Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun iyulun 21-də səfirliyində mətbuat konfransı keçirdi. Səfir 15 iyulda yaşanan üzüntülü olaylarla əlaqədar Azərbaycanda sərgilənən həssas münasibətə görə minnətdarlıq etdi. “Azərbaycan Türkiyəyə hər hadisədə olduğu kimi 15 iyul hadisəsində də dəstək verdi, onun yanında oldu.
Buna görə Azərbaycan xalqına, prezident İlham Əliyevə təşəkkür edirəm” - deyən böyükelçi bildirdi ki, Azərbaycanın tutduğu mövqe Ankaranı tamamilə qane edib: “Hər mübarizəmizdə olduğu kimi, FETÖ (Fətullahçı Terror Təşkilatı) ilə mübarizəmizdə də tərəddüdsüz yanımızda duran tək dostumuz Azərbaycandır. Türkiyədəki hər hadisədə olduğu kimi, son hərbi çevriliş cəhdi zamanı da Azərbaycandakı hər qardaşımızın bizim hiss etdiyimiz duyğuları paylaşdığını bilirəm. Bütün azərbaycanlı qardaşlarımıza 15 iyul gecəsindən bəri göstərdikləri həmrəylik üçün minnətdarlığımı bildirirəm”.
Baş verən dəhşətli hadisələr barədə danışan İ.A.Coşqun bildirdi ki, 15 iyul gecəsi Türkiyənin yaxın tarixində ən kritik gecələrdən biri olub. Səfir çevriliş cəhdinin Türkiyə Silahlı Qüvvələrinin komandanlıq sistemi daxilində baş vermədiyini vurğuladı. Onun sözlərinə görə, bu, ordu tərkibindəki kiçik qrupun təşəbbüsü olub və onlar qanuna müvafiq şəkildə cəzalandırılacaqlar.

Türkiyənin terrorla mübarizədə böyük təcrübəyə malik olduğunu vurğulayan diplomat həmin terror qruplarından birinin də FETÖ olduğunu bildirdi: “15 iyul çevriliş cəhdi bu terror təşkilatının indiyə qədər bildiyimiz terror fəaliyyətlərinin zirvəsini təşkil edir. Hazırda onların təmizlənməsi davam etdirilir. Bu qruplaşmanın təkcə Türkiyə daxilində deyil, həm də ölkə xaricindəki strukturlarına qarşı mübarizəmizi davam etdiririk”.
Səfir dövlət çevrilişinə cəhd edən terrorçu qüvvələrin Türkiyə xalqının sərt müqaviməti ilə üzləşdiyini bildirdi: “Xalq meydanlara axışaraq mövqeyini nümayiş etdirdi, siyasi partiyalar da dövlətin yanında oldu. O gecə Fətullahçı Terror Təşkilatı Ana Yasanı yıxmağa yönəlik cəhdlər göstərdi. Çevriliş cəhdi edənlərə qəhrəman Türk xalqının hansı şəkildə təpki verdiyini, insanların ölümü bahasına demokratiya və konstitusiyaya necə sahib çıxdığını hamılıqla gördük. Siyasi partiyalarımızın, sadə vətəndaşlarımızın, mətbuatın və vətəndaş cəmiyyəti təşkilatlarının nümayiş etdirdiyi mövqenin şahidi olduq. Türkiyədə demokratiya qələbə qazandı”. Səfir dedi ki, Türkiyə bu hadisələrdən güclənmiş çıxacaq: "Türkiyə seçilmiş hökumətini və prezidentini, konstitusiyasını, demokratiyanı qorumaq üçün ayağa qalxdı və daha böyük fəlakətlərin yaşanmasına imkan vermədi. Artıq hər şey geridə qalıb. Başda Azərbaycan kimi Türkiyəyə gerçək mənada səmimi münasibət bəsləyən Türkiyənin bütün dostlarına içlərinin rahat olmasını söyləmək istəyirəm”.

