Ötən həftədən başlayaraq işğalçı ölkənin paytaxtı İrəvanda polis postunun ələ keçirilməsi və yüksək rütbəli polislərin girov götürülməsi ilə bağlı yaranan gərginlik davam edir. İyulun 21-də Ermənistan hüquq-mühafizə orqanları silahlıların zəbt etdiyi polis şöbəsi yaxınlığında keçirilən etiraz aksiyasını dağıdıb.
Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, səhər tezdən saat 04-ə yaxın - nümayişçilərin sayının azaldığı vaxt polis Xorenatsi küçəsini onlardan təmizləməyə başlayıb. Polis əvvəlcə nümayişçilərə dağılmaq üçün 15 dəqiqə vaxt verib, lakin bu tələbə əməl olunmadığından onları sıxışdırmağa başlayıb. Cəmi bir neçə dəqiqədən sonra küçə boşaldılıb. Onlarla adam, o cümlədən müxalif “Vətəndaş müqaviləsi” partiyasından deputat Nikola Paşinyan təzyiqlərə məruz qalıb. Tiqran Metsa prospektində və Nar-Dosa küçəsindəki nümayişçilər də təzyiqə məruz qalıblar.
Aksiya dağıdılarkən 30-dək etirazçı saxlanılıb. Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Anait Aytayan bildirib ki, son məlumata görə, gecə İrəvanda polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində 28-i polis əməkdaşı olmaqla, 51 nəfər xəsarət alıb. Bundan əvvəl isə etiraz aksiyası iştirakçıları ilə polis arasında toqquşmalar olmuşdu. Polis mitinq iştirakçılarına qarşı səs və tüstü qumbaralarından istifadə etmişdi.
İyulun 17-də İrəvanda polis binasını ələ keçirən, Ermənistan polis rəisinin müavini Vardan Yeqizaryan və İrəvan polis rəisinin müavini Valeri Osipyan daxil beş nəfəri girov saxlayan bir qrup silahlı şəxslə danışıqlar isə nəticə vermir. Qeyd edək ki, bina ələ keçirildiyi zaman 1 polis əməkdaşı öldürülüb, 3-ü yaralanıb. Sonradan xüsusi təyinatlıların əməliyyatı nəticəsində iki girov azad olunub. Basqınçılar qanunsuz silah saxlamaqda ittiham edilərək həbs edilən “Şuşa” batalyonunun komandiri, keçmiş səhra komandiri, radikal müxalifətçi Jirayr Sefilyanın azad edilməsini tələb edir.
Qeyd edək ki, Ermənistanda və Dağlıq Qarabağ erməniləri arasında vəziyyətdən narazılıq ən yüksək həddə çatıb. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, yerli telekanalın yaydığı görüntülərdə “Berdzor” kimi təqdim olunan Laçının acınacaqlı vəziyyətdə olması, 24 illik işğal dövründə əsaslı infrastrukturun yaradılmamasından danışılır. İşğal alıtndakı ərazilərə köçürülən erməni sakinlər istirahət məkanını olmaması, 1992-ci ilin mayında işğal zamanı yandırılan Laçın Mədəniyyət Evinin hələ də təmir olunmamasından və işsizlikdən gileyləniblər. Ağır durumda yaşamağa məhkum edilən sadə ermənilər şübhəsiz ki, normal həyata başlamaq üçün Azərbaycana qarşı təcavüzə son qoyulmasını istərdilər. Lakin Qarabağdakı cinayətlər üzərində hakimiyyəti qəsb etmiş Sərkisyan rejimi və Dağlıq Qarabağın separatçı rəhbərliyi bu mövqedə olanlara qarşı amansız olduğu üçün sağlam yanaşmaların ortaya qoyulması da mümkünsüzdür.
Təsadüfi deyil ki, bir müddət öncə S.Sərkisyan “Bütün dünya bir olsa, Dağlıq Qarabağ əhalisini Azərbaycanın tərkibində yaşamağa məcbur edə bilməz” - deyə, Qarabağ ermənilərinin əvəzindən ortaya mövqe qoymuşdu. Erməni prezidentin iddiasına görə, “Yalnız Qarabağ sakinləri onun yekun statusunu müəyyənləşdirməlidirlər - ayrıca dövlət olmaq, yaxud Ermənistan Respublikasına birləşmək”.
Sözsüz ki, Azərbaycan dövlətinin mövqeyi qətidir və Sərkisyanın sayıqlamaları yalnız ermənilərin durumunu ağırlaşdırmağa, aprel müharibəsindən sonra intensivləşən danışıqlar prosesinə zərbə vurmaqla növbəti itkilərə rəvac verməyə rəvac verir. Prezident İlham Əliyev birmənalı şəkildə deyib ki, “Dağlıq Qarabağ heç vaxt müstəqillik əldə etməyəcək. Biz Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər”.
