Dünən axşam saatlarında bir neçə şəxs Göygöl Milli Parkının nəzarət-buraxılış məntəqəsinə daxil olaraq işçilərə xəsarət yetirib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat veriblər.
Xəbərdə deyilir ki, şəxsiyyətləri hələlik məlum olmayan şəxslər Göygöl Milli Parkına girmək üçün nəzarət-buraxılış məntəqəsinə daxil olub. Nəzarət-buraxılış məntəqəsində növbədə olan Milli Parkın əməkdaşı Müşfiq Atayev qanunvericiliyə uyğun olaraq Milli Parka turistlərin buraxılış saatının 9:00-dan başlandığını izah etməyə çalışsa da, həmin şəxslər tərəfindən təhqir edilib və döyülüb. Hadisədən xəbər tutan Milli Parkın digər mühafizə yegeri Osman Mustafayev zorakılıq göstərən şəxsləri sakitləşdirməyə cəhd edərkən o da fiziki təzyiqə məruz qalıb, deşici alətlə qoluna xəsarət yetirilib, baş nahiyəsinə isə kətil vasitəsilə zərbə endirilib.
Milli Parkın əməkdaşlarına qarşı zorakılıq göstərən şəxslər bundan sonra hadisə yerindən qaçıb.
Göygöl Milli Parkının xəsarət alan əməkdaşları müvafiq yardım alınması və xəsarətlərinə ekspert rəyi verilməsi üçün xəstəxanaya müraciət edib.
Hadisə barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.
Cia.az