Diplomat bildirdi ki, 15 iyul hadisələri Türkiyə Silahlı Qüvvələrinə aid deyil, bunlar silahlı qüvvələrin daxilində təxribatçı bir qrupun işidir.
İ.A.Coşqun Türkiyə Milli Təhlükəsizlik Şurasının iyulun 20-də keçirilən iclasında ölkədə 3 ay müddətinə fövqəladə vəziyyət rejiminin tətbiqi ilə bağlı tövsiyə verməsinə də toxundu. Bildirdi ki, bunun əsasında hökumət müvafiq qərar layihəsi hazırlayaraq parlamentə göndərib: “Türkiyədə fövqəladə vəziyyətin tətbiqi terroristlərin təmizlənməsini tezləşdirəcək. Elan edilən fövqəladə vəziyyət fərdi azadlıqların məhdudlaşdırılması deyil”. Səfir qeyd etdi ki, həyata keçirilən tədbirlər yerli və xarici vətəndaşların azadlıqlarını məhdudlaşdırmayacaq, onların səyahətlərinə maneə törətməyəcək.
İ.A.Coşqunun sözlərinə görə, dünyanın bəzi yerlərində, Qərb dövlətlərində Türkiyədə baş verənlərlə bağlı dezinformasiyalar yayılıb: “Türkiyə bütün 80 milyon vətəndaşı, qanuni dövlət qurumları ilə dimdik ayaqdadır. Heç kimin bununla bağlı tərəddüdü olmasın. Türk Silahlı Qüvvələri tərkibindəki FETÖ-çu qrupun təşəbbüsü ilə gerçəkləşən çevriliş cəhdinə vətəndaşlarımızın necə təpki verdiyini gördünüz. Bu olaylardan sonra Türkiyənin zəifləyə biləcəyini düşünən düşmənlərimiz varsa, onları bir daha düşünməyə dəvət edirəm".
Səfir bildirdi ki, hüquq çərçivəsində ölkə daxilində FETÖ-ya qarşı mübarizə davam edəcək. “Lakin ölkə xaricində də təşkilatlanmağa və yayılmağa çalışırlar. Ona görə də bu istiqamətdə mübarizəmizi davam etdirəcəyik. Türkiyə Azərbaycanla hər mövzunu açıqlıqla danışır. Biz bu təcrübəmizi Azərbaycanla uyğun kanallarla paylaşmağa davam edirik”-deyə, səfir gülənçilərə qarşı mübarizədə iki ölkənin bir yerdə olduğunu xatırlatdı. Həmçinin əlavə etdi ki, Türkiyədə 15 iyul hadisələrini törədənlər ölkə daxilindən təmizlənir. Amma dediyinə görə, onlar xarici dövlətlərdə işlərini davam etdirməyə çalışırlar: “Türkiyəni təhdid edənlərlə bağlı Azərbaycanla danışıqlar aparırıq, məlumat mübadiləsi edirik. Türkiyə ilə Azərbaycanın münasibətləri yüksək səviyyədədir. Bu proses bundan sonra da davam edəcək”.
Səfir FETÖ-nün (Fətullahçı Terror Təşkilatı) rəhbəri Fətullah Gülənin ABŞ-da yaşadığını, onun Türkiyəyə ekstradisiya edilməsi ilə bağlı işlər aparıldığını bildirdi: “15 iyul hadisələrini törədənlərin kimliyi ortadadır. 15 iyul hadisələrinin arxasında terror təşkilatı dayanır, bu, birmənalıdır. Bu terror təşkilatının da başında Fətullah Gülən dayanır. Burada ABŞ-ın mövqeyini gözləyirik. Dünyada terrorla birgə mübarizə aparılırsa, bu istiqamətdə Türkiyəyə dəstək verilməlidir. Hazırda bununla bağlı gözləntilərimiz böyükdür”.

