Türkiyə və İsrail arasındakı gərginliklərin geridə qalması Azərbaycanı da çətin seçim qarşısında qalmaqdan xilas etdi. Hər iki ölkə ilə yüksək münasibətləri olan rəsmi Bakı 7 il əvvəl pozulmuş münasibətlərin normallaşması üçün son zamanlaradək əlindən gələni etdi.
Ancaq yaxşısı budur ki, heç zaman nə Ankara Təl-Əvivlə əlaqələrinə, nə də İsrail Türkiyə ilə yüksək səviyyəli münasibətlərinə görə Bakını qınamadı, əksinə, ölkəmizi əlaqələrin bərpasında körpü statusunda gördülər. Münasibətlərin bərpası üçün Azərbaycandakı yəhudi icması da öz tərəfindən çalışırdı. Yəhudi icmasının Azərbaycanın ictimai-siyasi həyatında oynadığı rol da yüksək qiymətləndirilir.
Elə bu günlərdə prezident İlham Əliyev Dağ Yəhudiləri İcmasının sədri Milix İlxananoviç Yevdayevi Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif etdi. Deputat, Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun sədri Yevda Abramov da Azərbaycanın ictimai-siyasi həyatında aktiv rol oynamaqla yanaşı, Türkiyə-İsrail münasibətlərinin bərpası üçün səylər göstərənlərdəndir. Müsahibə üçün zəng etdiyimiz zaman istirahətini hansı ölkədə keçirdiyini soruşduq. Məlum oldu ki, nə İsraildə, nə də Türkiyədədir:
- Mən heç vaxt yay tətilində rayonumu tərk etmirəm, başqa yerə getmirəm. İndi də Qubadayam, yollar asfaltlanır, məktəblər tikilir, gedib baş çəkirəm, sonra da istirahət edirəm.
- Yevda müəllim, rayonda istirahətinizi hansı məkanda keçirməyi xoşlayırsınız?
- İaşə obyektlərinə getməyi o qədər də xoşlamıram. Arada Nabrana-dənizə gedirəm. Üzməyi o qədər də bacarmıram. Sadəcə olaraq, təbabət nöqteyi-nəzərindən gedirəm. Qum, bir də duzlu su. Əlimdən başqa heç nə gəlmir (gülür).
- Xınalığa necə, gedirsinizmi?
- Xınalıq gözəl yerdir, 3-4 dəfə olmuşam. Amma qan təzyiqim qalxır deyə, tez-tez gedə bilmirəm.
- Yevda müəllim, sizin seçki dairəsində, İkinci Nügədi kəndində ömrünün ixtiyar çağında bir sənətkar yaşayır - əməkdar artist Məcnun Hacıbəyov. Təsadüfən gedib ona baş çəkməmisiniz ki?
- Doğrusu yox, bu barədə sizdən eşidirəm. Gedib hökmən ona baş çəkərəm, durumu ilə maraqlanaram.
- Türkiyə-İsrail münasibətlərinin normallaşması barədə nə deyə bilərsiniz?
- Deputat həmkarım Asim Mollazadə ilə birlikdə bu məsələ ilə çoxdan məşğul idik. Hələ “Van minut” hadisəsindən sonra çalışırdıq ki, bu ölkələr arasında əlaqələr əvvəlki səviyyədə olsun, türk deputatları və Knessetin deputatları ilə də bu məsələni müzakirə etmişdik. Mən son dəfə - 2-3 ay əvvəl - İsrail prezidentinin yanında olanda dedim ki, cənab prezident, siz Azərbaycan, onun prezidenti haqqında çox gözəl sözlər deyirsiniz. Onu da bilin ki, mən həm İsrailin, həm də Azərbaycanın uğurlarından qürur duyuram. Amma bəzi məsələlərə görə çox nigaranam. Birincisi, hər dəfə burada “erməni soyqırımı” məsələsi parlamentdə qoyulanda mən Azərbaycanda özümü çox çətin vəziyyətdə hiss edirəm. İkincisi də Türkiyə ilə münasibətləri gec-tez müsbətə doğru dəyişdirməlisiniz. Türkiyə ilə münasibətləriniz pis olarsa, Azərbaycanla münasibətlərə də təsir edər, çünki biz bir millət, iki dövlətik. O da mənə dedi ki, sizə bir sirri aça bilərəm, elə mənim qəbulumda olduğunuz anda xaricdə bununla bağlı görüşlər gedir. O zaman bu xəbərə çox sevindim. Vətənə qayıdandan sonra öyrəndim ki, münasibətlərin yaxşılaşdırılması üçün xarici ölkələrdə görüşlər təşkil olunur. Daha sonra bu görüşlərin çox yüksək nəticəsi oldu, İsrail üzr istədi, “Mavi Mərmərə” gəmisində zərər çəkən insanların ailələrinə kompensasiya verilməsi barədə qərar qəbul olundu. Digər razılıqlar da var. Mən çox şadam ki, hazırkı spesifik dövrdə Türkiyə ilə İsrailin yaxınlaşması həm bölgə ölkələri üçün çox müsbət bir şərait yaratdı, həm də Azərbaycan dövlətinə əlavə imkanlar verdi. Çünki regionda belə güclü müttəfiq ölkələrin olması Azərbaycanın imicinin yüksəlməsi üçün mühüm rol oynayır. Bu münasibətlər Qarabağ probleminin həlli üçün də müsbət şərait yaradır. Çox şadam ki, Türkiyə-İsrail münasibətləri həmişə yüksək səviyyədə olub. O zaman İspaniyadan minlərlə yəhudinin xilas edilib Türkiyəyə gətirilməsində Osmanlı paşalarının böyük rolu olub. Ona görə də mən münasibətlərin yaxşılaşmasına çox sevinirəm.
