Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün avqust ayında keçirilməsi nəzərdə tutulsa da, hələlik görüşün yeri və konkret tarixi barədə konkret məlumat yoxdur. Lakin Ermənistanda cərəyan edən olaylar bu görüşün effektli olacağına şübhələri artırıb.
Məsələ ondadır ki, prezident Serj Sərkisyana qarşı daha radikal, faktiki “müharibə partiyası”nı təmsil edən silahlı müxalifət müqavimətə və mübarizəyə başlayıb. Əsas tələb də Sərkisyanın istefası, Qarabağ məsələsində hər hansı güzəştə yol verilməməsidir. Bu vəziyyət də istər-istəməz Serj Sərkisyanı öz hakimiyyətini saxlamaq üçün Dağlıq Qarabağla bağlı hər hansı geri addımla bağlı olduqca ehtiyatlı olmağa sövq edir.
Doğrudur, son məlumatlara görə, qiyamçılar 6 gündən sonra girov polisləri azad ediblər. Amma bu, heç də o anlama gəlmir ki, Ermənistanda situasiya sabitləşib. Ən azı ona görə ki, radikal müxalifətçi qrupun girovgötürmə əməliyyatını şərtləndirən motivlər yerində qalır. Bu da ilk növbədə rəsmi İrəvana Qarabağ məsələsində hər hansı güzəştə getməyə imkan verməməkdir.
“Bizim qrupun təslim olmaq niyyətində olması barədə bütün xəbərlər yalandır. Biz yalnız aşağıdakı tələblərimiz yerinə yetirildikdə silahlarımızı yerə qoyacağıq: Serj Sarkisyanın istefası, heç bir halda hakim Respublika Partiyasının üzvlərinin tərkibində yer almayacağı müvəqqəti hökumətin formalaşdırılması və yeni seçkilərin keçirilməsi”, - deyə jurnalistlərə açıqlamasında silahlı qrupun üzvü Varujan Avetisyan bildirib.
Bu arada o da bəlli olub ki, polis alayının binasını ələ keçirmiş silahlı qrup separatçı rejimin nümayəndəsinin vasitəçiliyindən imtina edib. Qrupun üzvü Varujan Avetisyan deyib ki, hazırda hakimiyyətlə danışıqlarda vasitəçi qismində çıxış edən separatçı rejiminin nümayəndəsi Vitali Balasanyan bundan sonra vasitəçi missiyasını həyata keçirməyəcək. Səbəb kimi, Vitali Balasanyanın silahlı qrupla görüşə gələn mətbuat nümayəndələrinin işinə mane olması bildirilir.
“Biz vasitəçilik etmələri üçün digər şəxslərlə danışıqlar aparırıq. Vasitəçinin adı aparılan danışıqlardan sonra elan olunacaq”, - deyə Avetisyan bildirib. Bundan əvvəl silahlı qrup təslim olmaq niyyətində olmadığını bəyan edib.
Yada salaq ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onlar polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hücum zamanı bir polis ölüb, 5-i polis olmaqla 6 nəfər yaralanıb.
***
Bəs, qonşu ölkədəki qeyri-müəyyənlik nə qədər sürə bilər, axı, belə bir durum - rəsmi İrəvanın güzəştlərə dirənişi labüd olaraq müharibəyə aparır ki, bu da öz növbəsində hakim rejimin marağında deyil, çünki böyük müharibə də gec-tez onun süqutuna gətirəcək.
“Belə təəssürat yaranır ki, Ermənistanda məqsədli şəkildə çalxalanma və narazılıq situasiyası yaradılır. Çünki etirazçıların əsas tələbi Dağlıq Qarabağa dair dinc danışıqlarla bağlı səyləri dayandırmaqdır”. Bu sözləri rusdilli vesti.az saytına müsahibəsində rusiyalı konfliktoloq Yevgeni Mixaylov işğalçı ölkədəki son prosesləri şərh edərkən deyib.
