Azərbaycandakı daxili turizm insanların ən ağrılı yeridir. Minlərlə kilometr məsafə qət edib, tətil keçirmək istəməyənlər üçün ölkəmiz normal seçim kimi görünə bilər. Amma bu sahədəki xidmət və bəzi şərtlərdəki natamamlıq insanların üzünü döndərir. Bununla belə, ortada maraqlı statistik məlumatlar və təhlil var.
Tanınmış ekspert Rövşən Ağayev facebook statusunda bu məsələyə yeni baxış gətirib. R.Ağayev yazıb ki, əgər idarəetmə effektiv və şəffaf deyilsə, hökumətlər dövri olaraq bir-birini əvəzləmirsə, korrupsiya əsas idarəetmə rıçaqıdırsa, iqtisadiyyatın təməl dayağı azad rəqabət yox, inhisarçılıqdısa, ən nəhəng sərmayələr belə iqtisadi inkişaf və rifah gətirməyəcək: “Statistika Komitəsinin ötən həftə turizmlə bağlı açıqladığı ən son illik hesabatda bəzi rəqəmlərə baxın, bu qənaəti mütləq təsdiqləyəcəksiniz. Böyük neft pulları ölkəyə daxil olandan ölkənin turizm sektoruna çox nəhəng sərmayələr yatırılıb. Xüsusilə də 2007-2013-cü illərdə Qusar, Qəbələ, Quba, Xaçmaz və Şəki rayonlarında, həmçinin Bakıda dəbdəbəli turizm infrastrukturu qurulub. Bunun müqabilində turizm sektorunda nə dəyişib? Turizmin ürəyi sayılan bir çox regionların turizm statistikası adamı dondurur.
İstisna deyil ki, ”gizli iqtisadiyyat"ın sehrli çubuğu öz işini görür. Əgər belədirsə, deməli, turizmə qoyulan milyardların ölkə iqtisadiyyatına faydası yoxdur və olmayacaq, ayrı-ayrı adamların cibinə işləyir. Yox, əgər bu rəqəmlər gerçəyə yaxındırsa, onda yenə də turizmin bir sektor kimi, ölkə iqtisadiyyatına faydasını gözləməyin mənası yoxdu. Konkret faktlara baxaq...
Hər kəsə məlumdur ki, Qəbələdə təkcə son 7-8 ildə 4-5 nəhəng mehmanxana yaradılıb, xizəksürmə ifrastrukturu qurulub. Amma statistika göstərir ki, bu rayonda mehmanxanalarda (həmçinin mehmanxana tipli gecələmə yerlərində) turistlərin sayı sürətlə artmaq əvəzinə, azalıb. Məsələn, 2010-cu ildə Qəbələdə belə məkanlarda qalanların sayı 24.3 min nəfər olmuşdusa, 2015-ci ildə 5.9 min nəfərə enib. Ən təəccüblüsü odur ki, 2015-ci ildə Qəbələdə mehmanxanaları seçən turistlərin içərisində 1 nəfər də olsun əcnəbi olmayıb. Nəticə isə belədir: Qəbələ kimi turizm rayonunda 2015-ci ildə mehmanxanaların (həmçinin mehmanxana tipli yerlərin) ümumi gəliri 383 min manat olub. Amma məsələn, turizm məkanı hesab edilməyən Kürdəmir rayonunda həmin müəssisələrin gəliri 1.3 milyon manata yaxın olub - yəni hökumətin ölkə turizminin qəlbi saydığı Qəbələdən az qala 4 dəfə çox.
Başqa bir fakt. Bu gün ölkənin regionlarındakı gecələmə hesabı ilə götürəndə mehmanxanaların mümkün potensialının təxminən 94-95 faizi istifadə edilmir. Həmin göstərici yalnız Naftalanda 45 faizə yaxındır. Bu isə çox güman ki, həmin ərazidə olan insanlar üçün spesifik, başqa yerdə əldə edə bilmədikləri müalicə imkanının olması ilə bağlıdır. Bu fakt həm də onu göstərir ki, Azərbaycanda istirahət və əyləncə turizminin potensialı müalicə turizminin potensialından çox-çox aşağıdır".
Ekspertlər isə hesab edir ki, rəqəmlər bütün hallarda reallığın göstəricisidir. Belə ki, Kürdəmirdə, xüsusən də onun ərazisində yerləşən məşhur “Bığ” restoranında yolüstü nahar, şam edənlər də turist kateqoriyasına daxil edilir. Məlum, sözügedən ərazi Bakı-Qazax magistral yolundakı məşhur məkanlardan sayılır və insanların orda ayaq saxlaması təbiidir. Bundan başqa, müalicə müəssisələrinə axışanlar da daxili turizm statistikasına daxil edilir. Son nəticədə isə ortaya çox qəribə rəqəmlər çıxır.
“Fly Travel” turizm şirkətinin rəhbəri Mamed Əliyev isə son durumu belə təhlil etdi. Dedi ki, hazırda daxili turizmin inkişaf etmədiyini deyənlər yanılır. Belə ki, Azərbaycandakı hotellərin əksəriyyətində yer tapmaq mümkün deyil. Xüsusən də iyul ayının sonu, avqustun əvvəli üçün yerlər öncədən bron edilib: “Məsələn, ”Şamaxı Palace"də artıq yer yoxdur. Qubadakı məşhur hotellərdə də yer tapmaq çətindir. Şabranda yerləşən «Qala altı» istirahət mərkəzində yerlər doludur. Ona görə də daxili turizmin inkişaf etməməsi barədə deyilən fikirlərə qoşulmuram. Biz turistlərlə işləyirik və real mənzərəni görürük".
Müsahibimiz Türkiyədə baş verən məlum çevriliş cəhdindən sonra Antalya, Bodrum, Quşadasında yerləşən istirahət mərkəzlərinə gedən azərbaycanlı turistlərin sayında hər hansı azalma müşahidə etməyib. Onun sözlərinə görə, yerli turistlər cəmi iki-üç günlük bir tərəddüd keçiriblər: “Türkiyə böyük dövlətdir və orada təhlükəsizlik də ciddi qorunur. Üstəgəl, turizmin səviyyəsi də bizim turistləri hər zaman qane edir. Buna görə də seçimlərini hər zaman Türkiyə ilə bağlı edirlər. İndi də Türkiyəyə bilet, putyovka alanların sayında hər hansı azalma yoxdur. Əksinə, müraciət o qədər çoxdur ki, bilet və hotellərdə yer tapmaq mümkün deyil”. musavat.com