Bugünlərdə S.Sərkisyanın növbəti dəfə Qarabağda görünməsi isə ortaya yeni suallar çıxarıb. Erməni prezident bu dəfə işğal altındakı Azərbaycan torpalarına Rusiyanın vasitəçiliyi ilə başlanan danışıqlarda S.Lavrovun dediyi kimi, “tərəflərin razılaşmaya heç zaman olmadığı qədər yaxın olduqları” ərəfədə gəlib. Üstəlik, Ermənistanda Qarabağ müharibəsi veteranlarının həbsi ətrafında baş verənlər S.Sərkisyanın ən azı Moskvanın iradəsi qarşısında geri çəkildiyi və Qarabağ separatçıları ilə güzəşt mövzusunda müzakirələr aparmaq niyyətində olduğu versiyasını irəli sürməyə imkan verir.
Hətta iddialar var ki, Ermənistan prezidenti Dağlıq Qarabağın ətrafındakı bəzi ərazilərin qaytarılması ilə bağlı xalqa müraciət etməyə hazırlaşır. Belə bir iddia barədə Ermənistanın “Joxovurd” qəzeti də yazıb. Qəzet qeyd edir ki, Qarabağ münaqişəsinin nizama salınması ətrafında gizli və sürətli proseslər gedir. “Ermənistan və Azərbaycan mediasında Vladimir Putinin münaqişənin həllini birbaşa nəzarətə götürməsi haqda məlumatlar yazırlar. Gözləntilərə görə, yaxın günlərdə aktiv danışıqlar başlanacaq. Məlumatlar var ki, Serj Sərkisyan Dağlıq Qarabağa da buna görə səfər edib və ərazilərin qaytarılması məsələsini müzakirə edir” - erməni qəzeti belə yazıb.
Dağlıq Qarabağa səfəri zamanı Serj Sərkisyan separatçıların nümayəndələri ilə qapalı görüş keçirib. Görüş iştirakçılarının sözlərinə görə, ərazilərin Azərbaycana qaytarılmasına aid mövqeləri öyrənib. Azadlıqradiosunun erməni redaksiyasının bu barədə yaydığı məlumata əsasən, görüşdə Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan iştirak edib. “Qarabağ hərəkatı”nın iştirakçısı Razmik Petrosyanın sözlərinə görə, Serj Sarkisyan bildirib ki, Ermənistan tərəfinə Qarabağa bitişik torpaqları qaytarmaq təklif olunmasa da, o, yenə də insanların buna münasibətini öyrənib. “O, hər bir iştirakçının fikrini öyrənib, 90 % bildirdi ki, ərazilərin qaytarılmasına qarşıdır”, - Petrosyan deyib. Yaxın zamanlarda Sərkisyan Qarabağda daha bir görüş keçirəcək, lakin bu görüşün dəqiq tarixi məlum deyil.
Ancaq o da istisna deyil ki, S.Sərkisyan “xalqın etirazını”, xüsusilə də “Qarabağ ermənilərinin güzəştsiz mövqeyini” əsas gətirərək növbəti danışıqlar masası ətrafında ortaya barışmaz mövqe qoysun. Yəni əvvəla, Sərkisyan “dünya bir olsa, Dağlıq Qarabağ əhalisini Azərbaycanın tərkibində yaşamağa məcbur edə bilməz” deməklə həm sadə ermənilərə “pas” verir, həm də beynəlxalq aləmə, xüsusilə də danışıqlara yeni dinamika verən Rusiyaya özünün güzəştlərə hazır olduğunu, ancaq Qarabağ ermənilərinin buna “yox” dediyini çatdırmaqla Kremlin qəzəbindən qorunmağa çalışır. Çünki fakt budur ki, aprel döyüşlərindən sonra atəşkəsə nail olmaqla danışıqlarda əsas rol oynayan Putinin növbəti təşəbbüsünün fiaskoya uğraması Rusiyanın “sülhpərvər” imicinə ciddi şəkildə zərbə olar və bunun qarşılığında Sərkisyanı sərt cəza gözləyir. O mənada erməni prezidentin Qarabağa gəlməsi, görüşlər keçirməsi, İrəvanda güzəştlərə qarşı olan Şuşa batalyonunun komandirinin həbsinə etiraz aksiyalarının keçirilməsi arasında əlaqələr olmamış deyil. Prezidentliyinin sonuncu il yarımını da status-kvonun saxlanması şəraitində başa vurmağa çalışan S.Sərkisyan çoxgedişli kombinasiyalar qurmaqla hakimiyyətinin ömrünü uzatmaq istəyir. Ancaq Ermənistanda baş verənlərin ardınca o, öz istəyinə nə dərəcədə nail olacaq, demək çətindir.
