|
Ermənistanla sərhəd bazarlığı
Türkiyə-Ermənistan sərhədlərinin açılacağı barədə yayılan xəbər Azərbaycanda ciddi narahatlığa səbəb olub. Bəzi müşahidəçilər hesab edir ki, Ankara son zamanlar ona qarşı çirkin oyun oynayan Qərb dairələrinə - çevriliş cəhdinin arxasında dayanan ABŞ-a və Türkiyəyə qarşı ultimativ dildə danışan Avropa İttifaqına cavab olaraq yaxın qonşuları ilə münasibətləri tənzimləməkdə, həmçinin Ermənistanla da gərginliyi aradan qaldırmaqda israrlıdır. 

Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskva səfərində də məsələnin müzakirə oluna biləcəyi ehtimal edilir. Ərdoğan avqustun 9-da Rusiyaya səfər edəcək. Bu barədə baş nazirin köməkçisi Mehmet Şimşək bildirib. O, Ərdoğanın Sankt-Peterburqda Rusiya prezidenti ilə görüşünün planlaşdırıldığını deyib. 

“Ermənistanla münasibətlərin normallaşmasına dair Türkiyənin mövqeyi bəllidir. Münasibətlərin normallaşmasının yolu Azərbaycan torpaqlarının işğalına son qoyulmasından keçir. Ondan sonra bunun hansı formada olacağına Azərbaycanla birlikdə qərar verərik”. Bunu isə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun APA-ya deyib: “Mövlud Çavuşoğlu Bakıda bir daha vurğuladı ki, Qarabağ məsələsi Azərbaycan üçün nə qədər önəmlidirsə, Türkiyə üçün o qədər önəmlidir. Türkiyə problemin Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində dərhal sülh yolu ilə həllində Azərbaycanla birlikdə hərəkət etməyə davam edəcək. Nazirimiz dedi ki, Azərbaycan hansı həll yolunu məqbul hesab edirsə, həmin həll yolu Türkiyə üçün də məqbuldur. Ermənistanla münasibətlərə gəlincə, nazirin bununla bağlı birbaşa açıqlamasının olduğu qənaətində deyiləm. Azərbaycan tərəfi hər zaman bəyan edir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqla bölgədəki bütün əməkdaşlıq fəaliyyətlərindən özünü təcrid edir. Bu işğal sona çatdıqdan, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edildikdən sonra bölgədə Ermənistanın da daxil olacağı yeni layihələrə zəmin yarana bilər. Nazirimiz də, sadəcə, Azərbaycanın vurğuladığı bu konstruktiv düşüncəni təkrarlayıb”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, səfirin bu mövqedən çıxış etməsi gözləniləndir. Ekspert şübhə etmir ki, əslində sərhəd məsələsi ilə bağlı proses davam edir: “Türkiyə prezidenti Binəli Yıldırımı baş nazir təyin etdikdən sonra ona tapşırıb ki, qonşularla münasibətləri mümkün qədər normallaşdırmağa çalışsın. Maraqlıdır ki, ”qonşularla sıfır problem" ideyasının müəllifi Əhməd Davudoğlu olsa da, o, baş nazir olduğu dövrdə bunun əksi istiqamətində hərəkət etdi. Türkiyənin son 5-6 ildə Suriya, Misir, Rusiya və İsraillə münasibətləri korlandı. Əlbəttə, Davudoğlu bəlkə də belə olacağını istəməzdi, ancaq mövcud şərtlər və Ərdoğanın xarici siyasət məsələlərinə şəxsi prizmadan yanaşması vəziyyəti qəlizləşdirdi. Ərdoğan sonda bu siyasətin Türkiyə üçün yaxşı heç nə vəd etmədiyini anladı. Buna görə yeni baş nazir Binəli Yıldırım qollarını çırmalayaraq ilk gündən bir sıra ölkələrlə münasibətlərin normallaşması prosesinə start verdi. Eyni gündə həm İsrail, həm də Rusiya ilə münasibətlərin normallaşması istiqamətində mühüm addımlar atıldı. Misirlə də münasibətlərin normallaşmasına çalışılır. Ermənistanla münasibətlərin normallaşması da istisna deyil. Sadəcə, bu, Ankaranın təkbaşına verəcəyi qərar deyil. Əhməd Davudoğlu 2009-cu ildə Ermənistanla münasibətləri normallaşdırmaq üçün yanlış siyasət yürütdü. O, elə bilirdi ki, bu siyasət Azərbaycan hakimiyyətinin ciddi etirazına səbəb olmayacaq. Amma rəsmi Bakının buna reaksiyası da sərt oldu, hətta vəziyyət elə həddə çatdı ki, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi qopmaq üzrə idi. Ərdoğan vəziyyətin dramatikliyini anlayaraq Bakıya gəldi və Milli Məclisdə çıxışı zamanı qəti surətdə dedi ki, Azərbaycan torpaqlarının işğalına son qoyulmayana kimi Türkiyə Ermənistanla nə sərhədi açacaq, nə də İrəvanla diplomatik münasibətləri bərpa edəcək. Buna görə də Ankaranın 2009-cu ildəki yanlışını təkrarlayacağını düşünmürəm. Türkiyənin hazırkı xarici işlər naziri Azərbaycanı yaxşı tanıyır, bizim həssas nöqtələrimizə də bələddir. Ona görə də Çavuşoğlu Bakıdan xəbərsiz Ermənistanla sərhədin açılması və diplomatik münasibətlərin qurulmasına baş vurmayacaq. Ankara məsələyə kompleks yanaşır ki, bu Azərbaycanın da maraqlarına uyğundur. Yəni Ankara həm İrəvana, həm də Moskvaya belə bir mesaj göndərir ki, əgər Ermənistan ilkin şərt irəli sürmədən Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldarsa, Azərbaycan Dağlıq Qarabağ və Ermənistanla kommunikasiya xətlərini açmaqla yanaşı, Türkiyə də Ermənistanla sərhədin açılmasıyla diplomatik münasibətlərin bərpası prosesinə start verəcək. Məsələyə bu cür baxış hamının xeyrinədir. Bundan başda Azərbaycan olmaqla, Türkiyə, Rusiya, hətta Ermənistan da qazanacaq".

Ancaq E.Şahinoğluna görə, Ermənistan hakimiyyəti indi elə bir vəziyyətdə deyil ki, Ankaranın bu təklifinə müsbət cavab versin: “Ona görə də mənə elə gəlir ki, Ankara bu məsələni İrəvanın ”xozeyni" Kremllə müzakirəyə hazırlaşır. Türkiyə hakimiyyəti FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin iadə edilməsini istəyir. ABŞ yaxın müddətdə çətin ki, Güləni Türkiyəyə qaytarsın. Belə olan halda Ankara ilə Kreml arasındakı yaxınlaşma daha da sürətlənəcək. Kreml özü də indiki vəziyyətdə Türkiyə ilə yaxınlaşmadan yanadır. Ona görə də əgər Kreml həm Türkiyə, həm də Azərbaycanla sıx yaxınlaşmanı arzulayırsa, mütləq halda İrəvana təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması prosesini sürətləndirməlidir. Kreml bu addımı atarsa, Türkiyə və Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünün müzakirəsi də mümkün ola bilər. Seçim Rusiyanındır. Sadəcə, Kremlin məntiqə üstünlük verəcəyinə əmin deyiləm".