Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında protokolun təsdiq edilməsi barədə fərman imzalayıb.
Dövlət başçısı bununla bağlı 2016-cı il iyunun 3-də Bakı şəhərində imzalanmış protokolu təsdiqləyib. Müdafiə Nazirliyinə bu fərmanda göstərilən protokolun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə hökumətinə bildiriş göndərmək tapşırılıb.
Bu barədə yayılan xəbərin ardınca ölkəmizdə qardaş ölkənin hərbi bazasının yaradılması istiqamətində illərdən bəri gözlənilən addıma start verildiyi barədə sosial şəbəkədə versiyalar irəli sürülməyə başladı. Lakin Müdafiə Nazirliyi Azərbaycanda Türkiyənin hərbi bazasının yaradılması haqda məlumatı təkzib edib.
“Azərbaycan ərazisində hər hansı bir ölkənin hərbi bazasının yaradılması barədə mətbuatda yayılan məlumatların heç bir əsası yoxdur və bu, həqiqətə uyğun deyil”. Bunu bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan ərazisində Türkiyə Silahlı Qüvvələrinin hərbi bazasının yaradılması barədə yayılan məlumatlara aydınlıq gətirən Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov deyib. R.Tahirov bildirib ki, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki aerodromdan hələ 1999-cu ildən beynəlxalq sülhməramlı missiyada iştirak edən hərbi qulluqçularımızın Kosovo, İraq və Əfqanıstana yola salınması üçün istifadə edilir: “Burada yerləşən bir terminalda təyyarələrə texniki xidmət göstərən personal və pilotlar üçün istirahət otaqları nəzərdə tutulub. Qeyd edim ki, Azərbaycan sülhməramlılarının Əfqanıstana aparılması və oradan gətirilməsi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarələri ilə həyata keçirilir. Təyyarə aerodroma enməzdən 1 saat əvvəl Türkiyə hərbi attaşeliyi aparatının nümayəndəsi tərəfindən buradakı 2 otaq açılır. Təyyarə aerodromda olarkən ona texniki qulluq göstərilməsi, yanacaqla təchiz olunması və digər prosedurlar icra edilən zaman pilotların qısamüddətli istirahəti bu otaqlarda təmin edilir. Təyyarə yola düşdükdən sonra isə otaqlar bağlanır, Azərbaycan tərəfinə təhvil verilir, mühafizəyə götürülür və Türkiyə hərbi attaşeliyi aparatının nümayəndələri ərazini tərk edirlər”.
Üzeyir Cəfərov: “Məsələni dramatikləşdirmək dövlətimizin ziyanına işləyə bilər”

Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əslinə qalsa, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda mövcudluğu ölkəmizdə lap çoxdan, ötən əsrin 90-cı illərindən var idi: “Bu, əsla heç kim üçün nə hərbi, nə də dövlət sirri deyildi və mövcudluq bu gün də davam edir. Qardaş ölkənin zabit və gizirləri, müxtəlif növ qoşun birləşmələrinin mütəxəssisləri Azərbaycan Silahlı Qüvvələrinin (SQ) təlimatçı və müşavirlər qismində xidmətlərini davam edirlər. Ölkə başçısının imzaladığı fərman da, sadəcə, Türkiyə SQ-nin ölkəmizdə bundan sonrakı mərhələlərdə fəaliyyət göstərəcəyi infrastrukturların və hərbi aerodromun onlar tərəfindən istifadə edilməsi qaydalarını müəyyən edir”.
Hərbi ekspert mətbuat orqanlarında bu fərmanın guya ölkəmizdə Türkiyənin hərbi bazası yaradılması kimi təqdim edilməsinin əleyhinə olduğunu bildirdi: “Belə addımlarımızla biz dövlətimizi bir qədər çətin duruma salmış oluruq. Bu məqamdan isə bizi istəməyən qüvvələr, xüsusən də Ermənistan yararlanacaq. Çünki Qarabağ düyününün açılması istiqamətində müsbət hər hansı bir fikir səsləndirilən kimi, mütləq mənada bədnam qonşularımız bizə qarşı çox güclü informasiya müharibəsinə başlayırlar. Ona görə də nə Tağıyev qəsəbəsində, nə də digər ərazilərimizdə Türkiyə SQ-nin hər hansı bölmələrinin yerləşməsindən söhbət getmir. Burada onların yaşadıqları ”Qızıl Şərq" hərbi şəhərciyinin bina və tikililərinin istismarı və gələcək fəaliyyəti ilə bağlı məsələlərdən söhbət gedir. Həm də hərbi baza sözünü dilə gətirən dostlar unutmamalıdırlar ki, Hərbi Doktrinamiz və Milli Təhlükəsizlik Konsepsiyamızda hərbi baza və xarici ölkələrin hərbi qulluqçularının Azərbaycan ərazisində yerləşməsini qadağan edən müddəalar mövcuddur. Məsələni dramatikləşdirilmək dövlətimizin ziyanına işləyə bilər. Bunu unutmayaq".
