Dövlət başçısı İlham Əliyevin konstitusiyada dəyişikliklərin edilməsi üçün referendum keçirilməsi ilə bağlı imzaladığı sərəncam geniş müzakirələrə səbəb olub. Əsas maraq doğuran məsələ gələcəkdə vitse-prezident postunun yaradılmasıdır.
Belə ki, konstitusiyadakı dəyişikliklərlə vitse-prezident postu yaradılacaq və qurumun rəhbəri ölkənin ikinci şəxsi olacaq. Bu isə baş nazirlik postunun taleyinin necə olacağını aktuallaşdırıb. Çünki referendumla vitse-prezidentlik postu yaradılarsa, avtomatik baş nazirin səlahiyyətlərinin əksəriyyəti bu quruma veriləcək. Bütün bunlardan əlavə, referendum aktında bir yox, bir neçə vitse-prezidentlik postunun yaradılması maddələrinin olması da geniş müzakirələr yaradıb.
BAXCP sədri, deputat Qüdrət Həsənquliyev teleqraf.com-a müsahibəsində bu məsələlərə toxunub. Partiya sədri vitse-prezidentin adının əvvəlcədən açıqlanması təklifini verib: “Çoxlu sayda vitse-prezidentlərin olması idarəçilik xərclərini artıracaq. Yaxşı olardı ki, seçkilər zamanı prezident birinci vitse-prezidentin kim olacağını açıqlasın. Yəni bilinsin ki, məsələn, sabah prezident öz səlahiyyətlərini yerinə yetirmədiyi təqdirdə onu əvəz edəcək şəxs kimdir. Başqa sözlə, prezidentliyə namizədliyi qeydə alınan şəxs sabah hansı vitse-prezidentlə işləyəcəyini elan etməlidir. Yeri gəlmişkən, Amerikada belə bir təcrübə var. İkincisi, birinci vitse-prezident varsa, baş nazir institutu ləğv edilməlidir. Çünki əlavə idarəetmə xərclərinin olmaması, habelə operativ idarəetməni təmin etmək məqsədilə bu addıma gedilə bilər”.
Ümid Partiyasının sədri İqbal Ağazadə hesab edir ki, əvvəlcədən vitse-prezidentin adının məlum olmasının mənası yoxdur: “İdarəetmə institutunun tərkibində bu post yaradılır. Onun adının əvvəlcədən bəlli olması əhəmiyyətsizdir. Çünki o, səsverməyə getmir və prezident tərəfindən təyin olunur. İsim prezidentə nə zamandan bəllidir, bu onun səlahiyyətidir. Təbii ki, təklif qəbul olunarsa. Azərbaycanda vitse-prezidentin adının əvvəlcədən açıqlanması üçün böyük islahatlar aparılmalıdır, paralel institutlar, eləcə də, baş nazirlik institutunun fəaliyyəti dayandırılmalıdır. Vitse-prezident postu yaradılsa, onun konstitusion səlahiyyətləri müəyyən olunmalıdır. Bu institut lazımdır, ya yox? Bu gün bu məsələ əsas müzakirə olunmalıdır. Həzrətqulu vitse-prezident olsun, bunun bizə heç bir aidiyyəti yoxdur. Çünki kim olsa, prezident tərəfindən təyin olunacaq. Baş nazirlik institutu ləğv oluna bilməz. Çünki referendum aktına salınmayıb. Yenə də bu post fəaliyyət göstərəcək”.
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirdi ki, vitse-prezidentlər olan ölkələrdə şəxslər əvvəlcədən prezidentlə birlikdə müəyyənləşirlər: “Bir qayda olaraq partiya üzrə müəyyən edilir. Amma bitərəf də ola bilər. Seçkilərə də bərabər şəkildə gedilir. Xalq hər iki postun namizədinə birlikdə səs verir. Prezidentliyə namizəd qalib gəlirsə, vitse-prezidentliyə iddiaçı da qalib gəlmiş sayılır. Ölkə rəhbərinin vitse-prezidenti təyin etməsin onun statusuna müəyyən qədər xələl gətirir. Çünki seçilmiş vitse-prezident daha səlahiyyətli, ümumxalq mandatını almış şəxs hesab olunur. Bu da işinin səmərəli olmasına rəvac verir. Həmin şəxsin hökumət üzvlərinə təsir etmək imkanları güclü olur. Dünyada formalaşmış təcrübə var. Dünyanın heç bir yerində-Amerikadan başqa- baş nazirlik postu ləğv olunmur. Görünür, Azərbaycan Amerika yolunu getmək istəyir.
Vitse-prezidentlik postu ilə bir növ baş nazirliyi əvəzləmək istəyir. Amma əksər ölkələrdə vitse-prezidentlik postu yoxdur. Amma baş nazir postu var. Bəzi ölkələrdə bu şəxs icra hakimiyyətlərinin başında durur. Prezidentdən də az qala səlahiyyətli şəxs sayılır. Elə ölkələr də var ki, əksər dövlət qurumları Baş Nazirliyin tərkibində olur. Bu baxımdan ölkədaxili inkişafın sorumlusu bu postun rəhbərı sayıldığı üçün o, ciddi məsuliyyət daşıyır. Düşünürəm ki, Azərbaycan kimi kiçik bir ölkədə baş nazir postuna gərək yoxdur. Onsuz da Nazirlər Kabineti Prezident Aparatının bir hissəsi sayılır. Vitse-prezident yolunda atılan addımlar hesab edirəm ki, bir eksperimentdir. ABŞ təcrübəsinin ölkəmizdə özünü necə doğruldacağını gələcəkdə görəcəyik. Amma hər halda, normal ölkələrdə belə sistem tətbiq edilmir. Bir vitse-prezidentin olmasının yetərli olduğunu düşünürəm. Vitse-prezidentlərin olmasına gərək yoxdur. Baş nazirin müavinləri vitse-prezidentlər olacaqlarsa, bu, dünya praktikasında görünməmiş hadisə olacaq. Politoloq, siyasi təcrübəsi olan bir şəxs kimi deyə bilərəm ki, dünya praktikasında belə təcrübə olmayıb”.
musaavat