Hətta bu arada erməni siyasətçi Paruyr Ayrikyan Sərkisyanın istefa verəcəyini iddia edib. Onun sözlərinə görə, Sərkisyan artıq “Sasna Tsrer” qruplaşmasının tələblərini yerinə yetirməyə başlayıb. “Fikirləşirdim ki, o, uzun müddət dözəcək, amma proseslər faktiki olaraq onun istefa verdiyini göstərir”. Lakin Sərkisyanın istefaya getməsi onun ədalət məhkəməsi qarşısına çıxarılmasını tezləşdirə bilər və bu mənada səslənən iddialar inandırıcı görünmür. Erməni xalqı Sərkisyandan təkcə Qarabağda öldürülən erməni gənclərin deyil, həm də 1 mart qətliamının cavabını istəyəcək. Belə olan halda erməni prezidentin çətin seçim qarşısında qaldığını deyə bilərik.
***
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov “Yeni Müsavat”a açıqlamasında bunları bildirdi: “Bizim işğal altındakı torpaqlar azad olunmalıdır. Ermənistanın o torpaqlara heç bir aidiyyəti yoxdur. Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan qanunlarına hörmət etmək şərtilə, Azərbaycan Konstitusiyasını qəbul etməklə, xüsusilə də Azərbaycan xalqına hörmət etməklə bizimlə birgə yaşaya bilərlər. İstəmirlərsə, xudahafiz! Həkəridən keçsinlər, ordan piyada ağzıyuxarı dırmaşsınlar!”
B.Səfərov ermənilərin yaydığı xəbərlərə də inanmadığını vurğuladı: “Mən ermənilərə, yaxud beynəlxalq qurumlara o vaxt inanacağam ki, doğma Şuşamda olacağam. Bu gün mən yalnız Azərbaycan xalqına, ordusuna və Ali Baş Komandana inanıram”. İcma rəhbəri dedi ki, İrəvanda yaşananlar çoxdan baş verməli idi: “Erməni xalqının da içində ağlı başında olanlar, dünyanın gedişinə fikir verənlər var. Bu qədər cinayət, ədalətsizlik, haqsızlıq ola bilməz. Onların nəyinə lazımdır ki, desinlər ”Qarabağ bizimdir", amma torpaqdan istifadə etməsinlər, özləri də ac-susuz qalsın".
B.Səfərov bildirdi ki, Sərkisyan asanlıqla istefaya getməz: “Sərkisyanın ən yaxşı yolu budur ki, alnının ortasından bir güllə vursun. Özünə bu yolu seçsə, daha doğru olar. Yoxsa günahsız insanların ölümünə görə heç vaxt onu rahat buraxmayacaqlar. Bununla belə, özü istefaya getməz. Bilir ki, bu addımı atsa, onu nələr gözləyir. Ona görə də axıra qədər müqavimət göstərəcək. Çünki əlləri çox qanlara bulaşıb”. İcma rəhbərinə görə, Sərkisyan xoşluqla Qarabağı da vermək istəməz: “Ancaq apreldə aldıqları cavabdan sonra ermənilər anlayıblar ki, daha bu xına o xınadan deyil”.
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki,Serj Sərkisyanın Dağlıq Qarabağa gəlişində təəccüblü heç nə yoxdur: “O, işğal altındakı torpaqlara səfərlərini intensivləşdirib. Daxili və xarici siyasətdə çətinə düşən kimi Qarabağa qaçır. Yəqin bu, ondan irəli gəlir ki, Sərkisyan Ermənistan cəmiyyətindən çox, anadan olduğu və separatçılığa baş vurduğu məkandakı tərəfdarlarına daha çox inanır və bəd ayaqda onların dəstəyinə ümid edir. Çünki Sərkisyana Ermənistan cəmiyyətində inam getdikdə azalır və o, özü də bunu başa düşür. O, Ermənistan cəmiyyətinin dəstəyinə ümid etsəydi, çoxdan orduya və polisə girov götürülmüş polis işçilərini azad etmək əmrini verərdi. Sərkisyan bilir ki, silahlı müxalifətlə toqquşma nəticəsində xeyli soydaşının qanı töküləcək və bunun sonu onun üçün yaxşı olmayacaq. Ona görə də özünü təhlükədən sığortalamaq istəyir”.
E.Şahinoğlunun fikrincə, Sərkisyan ona da əmin deyil ki, böyük dövlətlər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ondan nə tələb edə bilərlər: “O, yaxşı anlayır ki, münaqişənin ”mərhələli həll"inin alternativi yoxdur. Erməni prezident onun da fərqindədir ki, gec-tez Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır. Buna baxmayaraq, o, sona qədər dirənəcək və ona görə Qarabağdakı separatçılara da eyni sualı verib: “Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldaq, yoxsa yox?” O, bu sualı gündəmə gətirməklə məsuliyyəti digər separatçılarla bölüşmək istəyir".
Qeyd edək ki, yazı çapa hazırlanana qədər Ermənistanda gərginlik davam edirdi. Qarşıdurmalar nəticəsində yaralananların və həbs edilənlərin sayı barədə də yeni xəbərlər gəlirdi. Görünən budur ki, Ermənistan hakimiyyəti ölkəyə nəzarəti itirmək üzrədir. Belə olan təqdirdə diqqətin daxildən yayındırılması üçün Qarabağda təxribatların törədilməsi də istisna deyil.
Yeni Müsavat