- Türkiyədə hərbi çevrilişə cəhd olaylarının Ankara-Təl-Əviv və Ankara-Moskva münasibətlərinin yaxşılaşmasından sonraya təsadüf etməsi barədə fərqli yanaşmalar var. Hesab olunur ki, terror hadisələri, çevriliş cəhdi bu münasibətlərin yaxşılaşmasında maraqlı olmayanlar tərəfindən idarə olunur. Razılaşırsınızmı?
|
“Amerikanın əbədi müttəfiqi yoxdur, əbədi maraqları var” |
- Türkiyə sübut etdi ki, demokratiya ilə bağlı da ondan nümunə götürmək olar. 15 iyulda da xalq sübut etdi ki, Ərdoğanı yox, hakimiyyəti və Türkiyəni qoruya bildi. Əlbəttə, mən bilirəm ki, bu çevrilişin əsl baiskarı yalnız yüksək çinli türk zabitlər deyil. Bu çevrilişin arxasında Türkiyəni güclü bir dövlət kimi görmək istəməyən, Türkiyəni parçalamaq niyyəti olan və uzun müddət böyük dövlətlərin seyflərində gizlədilən layihələrin nəticəsidir. Amma mən onu da bilirəm ki, heç bir dövlətdə demokratik hakimiyyətin silahlı yolla devrilməyinə nə İsrail, nə də Azərbaycan razı olmaz. Ona görə də son hadisələr bəlkə də bu dostluq münasibətlərinin daha da tezləşdirilməsi və daha yüksək səviyyəyə çatdırılması üçün impuls rolunu oynaya bilər. Türkiyə tarixində hərbi çevrilişlər həddən çox olub. Mən bunu Türkiyə-Rusiya münasibətlərinin yaxınlaşmasına Ərdoğanın siyasətindən narazı olan qüvvələrin cavabı da saymıram. Əlbəttə, bu hadisə Türkiyə və Rusiya rəhbərliyinin daha sürətlə yaxınlaşmasına səbəb olacaq.
- Baş verənlərin arxasında İsrailin yaxın müttəfiqi olan ABŞ-ın dayandığı barədə iddialar da səslənir. Bu barədə nə demək olar?
- Amerikanın əbədi müttəfiqi yoxdur, əbədi maraqları var. Mən deyə bilmərəm ki, İsrail ABŞ-la belə məsələlərdə müttəfiqdir. Sadəcə olaraq, İsrail və ABŞ arasında münasibətlər istidir. Onu da xatırladım ki, Obamanın prezidentliyinin ikinci dövründə bu iki ölkənin münasibətləri soyuqlaşıb, ABŞ və İsrailin arasında bir sıra prinsipial məsələlərlə bağlı fikir ayrılığı var. Dəfələrlə Netanyahu ilə Obama arasında narazılıqlar olub. Ona görə də mən müttəfiqlikdən danışa bilmərəm. Lakin bu məsələlərdə Türkiyə mətbuatı da sübut edir ki, ABŞ-ın tanınmış generallarının və Fətullah Gülənin tərəfdarlarının əli var. Mən oxuduğum mənbələrə əsaslanaraq deyirəm ki, bu plan hazırlanıb, məxfi şəkildə ABŞ-ın Əfqanıstanda vuruşmuş generalları orada yer alıb və belə bir hadisədə yalnız daxili qüvvələr yer almayıb, xarici qüvvələrin də təsiri var. Bütün bunlara baxmayaraq, bölgədə yeni manevrlər tələb olunur. Ölkə rəhbərliyi özlərinin xarici siyasət kursunda çox ciddi korrektələr etməlidir. Əslində Türkiyədə baş verənlər qonşu ölkələrə bir xəbərdarlıqdır. Ona görə də bölgə dövlətləri özlərinin ictimai-siyasi həyatında böyük dəyişikliklər etməlidir, ciddi islahatlara getməlidir. Hətta dövlət idarəetmə siyasətində müasir tələblərə cavab verə bilən, əhalinin normal yaşaması, hüquq və azadlıqlarının qorunması, xalqın hakimiyyətdə iştirak etməsi üçün təminatlar verilməlidir. Bu mənada bölgə ölkələri Türkiyədəki hadisələrdən böyük nümunə götürməlidir. Həmçinin Türkiyə də özünün siyasətində ciddi dəyişikliklər etməlidir. Daha çox Qərbə yönəlməlidir, Amerika ilə oturub-durmalıdır, yoxsa “yaxın qonşuluq hər şeydən əzizdir” siyasətinə üstünlük verməlidir? Türkiyə bu mənada seçim etməlidir.