“Yeni Müsavat”ın əməkdaşı Türkiyədəki hərbi çevrilişin arxasında ABŞ-ın dayandığı barədə fikirlərə, həmçinin Rusiya və İsraillə barışığın ardınca Ankara-Vaşinqton münasibətlərində gərginliklərin yaranacağı halda NATO daxilindəki əməkdaşlığın taleyinin necə olacağı ilə bağlı səfirin münasibətini soruşdu. Səfir bunları bildirdi: “15 iyul hadisələrinin arxasında Fətullahçı Terror Təşkilatı dayanır, bu, birmənalıdır. Bu terror təşkilatının da başında Fətullah Gülən dayanır. Türkiyə dövləti bununla bağlı döşyanı ABŞ-a təqdim edib və ABŞ-ın mövqeyini gözləyirik. Bunun arxasında digər çevrələr var, ya yoxdur, mən hazırda bu barədə konkret fikir bildirə bilmərəm. Amma şübhəsiz ki, Türkiyənin Fətullah Gülənlə bağlı etdiyi müraciətə alacağı cavab önəmli olacaq. Sizin sualın qəti cavabını vermək mənimçün çox çətindir. Amma əgər səmimiyyət testi, terrorla mücadilədə obyektiv yanaşma testi sərgilənəcəksə, bu, ABŞ-ın ortaya qoyacağı mövqe ilə aydınlaşacaq. Biz şübhəsiz ki, buna baxacağıq”.
Diplomat Türkiyənin böyük, vətəndaşların ortaya qoyduğu demokratiya mücadiləsi ilə çox güclü bir dövlət olduğunu qeyd etdi: “Yaşadığımız çox ağır hadisələrdir. Bir addım geriyə çəkilib həmin olaylara baxdıqda, üzücü bir mənzərə görürük. O üzücü tablo ilə yanaşı Türkiyə Cümhuriyyətinin xalqı, qurumları, partiyaları, mediası ilə sərgilədiyi digər güclü bir mənzərə də var. Bunları eyni anda hamımız birlikdə yaşadıq. Bu nöqtədən başlayaraq mübarizəmizi hüquqi müstəvidə davam etdirəcəyik. Sayın baş nazirimizin vəzifə başına gəldiyi andan dediyi kimi, dostlarımızın, dostluqlarımızın sayını artırma anlayışı və hədəfi ilə davam edəcəyik. Həmçinin Rusiya ilə aramızda yaşanan təyyarə olayından sonrakı sıxıntılı olayların az öncə aradan qaldırılması çox önəmli inkişafa səhnə oldu, bu, gerçəkdir. Eyni zamanda İsraillə bənzər əlaqələrin inkişafına yönəlik qarşılıqlı addımlar atıldı. Biz Türkiyə Respublikası olaraq xarici siyasətimizdə səmimi münasibətlərimizi davam etdirməyə qərarlıyıq. Eyni şey dostumuz, müttəfiqimiz ABŞ-a da aiddir. Amma xüsusilə də Amerikadan gözləntimiz budur ki, gerçək mənada yanımızda olduğunu göstərmək üçün o dosyeyə qarşılıq versin”.
A.Coşqun dedi ki, Türkiyə NATO-nun ən önəmli üzvlərindən biridir: “Bir sıra spekulyasiyalar, şərhlər oldu. Mən illərlə NATO-da da çalışmışam. Bu kimi fikirlər son dərəcədə əsassızdır. Əgər Türkiyə hər hansı bir dartışmalar, dəyərləndirmələr mövzusu olacaqsa, demokratiyanı canı bahasına müdafiə etmiş ölkə kimi örnək göstərilməyə haqq edən bir ölkədir. Müzakirələr olacaqsa, NATO daxilində də bir sıra müttəfiqimiz var, onlarla bir çox məsələlərlə bağlı danışılacaq çox şeylər var. Bu gün danışılacaq yeganə mövzu isə 15 iyuldan sonra Türkiyənin demokratiyaya böyük başarı ilə sahib çıxması bir gerçəklikdir”.
musavat
