Zaman-zaman, indinin özündə də dünya dövlətlərində tez-tez idarəetmə modellərinin dəyişdirildiyi, yaxud buna cəhd edildiyi müşahidə olunur. Türkiyədə prezident üsul-idarəsinə, təcavüzkar ölkə olan Ermənistanda parlamentli respublikaya çevrilmək üçün aparılan siyasət, son olaraq da Referendum Aktı ilə Azərbaycanda bunun rüşeymlərinin görünməsi bu məsələləri bir daha gündəmə gətirib.
Dövlətləri buna məcbur edən nədir? Bu dəyişikliklər ölkələrin spesifik xüsusiyyətlərindən irəli gəlir, yaxud hansısa qrupların maraqlarına xidmət edir? Azərbaycan üçün ən uyğun model hansıdır? Bu məsələlər ətrafında sual doğuran müzakirələr bunlardır.
Ümid Partiyasının sədri İqbal Ağazadə hesab edir ki, belə dəyişikliklər qrupların maraqlarından doğur: “Bunlar spesifik xüsusiyyətdən irəli gəlmir. Sadəcə, hansısa qrupun idarəçiliyinə uyğun gələn modelin tətbiqi üçün cəhdlər edilir. Hansı idarəçilik formasının xalqa uyğun olduğunu axtaranlar ölkələrini normal yerlərə aparırlar, fayda verə bilirlər. Əks halda qrupların faydası üçün edilirsə, bu cəmiyyətlə üst-üstə düşmür. Uzun zaman keçmədən qruplar və cəmiyyət arasında qarşıdurmalar yaranır. Bu da sonda xaosa çevrilir”.
Partiya sədri Azərbaycan üçün uyğun olan modeli də açıqladı: “Cümhuriyyətçilik idarəçiliyi ölkəmiz üçün uyğun variant idi. İcraedici, qanunverici və məhkəmə sistemlərinin səlahiyyətləri düzgün bölüşdürülmüşdü. 1995-ci il konstitusiyasında da bunlar öz əksini tapmışdı. Amma sonra konstitusiyaya edilən dəyişikliklər, təəssüf ki, mahiyyəti dəyişdi. Prezident üsul-idarəsi ölkəmiz üçün bərpa olundu”.
Politoloq Qabil Hüseynliyə görə isə bəzən yaranan situasiyalara görə dövlət belə dəyişikliklərə gedir:“Başqa ölkələrdə sınaqdan keçirilən idarəetmə formasının müsbət olduğunu görüb, öz ölkələrinə tətbiq edənlər də var. Avropa ölkələrinin çoxunda belədir. Orada sosial dövlət deyilən bir anlayış var. Bu anlayışın tələblərindən biri odur ki, hər bir vətəndaşın yaşayışını təmin edən məhsuldar idarəçilik yaradılmaqdır. Amma sirr deyil ki, bəzi dövlətlərdə bu cür dəyişikliklərə gedilərkən bir şəxsin, yaxud bir qrupun maraqları ön plana çəkilir. Avtoritar xarakterli, hakimiyyətin sərt idarəçiliyi tətbiq olunur. Nəticədə hakimiyyət qolları arasındakı əlaqələr qırılır və sərt mərkəzləşmənin qurbanı olurlar. Nəticə etibarı ilə də hakimiyyətin üç əsas qolu bir şəxsin və ya bir qrupun əlində mərkəzləşmiş olur. Bu idarəetmə sistemi ola bilər ki, müəyyən dövrlərdə səmərə versin. Müharibə şəraiti və digər məsələləri qeyd etmək olar. Amma əbədi bir prosesə çevriləndə, orta dövrlərdəki padşahlıq ənənəsinin bərpasına səbəb olur. Beləliklə də səmərəli olmaya bilər. Amma indi XXI əsrdir. Bu əsrdə dövlət modelləri demokratiya, insan haqları, açıq tipli cəmiyyəti özündə ehtiva edir. Türkiyə prezident üsul-idarəsinin qurulmasına çalışır. Amma bu demokratiyanın boğulması anlamına gəlməməlidir. Sadəcə, prezident hakimiyyətinin ölkədə gedən bəzi proseslərə görə daha effektli olması üçün belə edilir. Burada Ərdoğanın müəyyən ambisiyalarının olduğunu da etiraf etmək lazımdır. Amma hər halda müvəqqəti olsa da, bu, Türkiyəyə lazım ola bilər. Ona görə də bu sistemə getmək istənilir. Amma xalqın buna icazə verib-verməyəcəyini demək çətindir”.
Politoloq Azərbaycan üçün olan optimal idarəçilik formasından da söz açdı: “Azərbaycan müharibə şəraitində yaşadığından, bir sıra problemlərin mövcudluğuna görə ölkəmiz üçün ən uyğun model prezident üsul-idarəsidir. Əgər Dağlıq Qarabağ problemi olmasaydı, deyərdim ki, parlamentar üsul-idarə daha səmərəli ola bilərdi. Amma hər halda ağır problemlərimiz olduğu üçün bizə möhkəm hakimiyyət, cəmiyyətin bu hakimiyyətin ətrafında cəmlənməsi üçün bunların hamısı dövlətimiz üçün keçərli ola bilər”.