- Yaxın qonşularla “0" münasibətlər kontekstində Türkiyə-Ermənistan sərhədlərinin açılması realdırmı? Bu arada yenə də mövzu ortaya atılıb.
- Normalda heç bir ölkə digər ölkədən özünü təcrid edə bilməz. Amma Türkiyə əvvəlki prinsipial mövqeyində durmalıdır! Ərdoğan Azərbaycan parlamentində demişdi ki, bu sərhədlər Qarabağa görə bağlanıb. Əgər Qarabağla bağlı müsbət addımlar, ölkə rəhbərləri arasında razılaşmalar və təminat varsa, mən sərhədlərin açılmasına razıyam. Qoy, Ermənistan Türkiyə ilə ictimai, iqtisadi əlaqələrdə olsun, nəinki Rusiya ilə. Bu, Azərbaycanın gələcək taleyi üçün də yaxşıdır. Qoy, Ermənistan Rusiyanın forpostu olmaqdan xilas olsun və iqtisadi bağlılığı böyük türk dövləti ilə olsun. Qarabağ məsələsi ilə bağlı addımlar da Azərbaycan siyasətinin uğurlu siyasəti ilə paralel atılmalıdır və 22 ildir gözlədiyimiz məsələlər real olaraq yerinə yetirilməli, bundan sonra Ermənistanla sərhədlərin açılmasına razılıq verilməlidir. Amma bu, olmayacaqsa, onda sərhədlərin açılmasına da “yox” deyirik. Əgər bizim torpaqlar mərhələli şəkildə azad olunacaqsa və Türkiyə Qarabağın azad olunması prosesinə qarışa bilərsə, o halda mən də sərhədlərin açılmasına tərəfdaram.
- Yuxarıda dediniz ki, bölgə ölkələri də Türkiyədə baş verənlərdən nümunə götürməlidir. Azərbaycanda konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum keçiriləcək. Bu qərarla bağlı fikriniz necədir? Hesab etmək olarmı ki, bu, mövcud situasiyaya adekvat qərardır?
- Mən referendumla bağlı verilmiş qərarı Türkiyədəki hadisələrlə əlaqələndirməzdim. Zaman-zaman parlamentdə konstitusiya məsələləri müzakirə edilib, 7 il bundan qabaq da təklif olunan dəyişikliklər referenduma çıxarıldı. Bu gün bütün dünyanın tələb etdiyi məsələlər, ortaya çıxan reallıqlar var. Hər bir ölkə zaman keçdikcə konstitusiyasını müasir dünyanın inkişaf tempinə uyğunlaşdırmalıdır. Məsələn, Rusiya dəyişiklik etdi, burda nə var ki? Rusiyada prezidentlik müddəti 6 il oldu, nə oldu, dünya dağılmadı ki? Ona görə də bir sıra hadisələr sübut etdi ki, xüsusilə müharibə vəziyyətində olan ölkələrdə bütün hakimiyyət qolları gücü bir əldə cəmləşməlidir.
Mən demirəm ki, əbədi olsun. Amma çətin anlarda bu, çox mühüm rol oynayır. Yenə də deyirəm, Türkiyə təcrübəsi bunu göstərdi. Allaha şükür ki, bizim ölkəmizdə sabitlikdir, xalqımız prezidentə sədaqətlidir. Lakin dövlətin rəhbərliyi həmişə ayıq-sayıq olmalıdır. Ölkə konstitusiyası hər zaman xalqın hakimiyyətdə iştirakı üçün təminatlar yaratmalıdır. Çünki hakimiyyət bir insana aid deyil, hakimiyyət xalqındır.
Ona görə konstitusiyada belə dəyişikliklər olmalıdır ki, xalq hakimiyyətdə iştirak etsin, onun güc mənbəyinə çevrilsin, həmişə seçdiyi insanın, azad seçki şəraitində seçdiyi dövlət rəhbərinin yanında olsun. Odur ki, cənab prezident konstitusiyaya dəyişiklikləri təklif edib, Konstitusiya Məhkəməsi müsbət rəy verib. Bundan sonra cənab prezident səlahiyyətindən istifadə edərək referendum tarixi barədə qərar verəcək və mən əminəm ki, xalq bu dəyişiklikləri bəyənəcək. Ümumilikdə bütün dünyada baş verən hadisələr sübut edir ki, hakimiyyətdə islahatlara getmək lazımdır.
musavat
