Ölkədə elektrik enerjisinin qiyməti artırılandan sonra digər sahələrdə də bahalaşmanın olacağı ehtimal edilir. Ekspertlər daha əvvəl suyun bahalaşdığına diqqət çəkərək, kommunal sahədə bahalaşmanın davam edəcəyini proqnozlaşdırırlar. Qiymət artımı üçün ciddi əsas olmadığını bildirməklə yanaşı, ekspertlər əlavə edirlər ki, hökumət digər sahələrdə bahalaşma üçün özü əsas yaradıb. Bu səbəbdən bahalaşmanın qarşısını alacağı ağlabatan deyil.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, əslində qiymətləri hökumətin özü qaldırır: “Tarif Şurasının qərarı ilə suyun, elektrik enerjisinin qiymətlərinin qalxması, təbii ki, bir çox hallarda digər sahələrdə qiymət artımına təkan verir. Bununla yanaşı, bir sıra kommunal xərclərdə də artımın olması ehtimalı var. Həmçinin manatın məzənnəsi getdikcə aşağı düşür. Rəsmi məzənnə 15-20 gündür ki, xeyli dərəcədə azalıb. Ümumi minimum hədləri götürsək, rəsmi məzənnə artıq 1,57-yə keçib. Elə tək dolların məzənnəsinin qalxmasına görə qiymətlərdə bahalaşma ola bilər. Bahalaşma həm yerli məhsullara aiddir, həm də gətirilmiş, ölkəyə idxal olunmuş məhsullara aiddir. Gətirilən məhsullara birbaşa təsir göstərir. Çünki məzənnə qalxdıqca qiymət qalxır. Yerli məhsullara da istehsalçılara təsir göstərməsi səbəbindən bahalaşma üçün zəmin yaradır. Çünki onların əlavə xərcləri artır. Həm elektrik enerjisinin, həm suyun qiymətinin qalxması, digər kommunal xərclərinin artması ehtimalı, bütün bunlar, digər məhsulların qiymətinin artması həmin istehsalçıları da qiymət artımına sövq edir. Yəni burada hökumət görə biləcəyi işi artıq mənfi mənada görüb. Kommunal xərcləri qaldırmaqla məzənnənin artmasına imkan yaratmaqla artıq qiymət artımına gedib. Görə biləcəyi işi isə biz illərdir deyirik. Hətta bu vəziyyət yaranmamışdan öncə də deyirdik ki, ölkədə ciddi rəqabətli mühit olmalıdır ki, ciddi rəqabətli mühitə görə qiymətlərin artırılması imkan yaranmasın. Rəqabətli mühit olsa, gömrükdə və vergi sistemində normal idarəçilik tətbiq olunsa, o zaman qiymətlərin artımında müəyyən dərəcədə zəifləməni görə bilərik. Hətta bəzi sahələrdə ucuzlaşma da ola bilər. Sadəcə, bunun üçün normal idarəetmə sistemi yaranmalıdır. Bunun üçün rəqabətli mühit yaranmalıdr. Bunu hökumət illərdir etmirsə, qiymət artımında birbaşa hökumətin rolu var və bu rol danılmazdır. Hökumətin atdığı addımların nəticəsi olaraq bahalaşma müşahidə edilir”.
Ekspert Qubad İbadoğlu isə qeyd edib ki, yeni bahalaşma dalğası gözlənilir: “Milli valyutanın devalvasiyası şəraitində yeyinti məhsullarının idxalının artımı, eləcə də suyun, elektrik enerjisinin tariflərinin bahalaşması və onun digər bazarlara təsirləri inflyasiya artırıcı amilləri fəallaşdıracaq”.
Ekspertin sözlərinə görə, Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikası üzrə açıqlanan hesabatdan məlum olur ki, bu ilin 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan malların çeşidlərinin sayı 1040 ədəd artaraq 6520-ə çatıb.
Keçən ilin müvafiq dövrünə nisbətən idxal əməliyyatlarının məbləği 13,98 faiz azaldığı halda malların çeşidlərinin sayının 20 faizədək artımı ilk növbədə ölkə iqtisadiyyatının xarici faktorlardan asılılığını gücləndirir: “Bu dinamika idxalı əvəz edən yerli istehsalın formalaşması ilə əlaqədar siyası bəyanatları və sənaye məhsulunun artımı ilə bağlı açıqlanan son statistik məlumatları təkzib edir. Belə ki, həqiqətən də əgər deyildiyi kimi, qeyri-neft istehsalında inkişaf varsa, onda əksinə idxalı əvəz edən yerli istehsal hesabına ölkəyə xaricdən gətirilən məhsulların çeşidlərinin sayında azalma müşahidə olunmalı idi. Lakin bu ilin birinci yarısına idxal əməliyyatlarının təhlili göstərir ki, bu dövrdə xüsusilə də alıcılıq qabiliyyətinin aşağı düşməsinə baxmayaraq, ümumi yekununda 14,8 faiz xüsusi çəkiyə malik olan yeyinti məhsullarının idxalında 12 faiz artım olub. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, ötən illə müqayisədə idxalda yeyinti məhsullarının payı 3,6 faiz bəndi yüksəlib. Bununla yanaşı, 2016-cı ilin 1-ci yarısında idxalda 23,3 faiz xüsusi çəkiyə malik olan maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri 7,5 faiz, idxalda 12,5 faiz xüsusi çəkiyə malik olan nəqliyyat vasitələri və onların hissələri isə 2 dəfəyədək azalıb. Beləliklə də cari ilin 6 ayının yekunlarına görə, ölkəyə gətirilən yeyinti məhsullarının xüsusi çəkisi, məbləği və çeşidləri artdığı halda milli iqtisadiyyatın modenləşdirilməsi üçün vacib olan nəqliyyat vasitələri, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrinin idxalı azalıb”.
Ekspert çıxan nəticələrə də diqqət çəkib: “Birincisi, milli valyutanın devalvasiyası şəraitində yeyinti məhsullarının idxalının artımı, eləcə də suyun, elektrik enerjisinin tariflərinin bahalaşması və onun digər bazarlara qiymət artırıcı təsirləri inflyasiyanın artımını şərtləndirəcək və belə olan halda cari ilin ikinci yarısında da ölkə iqtisadiyyatında ikirəqəmli inflyasiya hökmranlıq edəcək. İkincisi, yeni texnika və texnologiyaların, müasir maşın və mexanizmlərinin idxalının aşağı düşməsi milli iqtisadiyyatın modernləşdirilməsi prosesini ləngitməklə ölkənin rəqabət qabliyyətinin aşağı düşməsinə və bununla da qeyri-neft ixracatının yalnız xammal və aqrar məhsulların bazasında formalaşmasına gətirib çıxaracaq. Bu sahədə potensialın azlığı milli iqtisadiyyatın gələcəyi üçün ciddi problemlər yaradacaq, belə olan halda da ölkə iqtisadiyyatı və manatı daha mürəkkəb və böyük çətinliklərlə üzləşəcək. Təəssüf ki, idxalda müşahidə olunan mövcud dəyişiliklər nə iqtisadiyyata məsul olan hakimiyyət orqanlarını, nə də ki, bu sahədə qərar qəbul edən səlahiyyətli şəxsləri hələ də qayğılandırmır”.musavat