Ekspertə görə, mövcud vəziyyət işğal olunmuş ərazilərin bir qismini faktiki qaytarmağa razılıq vermiş Sərkisyanı qane edə bilər. “Onu elə bunda ittiham edirlər və ehtimal eləmək olar ki, Sərkisyan danışıqların pozulmasına görə məsuliyyəti qiyamçıların üzərinə qoymağa cəhd edir. Mövcud durumda istisna deyil ki, Sərkisyan özünü kənara çəkəcək və münaqişə daha da dərinləşəcək. Lakin Ermənistan əhalisi siyasi çəkişmə və didişmələrdən bezib. Ölkənin zəif iqtisadiyyatı nəticəsində fəal əhalinin böyük hissəsi xaricə çıxıb gedib. Bu amil qiyamçıların xalqı müharibəyə qaldırmaq kimi pərdəarxası intriqasına qarşı işləyə bilər və mümkündür ki, daxildə siyasi elitalar arasında münaqişənin dərinləşməsinə imkan verməsin” - politoloq qeyd edib.
Ekspertin fikrincə, Ermənistanda vəziyyətin qarışması heç kimə lazım deyil. “Nə Bakıya, nə Ankaraya, nə də ələlxüsus Moskvaya bu, sərf edir. Çətin ki, bu gün Ermənistanda çevriliş mümkün olsun. Dağlıq Qarabağ ətrafındakı situasiyaya gəlincə, baş verən hadisələrin bütün məntiqi sübut edir ki, məsələ ətrafında kompromis tərəfdarlarının sayı getdikcə artmaqdadır. Türkiyədə çevriliş cəhdinin iflas olması da bu məsələyə öz pozitiv təsirini göstərəcək” - konfliktoloq əlavə edib.
Ermənistandakı son durumu şərh edən Rusiyadakı Konstruktiv Siyasət Fondunun direktoru Abdul Naqiyevə görə isə, aprel ayında təmas xəttindəki hadisələr Ermənistanda 20 ildir hakimiyyəti əlində saxlayan “Qarabağ klanı”nın strategiyasını laxladıb. “Erməni konstruksiyasının bütün elementləri laxlayıb, hərbi və diplomatik strategiya laxlayıb” - politoloq deyib.
Onun qənaətincə, yaranmış vəziyyətdə hakimiyyəti saxlamaq Serj Sərkisyana kifayət qədər çətin olacaq. “Ancaq Ermənistanda hakimiyyət dəyişərsə, Qarabağda geniş miqyaslı hərbi əməliyyatların bərpası ehtimalı dəfələrlə artacaq. Sərkisyanı yalnız ”müharibə partiyası" hakimiyyətdən sala bilər. Başqa qüvvələrin, sadəcə, belə şansı yoxdur. Bu isə böyük müharibəyə aparan birbaşa yoldur" - ekspert qeyd edib
Amma belə görünür, müharibə, erməni xalqının növbəti və daha böyük itkilər verməsi Ermənistandakı “müharibə partiyası”nı çox az maraqlandırır. Tam yanlış olaraq ermənilərə elə gəlir ki, Qarabağ məsələsində “Qarabağ klanı”ndan, Sərkisyan rejimindən artığına nail ola bilərlər. Əlbəttə ki, illüziyadır. Ona görə ki, radikal yolun Ermənistana, erməni xalqına 22 illik atəşkəs dövründə yaxşı heç nə gətirmədiyini bundan əvvəlki “müharibə partiyası” - Köçəryan-Sərkisyan idarəçiliyi əyani göstərib.
İkinci yandan, Azərbaycan, onun ordusu 22 il öncəki deyil. Gərək ki, işğalçı tərəf öz radikal ünsürləri ilə birgə buna apreldəki 5 günlük müharibə zamanı əmin olub. Yenə şübhələri varsa, Azərbaycan Ordusu düşmənə növbəti qulaqburmasını verə bilər. Hər necə olmasa, Azərbaycan milyardlarla dollar xərc çəkib aldığı müasir hərbi sistemləri və döyüş maşınlarını, silah-sursatı vitrinə qoymaq fikrində deyil.
