|
Prezident referendumun gününü təyin etdi
İyulun 25-də Konstitusiya Məhkəməsinin Plenumu prezident İlham Əliyevin Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün təqdim etdiyi “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin edilməsi haqqında” Referendum Aktının layihəsinə müsbət rəy verib.
 
İyulun 26-da isə prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılacaq və kütləvi informasiya vasitələrində dərc ediləcək (layihə əlavə olunmaqla). Ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilib.

Mərkəzi Seçki Komissiyasına ümumxalq səsverməsinin (referendumun) göstərilən tarixdə keçirilməsini təmin etmək tapşırılıb. Nazirlər Kabineti ümumxalq səsverməsinin (referendumun) maliyyələşdirilməsi ilə əlaqədar zəruri tədbirləri həyata keçirməlidir.
Prezidentin sərəncamından dərhal sonra Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. MSK-nın mətbuat katibliyindən verilən xəbərə görə, MSK-nın katibi Arifə Muxtarova Azərbaycanda referendumun keçirilməsi üçün müvafiq normativ aktlara dəyişiklik edilməsi zərurəti yarandığını bildirib. İclasda referendumla bağlı 6 normativ xarakterli akta dəyişiklik müzakirəyə çıxarılıb və qəbul edilib.
 
Konstitusiya Məhkəməsinin Konstitusiyaya əlavə və dəyişikliklər haqqında Referendum Aktını dəstəkləyən qərarından dərhal sonra isə hakim Yeni Azərbaycan Partiyası (YAP) referendum keçirilməsinə hazırlıqlara başlayıb. Partiyanın ümumrespublika müşavirəsi keçirilib və məsələyə baxılıb. YAP mətbuat xidmətinin məlumatına görə, müşavirədə partiyanın rayon və şəhər təşkilatlarının rəhbərləri iştirak ediblər.
 
Xatırladaq ki, konstitusiyaya təklif edilən düzəlişlərə əsasən Azərbaycanda prezident hakimiyyətinin daha da güclənməsini, dövlət başçısına parlamenti buraxmaq, birinci vitse-prezident və vitse-prezidentlər təyin etmək hüququ verilməsini nəzərdə tutur. Bundan başqa, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilədək artırılır, o, növbədənkənar prezident seçkiləri təyin etmək, Milli Məclisi buraxmaq hüququ əldə edir. Baş nazirin səlahiyyətləri azaldılır və prezident hakimiyyəti idarə edə bilmədikdə onun səlahiyyətlərini baş nazir deyil, birinci vitse-prezident icra edir. Prezidentliyə namizəd olmaq üçün 35 yaş həddi aradan qaldırılır, deputatlığa namizədliyi irəli sürmək üçün yaş həddi 25-dən 18-ə endirilir. 
 

Referendum aktının layihəsi 29 maddədən ibarətdir. Layihəyə görə, dövlət qulluqçuları insan hüquq və azadlıqlarına vurduqları ziyana görə yalnız mülki məsuliyyət daşıyacaqlar.
 
Müxalifət Referendum Aktını qəbul etmir və ölkədə  monarxiyaya doğru əsaslı addım kimi dəyərləndirir. Maraqlıdır ki, konstitusiya dəyişikliyi ilə bağlı məsələyə hələ heç bir beynəlxalq reaksiya yoxdur. Ölkə müxalifəti isə hələ ki etiraz bəyanatlarından o tərəfə heç bir addım atmayıb. 
 
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, ölkədə böyük miqyaslı təpki olanda, kütləvi etirazlar ortaya çıxanda hər hansı qanuna dəyişikliyə, referenduma beynəlxalq diqqət, rəy ifadə edilir. Miqyaslı müqaviməti, kütləvi etirazları isə təşkil eləyə biləcək mütəşəkkil qüvvə lazımdır: “Ən azı son ilin təcrübəsi isə göstərdi ki, bu cür mütəşəkkil qüvvə yoxdur və az-çox mövcud olan müxalif qüvvələr sıradan çıxarılmaqda davam edir. Bu gün Azərbaycanda nə şəbəkələşmiş vətəndaş cəmiyyəti var, nə də birləşmiş güclü müxalif qüvvə yoxdur ki, cəmiyyəti səfərbər edib etirazını bildirsin. Cəmiyyət də heç zaman özü-özünə təşkilatlanıb etiraz eləyə bilməz. Odur ki, referendumla irəli sürülən bütün təkliflər artıq hakimiyyətin iradəsindən asılıdır.
 
Hakimiyyət necə istəyəcəksə proses də o cür keçəcək və dəyişikliklər rəsmiləşdiriləcək. Yüksək ehtimalla deyə bilərəm ki, vətəndaşların mütləq əksəriyyəti heç bilməyəcəklər ki, ölkədə referendum keçirilir”.
 
Müxalifət partiyalarından referendumla bağlı birləşmək, birgə müqavimət təşkil eləmək çağırışlarına gəlincə, ekspert qeyd etdi ki, birləşmək müqavimətin ortaya qoyulmasına bir qədər çox təsir eləyə bilər: “Amma güman eləmirəm ki, artıq hətta birləşmək də həlledici təsir eləsin. O ki, qaldı birləşəcəklərmi, bunu çətindir söyləmək. Şəxsən mən düşünmürəm ki, bu alınacaq”.
 
 
Ə.Oruclu onu da dedi ki, referendumun gününün təyinindən hələ bir gün keçir: “Yəqin ki, yaxın zamanlarda yəqin ki, müəyyən beynəlxalq reaksiyalar olacaq. Reaksiyaların müsbət və ya mənfi olacağını isə indidən dəqiq söyləmək çətindir. İstənilən halda o reaksiyalar elə də əhəmiyyətli olmayacaq. Ona görə ki, ölkədə gedən proseslərə, qanunlara dəyişikliklərə yalnız ölkədaxili müqavimət, etirazlar ciddi olduqda beynəlxalq reaksiya da ciddi olur. Ölkənin özünün daxilində ciddi reaksiya yoxdursa, beynəlxalq reaksiya da ciddi olmayacaq və olan reaksiya növbətçi reaksiya xarakteri daşıyacaq”.
Ə.Oruclu konstitusiya dəyişikliyi ilə bağlı Qərblə və ya hansısa beynəlxalq güclərlə iqtidarın arasında hansısa razılaşma olduğuna inanmır: “İnanmıram ki, belə bir anlaşma var. Sadəcə, hakimiyyət bütün amilləri nəzərə alaraq, ana qanunda dəyişikliklər aparmaq istəyir ki, öz mövqelərini daha da möhkəmləndirsin. Hakimiyyət bilir ki, buna beynəlxalq səviyyədə ciddi etirazlar olmayacaq. Bu dəyişiklikləri həyata keçirmək üçün niyə məhz indiki vaxtın seçilməsinə gəlincə, indi bir az dolaşıq dövrdür və geosiyasi proseslər çox sürətlə inkişaf edir. Bölgədə, ölkədə, hakimiyyətdaxili qruplar arasında vəziyyət getdikcə çətinləşir. Görünür ki, bunların hamısını nəzərdən keçirərək belə qərara gəldilər ki, məhz indiki şəraitdə hakimiyyəti möhkəmləndirməyə ehtiyac var. Bu, möhkəmləndirməkdir, ya zəifləməyə xidmət edəcək, bunu isə zaman göstərəcək. Mən hesab eləmirəm ki, bu, hakimiyyəti möhkəmləndirməkdir”.