Hazırda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017‑ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.
Musavat.com xəbər verir ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda, ümumilikdə 55 binada aparılır. İmtahanın idarə olunmasına 260 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2 min 445 nəzarətçi-müəllim, o cümlədən ASAN Xidmətin 88 könüllüsü zal nəzarətçisi qismində cəlb olunub.
İmtahanda 29 min 196 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 16 min 197-si II qrup üzrə, 12 min 999-u III qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 26 min 346-sı Azərbaycan bölməsinin (II qrup üzrə 14 min 340, III qrup üzrə 12 min 6 nəfər), ), 2 min 850-si isə rus bölməsinin (II qrup üzrə 1857, III qrup üzrə 993 nəfər) məzunudur.
İmtahan saat 11.00-da başlanacaq və 3 saat davam edəcək. Artıq imtahan veriləcək binaların önündə izdiham yaşanır. Valideynlər övladlarına dəstək vermək üçün toplaşıblar. Hər kəs həyəcanlı görünür.
Xatirə Vəliyeva adlı valideyn oğlunun qəbul olması üçün dua etdiyini bildirdi: "Tək oğlum var. Onun universitet oxuması çox vacibdir. Gələcəyini başqa cür qura bilməz. Maddi imkanımız buna yetmir. Gərək oxusun. Yaxşı hazırlaşıb. Əlavə dərslər alıb. Əminəm ki, məni sevindirəcək".
Tələbə olmağa namizəd olan gənclər sırayla universitetin həyətinə daxil olurlar. Valideynlər isə həyəcanla övladlarını gözləyirlər.
Cia.az
