|
Konstitusiya Məhkəməsi İlham Əliyevin təklifini nəzərdən keçirir

İyulun 25-də Azərbaycan Konstitusiya Məhkəməsi ölkənin referenduma təqdim edilən fundamental hüquqi dəyişikliklər layihəsinin qanuniliyini nəzərdən keçirəcək.

Virtualaz.org xatırladır ki, iyulun 18-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında" referendum aktının layihəsini hüquqi ekspertiza üçün Konstitusiya Məhkəməsinə göndərib.

Onu da qeyd edək ki, Prezident tərəfindən imzalanmış sənəd Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsini nəzərdə tutur. Təklif olunur ki, prezidentin səlahiyyət müddəti yeddi ilə qədər artırılsın. Bundan başqa, sənəddə Azərbaycan Prezidenti vəzifəsinə seçilmək üçün vətəndaşın ən az 35 yaşı olması barədə müddəanın çıxarılması haqda paraqraf da var.

Layihə birinci vitse-prezident və vitse-prezident vəzifələrinin tətbiqini nəzərdə tutur. Əgər mövcud əsas qanuna görə, prezident öz vəzifəsindən vaxtından əvvəl getdiyi təqdirdə onun səlahiyyətlərini baş nazir həyata keçirirdisə, yeni layihədə həmin hüquq birinci vitse-prezidentə verilir.

Sənəddə həmçinin, prezidentə Milli Məclisi vaxtından əvvəl buraxmaq və erkən seçkilərin keçirilməsi barədə qərar vermək hüququnun verilməsi nəzərdə tutulur. Bundan əlavə, layihəyə vətəndaşın Milli Məclisə seçilmək üçün yaş həddinin 25-dən 18-ə endirilməsi barədə bənd daxil edilib.

Konstitusiya Məhkəməsi Plenumunun iclası  saat 10:00-a təyin olunub.

CİA.AZ