Şirvanda baş vermiş hadisədə xəsarət alanlara tibb yardımın göstərilməsi səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi nəzarətinə götürülüb.
Bu ana qədər Şirvan Mərkəzi Rayon xəstəxanasına artıq 11 nəfər xəsarət almış şəxs çatdırılıb. Xəsarət alanlara mütəxəssislər tərəfindən zəruri tibbi yardım göstərilir. Hadisə yerində təcili yardım briqadaları işini davam etdirir.
* * *16:54
Müdafiə Sənayesi Nazirliyi zavodda baş verən yanğınla bağlı ilkin məlumat yayıb.
Məlumatda deyilir ki, bu gün saat 15:35 radələrində nazirliyin Şirvan ”Araz” zavodunda yanğın hadisəsi baş verib. Hadisə ilə bağlı nazirlik tərəfindən rəsmi məlumat veriləcək: "Xahiş edirik, hadisə ilə bağlı məlumat yayarkən nazirliyin mətbuat xidməti ilə əlaqə saxlanılsın".
* * *16:28
Şirvan rayonunda baş vermiş hadisə ilə əlaqədar yerli səhiyyə müəssisələrinin səyləri səfərbər olunub.
Bu barədə virtualaz.org saytına nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib.
Hadisə yerinə əlavə olaraq Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən 2 həkim briqadası (travmatoloq, reanimatoloq və s.) artıq göndərilib və 3 həkim briqadası da göndərilməkdədir. Hadisə nəticəsində zərərçəkənlərə zəruri tibbi yardım göstərilir.
Sosila şəbəkələrdə isə rayon sakinləri 1 nəfərin öldüyünü, ondan çox yaralının olduğunu yazıblar.
***
Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda baş verən dəhşətli partlayış nəticəsində yaralananlar xəstəxanalara daşınır.
Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cavadov bildirib. Onun sözlərinə görə, xeyli sayda yaralı var. Hələlik yaralıların sayı dəqiqləşdirilməyib.
* * *15:50
Bu dəqiqələrdə musavat.com-a daxil olan məlumata görə, Şirvan şəhərində güclü partlayışla müşayiət olunan yanğın baş verib.
Yerli sakinlərin bildirdiyinə görə, Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda dəhşətli partlayış olub.
Deyilənə görə, bu zavodda silah-sursat istehsal olunur.
Sakinlərin bildirdiyinə görə, hazırda partlayış baş verən əraziyə yaxın düşmək mümkün deyil.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.


Cia.az