Qeyd edək ki, bu ərəfədə Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının baş əməliyyat idarəsinin vəzifəlilərindən ibarət nümayəndə heyəti Ermənistana gəlib. Virtualaz.org “Nezavisimaya qazeta”ya istinadən xəbər verir ki, səfərdə məqsəd Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının yaradılmasına dair yekun müzakirələr aparmaq və müvafiq sənədi imzalamaya hazırlamaqdır. Bu haqda Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir. Birgə qoşun qruplaşmasının komandanının kim olacağı artıq məlumdur-bu, Ermənistan ordusunun Türkiyə və Naxçıvanla sərhədə cavabdeh olan 4-cü korpusunun keçmiş komandanı, general-mayor Andranik Markaryandır.
Ermənistanla Rusiyanın birgə qoşun qruplaşmasını yaratmaqda məqsədinin nə olduğu barədə isə müxtəlif təxminlər var. Cəmi bir ay əvvəl Rusiyanın Ermənistanın hava məkanına nəzarət etməsini qanuniləşdirən sənəd erməni parlamentində ratifikasiya olunmuşdu. Bunun ardınca işğalçı ölkə ilə daha bir hərbi əməkdaşlığa qərar verilməsi suallar doğurur. İstisna olunmur ki, qoşun qruplaşması Ermənistan ordusunun 4-cü korpusunun və Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının əsasında formalaşdırılacaq. 102-ci bazanın sərəncamında 3 motoatıcı polk, özüyeriyən artilleriya polku və tank batalyonu, habelə “Qrad” və “Smerç” reaktiv yaylım atəşi sistemləri ilə təchiz edilmiş diviziyonlar, kəşfiyyat batalyonu, digər yardımçı hərbi bölmələrin olduğu bildirilir. Bundan əlavə, Ermənistanda Rusiyanın S-300B sistemləri ilə təchiz edilmiş əlahiddə zent-raket diviziyonları, habelə bir neçə eskadrilya döyüş vertolyotları və qırıcıları var. Rusiyanın Ermənistandakı birləşmələrinin canlı qüvvəsinin sayı 4 min nəfərdən çoxdur. Belə olan təqdirdə Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlıq sahəsində yeni mərhələ ilə bağlı qərar verməsi tam məntiqli olardı. Əgər həmsədr ölkə işğalçı ilə birgə hərbi əməkdaşlığın növbəti mərhələsi barədə qərar verirsə, ərazisi işğalda olan ölkənin də müttəfiq ölkələrlə təhlükəsizlik tədbiri görməsi normal haldır.
Rusiya Quru Qoşunlarının Baş qərargahının keçmiş qərargah rəisinin müavini, Qarabağ müharibəsinin iştirakçısı olan general Norat Ter-Qriqoryants “Nezavisimaya qazeta”ya şərhində deyir ki, birgə qoşun qruplaşmasının yaradılması “yaxşı qərardır”. Çünki bu qruplaşma NATO-nun Rusiya sərhədləri yaxınlığında silah silkələməsinə və Qarabağ münaqişəsinin yenidən alovlanmasına imkan verməyəcək. Qeyd edək ki, Rusiya NATO-nun Şərqi Avropa və Baltik ölkələrinə hərbi qüvvələr yerləşdirmək planlarına qarşı cavab tədbirləri görəcəyini bəyan edib. Belə cavab tədbirlərindən biri Rusiyanın NATO ilə sərhədlərdə 3 yeni diviziya formalaşdırmasıdır. Həmin diviziyaların ikisi Qərb istiqamətində, biri isə Cənub Hərbi Dairəsində təşkil olunacaq. Cənub Hərbi Dairəsinə o cümlədən Ermənistandakı Rusiya qoşunları daxildir. Bu baxımdan ehtimal edilir ki, Rusiyanın Ermənistanla birgə qoşun qruplaşması yaratması birinci növbədə NATO üzvü olan Türkiyə ilə sərhədlərdə hərbi iştirakı gücləndirmək məqsədi güdür. Ancaq NATO ilə artıq Türkiyənin də müəyyən problemləri orataya çıxıb. Bu mənada atılan addımlar daha çox Ermənistanın müdafiəsinə xidmət edir və bu da Azərbaycana təhlükədir.
