illər keçdikdən sonra 2011-ci ilin yanvarından başlayaraq Quzey Afrika və bir sıra Yaxın Şərq ölkələrində baş verən proseslərin mahiyyəti açılır. Həmçinin Qəddafinin çıxışı kimi çıxışlar da o hadisələrin niyə baş verdiyi barədə suallara aydınlıq gətirir. 
 
Bu barədə “Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli xatırlatdı ki, hələ ata Corc Buşun prezidentliyi dövründə ABŞ-ın “Yaxın Şərq layihəsi” qəbul edilmişdi. Həmin layihədə açıq surətdə iddia edilirdi ki, avtoritar ərəb rejimlərini devirib burada demokratik siyasi sistemin bərqərar edilməsinə çalışılmalıdır. Bunun üçün hətta müddət də müəyyənləşdirilmişdi və iş aparılırdı: “Məsələn, oğul Corc Buş hesab edirdi ki, özünün prezidentliyi müddətində Afrikanın şimalındakı və Yaxın Şərqdəki bütün avtoritar rejimləri yıxacaq və burada özlərinin yazdığı kimi demokratik hakimiyyətlərin qurulmasına yol açacaqlar. Sonradan bunu reallaşdırmaq üçün ”Ərəb baharı" deyilən bir layihə ortaya atıldı. Ona qədər isə Səddam Hüseynin devrilməsi məsələsi gündəmdə idi. Səddam Hüseynin devrilməsi Küveytin işğalı ilə bağlıydı. Səddam Hüseynin hakimiyyətdən uzaqlaşdırılması məsələsi ata Buşun zamanından qarşıya qoyulmuşdu.
 
 
Bütün bu planların olduğunu və həyata keçirilməyə başlandığını uzun illərin siyasətçisi Müəmmar Qəddafi bilməmiş deyildi. Şübhə etmirəm ki, Qəddafi Səddamdan sonra növbənin onlara çatacağını ciddi məlumatlara və hesablamalara əsasən deyib. Sadəcə olaraq, özündən razı digər ərəb diktatorları onun bu xəbərdarlığını ciddiyə almamış və gülərək qarşılamışdılar. Zaman göstərdi ki, Qəddafi doğru deyirmiş. Həmin gülən ərəb liderlərinin əksəriyyəti hakimiyyətdən inqilablar yolu ilə, güc tətbiq edilərək qovuldular və başları bəlalar çəkdi. Suriya lideri Bəşər Əsəd hakimiyyətdən getməsə də ölkəsi darmadağın hala düşdü, Suriya adında dövlətin qalıb-qalmayacağının özü hələ sual altındadır. Bəlli oldu ki, Qəddafiyə gülmək lazım deyildi, əksinə, onun xəbərdarlıqlarında deyilənlərin reallaşmaması üçün doğru addımlar atmaq lazım idi".

Politoloq qeyd etdi ki, Səddamın devrilməsi zərurət idisə, Qəddafinin devrilməsi ABŞ-ın etdiyi ən böyük səhvlərdən biri idi. Çünki Qəddafi Səddamdan fərqli ərəb lideriydi: “O, Liviyada Liviya xalq hakimiyyəti-sosializmə bənzər bir cəmiyyət qurmuşdu, yazdığı ”Yaşıl kitab"da sosializmin bütün ideyaları əks edilirdi. Ölkəni o kitabla idarə edirdi və Qəddafi bu kitabı Karl Marksın “Kapital” əsərindən əksik hesab etmirdi. Ölkədə milli sərvətin nisbətən ədalətli bölüşdürülməsində Qəddafiyə tay ola biləcək liderlər çox azdır. O, neftdən gələn gəlirin böyük hissəsini sosialyönümlü proqramlara yönəltmişdi, Liviyada əmək haqqı demək olar ki, Avropa standartlarından cüzi aşağı idi. Liviya daima inkişafda idi və başlıcası əhali arasında elə bir ciddi narazılıq da yoxuydu. Amma ərəb baharı ideyası ortaya atılandan sonra və Tunis liderinin qaçması prosesin Liviyaya keçməsinə səbəb oldu. Qəddafinin taleyi vaxtilə özünün dediyi kimi, Səddamın taleyi kimi, hətta Səddamın taleyindən də pis faciəli vəziyyətdə sona çatdı".
 
 


Q.Hüseynli son olaraq vurğuladı ki, bölgədə bu cür dramatik hadisələrin yaşanmasında günahkar təkcə hadisələri törədən ABŞ-ın əvvəlki siyasəti yox, Barak Obamanın hakimiyyətə gəlməsindən sonra qoşunları İraqdan və həmin bölgədən çəkməsi oldu. Bölgənin hazırkı ağır vəziyyətlə üz-üzə qalmasında ABŞ-ın böyük məsuliyyəti var.