Ölkədə özəlləşdirmənin yeni dalğasının başlanacağı gözlənilir. İlin əvvəlindən anonsu verilən özəlləşdirmə ilə bağlı detallar məlum olmasa da, ekspertlər dövlətin əlavə yükdən azad olmasının vacibliyini önə çəkirlər. İki gün əvvəl dövlət başçısı İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı fərman da imzalayıb. Fərmanda göstərilir ki, Nazirlər Kabineti dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin siyahısını müəyyən etməlidir.
Sənəddə qeyd olunur ki, fərmanın məqsədi ölkədəki iqtisadi fəallığı gücləndirmək, özəl təşəbbüslərə dəstək vermək, iqtisadiyyatın şaxələndirilməsini təmin etmək, sağlam rəqabət mühiti formalaşdırmaqdır. Fərman Nazirlər Kabineti və Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə vəzifələr qoyur. Sənədə görə, Nazirlər Kabineti dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin siyahısını müəyyən etməlidir. Nazirlər Kabineti özəlləşdirmə prosesində Bakı və digər şəhərlərin baş planlarını nəzərə almalıdır. Özəlləşdirilən müəssisələrin yerləşdiyi torpaq sahələrinin sərhədlərinin yenidən müəyyən edilməsi ilə bağlı təkliflər hazırlanaraq ölkə başçısına təqdim olunmalıdır.
Fərmanda nəzərdə tutulur ki, bu proses zamanı regionda rəqabət qabiliyyətli potensialı olan və sosial-iqtisadi inkişafa əhəmiyyətli töhfə verə biləcək fəaliyyəti dayanmış müəssisələrin özəlləşdirilməsinə üstünlük verilməlidir. Eyni zamanda özəlləşdirmənin şəffaflığı təmin edilməlidir. Fərman Özəlləşdirməyə Nəzarət üzrə Dövlət Komissiyasının üzərinə aşkarlığın təmin edilməsindən ötrü məqsədyönlü tədbirlər görmək vəzifəsi qoyur. Fərmanda torpaqlardan səmərəli istifadə, sahələrin zəbt olunması məsələsinə də diqqət ayrılıb.
Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, əslində Azərbaycan hökumətinin yanvar ayında belə bir özəlləşdirmə proqramının olacağı ilə bağlı ilkin açıqlaması olmuşdu: “Bu özəlləşdirmə proqramının qəbul olunmasında əsas məqsəd təbii ki, Azərbaycanda son vaxtlar büdcədə yaranan problemlər, dövlət xərclərinin azaldılmasına yönəlik hər hansı addımların atılmasını özündə ehtiva edirdi. Çünki hökumət özəlləşdirmə vasitəsilə dövlət büdcəsində yaranmış bəzi problemlərin həllinə çalışırdı. Həm də büdcədən ayrılan vəsaitin yükünü azaltmağa çalışırdı. Amma görünən odur ki, bu, tək fərmanlarla olan şey deyil. Yəni ölkədə ciddi investisiya mühiti yaratmadan və xarici investorlar üçün münbit şəraitin yaranmasına səbəb olmadan belə addımların atılması effekt vermir. Ona görə də ard-arda fərmanların verilməsi ilə xarici investorlara güvən verilməsi prosesi gedir. Amma mənə elə gəlir ki, tək fərmanlarla bu olmayacaq. Ölkədə ciddi şəkildə məhkəmə sistemində islahatlar olmasa, məhkəmə sistemi üçün mülkiyyət toxunulmazlığının müqəddəsliyi haqqında xarici investorlarda və daxili investorlarda bir fikir formalaşmasa, verilən fərmanlar ciddi effekt verməyəcək. Amma əslində tutulan yol doğru yoldur. Azərbaycanın ciddi özəlləşdirmə proqramına ehtiyacı var. Büdcənin yükü azaldılmalıdır. Özəlləşdirməyə çıxarılan müəssisələrin effektiv çalışması üçün özəlləşdirmənin özü bir şərtdir. Bundan sonra, xüsusi mülkiyyətə keçdikdən sonra daha effektiv çalışma ehtimalı çox yüksəkdir. Çünki müəssisələr dövlətin olanda dövlətdən dotasiyalar hesabına, vergilərin verilməməsi hesabına, xidmətin keyfiyyətsizliyi hesabına ayaqda dura bilirdi. İndi isə özəlləşdirmədən sonra bu, mümkün olmayacaq. Amma bunun həyata keçirilməsinə ciddi effekt verməsi üçün ölkədə ümumi iqtisadi mühit və investorlar üçün cəlbedicilik xeyli dərəcədə artmalıdır. Bunsuz nə xarici, nə daxili investorlar üçün bəlli bir məsələ olmayacaq”.