Politoloq Elxan Şahinoğlu vurğuladı ki, Sərkisyan ölkəsini tamamən Rusiyadan asılı vəziyyətə salıb və indi də Rusiya ilə birgə qoşun qruplaşmasının yaradılmasına start verib. Əslində söhbət iki bərabərhüquqlu ordunun birləşməsindən getmir. Ermənistan ordusu Kremldən idarə olunacaq. E.Şahinoğlu qeyd etdi ki, bu, Kremlin Azərbaycana da xoş olmayan mesajıdır: “Azərbaycan rəsmiləri dəfələrlə vurğulayıblar ki, Ermənistana hücum etmək kimi planı yoxdur, əsas hədəf Dağlıq Qarabağ və ətraf rayonların azad olunmasına nail olmaqdır. Bu torpaqları isə Kreml Azərbaycan torpaqları sayır. Buna baxmayaraq, Kreml Ermənistana hərbi dəstəyini artırır”.
Siyasi təhlilçi qeyd etdi ki, əslində Ermənistan batır və Kreml bu ölkəni xilas edə bilməyəcək: “Bu ölkədə vətəndaşların da sayı getdikcə azalır, 6 ayda daha 20 min nəfər ölkəni birdəfəlik tərk edib. Belə getsə, Kreml Ermənistan ordusunu Rusiya vətəndaşlarından formalaşdıracaq. Rusya həm Ermənistanın yedizdirilməsinə, həm də onun qorunmasına xeyli maliyyə vəsaiti xərcləməlidir”.
Ekspert: “Rusiyanın son addımı Azərbaycanı da adekvat addımlar atmağa məcbur edir”
Ekspertin sözlərinə görə, Rusiyanın son addımı Azərbaycanı da adekvat addımlar atmağa məcbur edir: “Bu baxımdan prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan ərazisində Türkiyə hərbi hissələri üçün yer ayrılması doğru qərardır. Düşünürəm ki, Rusiya Ermənistana hərbi dəstəyini artırmaqda davam etsə, Türkiyənin də Azərbaycanda hərbi bazası mövzusu aktuallaşa bilər. Əlbəttə, Türkiyədə bəzi hərbçilərin çevriliş etmək planları Azərbaycan hakimiyyətini və cəmiyyətini bir az ehtiyatlandırıb. Ancaq son hadisə göstərdi ki, Türkiyə ordusu ümumilikdə qanunlara tabedir və bu ordu xarici tərəfdaşlarıyla strateji müttəfiqliyə də sadiqdir. Bunu Azərbaycan və Türkiyə ordularının iki ildən çoxdur intensiv keçirdiyi hərbi təlimlər də göstərir”.

Politoloq Arzu Nağıyev bu fikirdədir ki, Türkiyə -Azərbaycan hərbi əməkdaşlığı müvafiq protokollara və əldə edilən razılıqlara uyğun olaraq davam etdirilir: “Azərbaycan bu gün hərbi sahədə bir sıra dövlətlərlə əməkdaşlıq edir, bunun əsas istiqaməti də NATO standartlarına uyğun hərbi strategiyamızın qurulmasıdır. Burada həm hərbi təlimlərdən, həm də digər formada əməkdaşlıqdan söhbət gedir. Türkiyə ordusu ilə bizim əsas əlaqələrimiz də məhz Hərbi Hava Qüvvələri ilə bağlıdır. Dəfələrlə birgə təlimlər keçirilib, uçuşlar olub. Bu il istər Naxçıvan istiqamətində, istərsə də Türkiyədə belə təlimlər keçirilib. Düşünürəm ki, daimi dislokasiya üçün istər hava limanına, istərsə də idarəetmə üçün müəyyən qurumlara və onların da yerləşməsinə ehtiyac var. Buna görə də belə bir qərarların verilməsi gözlənilən idi və düşünürəm ki, bu həm də Azərbaycanın müstəqil siyasət yeritməsinin bir nümunəsi kimi qiymətləndirilməlidir”.