Qeyd olunur ki, hakimiyyətin üzləşdiyi böhrandan çıxmaq üçün xarici borclanmaya və iri müəssisələri özəlləşdirməyə gedəcəyi proqnozlaşdırılan addım idi. Artıq iri dövlət müəssisələrinin özəlləşdirilməsi ilə bağlı ilkin addım atılıb. Bu istiqamətdə qərar qəbul olunub. Hələlik bu siyahıya hansı müəssisələrin adının salınacağı bəlli deyil. Amma Beynəlxalq Bankın, “Azərenerji”nin, Dövlət Dəmir Yollarının dirçəldilməsi bu siyahıda bu təşkilatların ola biləcəyini deməyə əsas verir. Bu arada su və enerjinin qiymətinin artırılması da təsadüfi qiymətləndirilmir.
Ekspert Qadir Ibrahimli azadliq.info-ya bildirib ki, hökumət özəlləşdirməyə münasibətdə müəyyən konseptual dəyişikliklər etmək istəyir. Onun sözlərinə görə, bu özəlləşdirmə dövlətin xərcinin azaldılmasına xidmət etməlidir: “Yəni maliyyə problemi olan, sıxıntı çəkən iri müəssisələri özəlləşdirmək nəzərdə tutulur ki, növbəti mərhələdə dövlətin xərci az olsun. Eyni zamanda həmin müəssisəyə başqa investorları cəlb edib, vəziyyətdən çıxmaq mümkün olsun. Bu, ümumi yanaşmadır. Amma bu siyasətin necə həyata keçiriləcəyi hələ bəlli deyil. Yəni həqiqətən də effektiv özəlləşdirmə mühiti yaradılacaqmı, şəffaf müsabiqələr keçiriləcək, real investorlar cəlb olunacaqmı? Yoxsa özəlləşdirmə adı altında iri müəssisələr hansısa məmurun yaxınlarının adına rəsmiləşdiriləcək? Bu suallar açıq qalıb. Amma hökumətdə ümumi yanaşma budur ki, dövlətdən dotasiya alan, xərc tələb edən müəssisələr özəlləşdirilsin”.
Bəzi iqtisadçıların fikrincə, özəlləşdirmə prosesinin sürətləndirilməsi ölkə iqtisadiyyatında özəl sektorun rolunun artmasına yardımçı olacaq. Bu günə qədər özəlləşdirmə ilə bağlı 2 böyük proqram həyata keçirilib. Proqramların həyata keçirilməsi sayəsində ümumi daxili məhsul (ÜDM) istehsalında özəl sektorun payı 80 faizi ötüb. Özəlləşdirilmənin davamlı aparılması, xüsusi mülkiyyətə verilən sahələrin dairəsinin genişləndirilməsi, yeni sahibkarlıq subyektlərinin yaradılması özəl sektorun iqtisadiyyatda rolunu artıracaq. Lakin bütün tədbirlərə baxmayaraq hələ də iqtisadiyyatın bir sıra sahələrində ÜDM-in formalaşdırılmasında dövlətin iştirakı yüksəkdir. Bu hal xüsusilə xidmət sektorunda belədir. İstehsal sferasında isə dövlət rolunu tədricən minimuma endirməkdədir. Yalnız sənaye sahəsində dövlətin iştirak payı 10 faizin üzərindədir. Bildirilir ki, bazar iqtisadi münasibətləri keçid edən ölkələrdə iqtisadiyyatda dövlət müəssisələrinin payının yüksək olması çox təsadüf olunan haldır. İnkişaf etməkdə olan və keçid dövrünü yaşayan iqtisadiyyatların bir çoxunda ÜDM-in əhəmiyyətli hissəsi hələ də dövlət müəssisələrinin hesabına yaradılır.
Ekspertlərin fikrincə, neftin qiymətinin kəskin azalması bu ildən özəlləşdirmə mövzusunu Azərbaycanda yenidən gündəmə gətirib. Bu il yanvarın 18-də prezident İlham Əliyev “geniş özəlləşdirmə proqramının hazırlanması” tapşırığını verib. Mayın 19-da isə prezident “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman imzalayıb. Dövlət əmlakının özəlləşdirilməsi haqda birinci qanun 1995-ci ildə qəbul edilib. 2000-ci il avqustun 10-da isə prezident “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiqi haqda fərman imzalayıb. 1996-2015-ci illərdə Azərbaycanda 47 minədək (Naxçıvan Muxtar Respublikası nəzərə alınmadan) kiçik dövlət müəssisəsi və obyektin özəlləşdirildiyi bildirilir.
musavat
