|
10 milyonluq xalqın taleyinə hökm verən Konstitusiya Məhkəməsi
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında sərəncamından sonra bu qurumun önəmi müzakirə mövzusudur. 10 milyonluq xalqın taleyinin de-yure həm də bu məhkəmədən asılı olduğu düşüncələrdə hakimdir. 

Bu qurum 14 iyul 1998-ci ildə yaradılıb. Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyası (24 avqust 2002-ci il ümumxalq referendumu nəticəsində dəyişikliklər edilib), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, 23 dekabr 2003-cü ildə qəbul olunmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunlar və məhkəmənin daxili nizamnaməsi təşkil edir. Konstitusiyasının 130-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Sədr Fərhad Abdullayev, müavini Sona Salmanovadır. Digər 7 hakim isə Südabə Həsənova, Mahir Muradov, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov, Kamran Şəfiyevdir.
 
130-cu maddəyə görə, hakimlər prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunur. Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinin icrasına 7 hakim təyin olunduqda başlaya bilər. Hakimlər 15 il müddətinə təyin olunurlar. Səlahiyyət müddəti başa çatdıqdan sonra Konstitusiya Məhkəməsinin hakimi təkrar eyni vəzifəyə təyin edilə bilməz. Məhkəmənin sədri və sədr müavini dövlət başçısı tərəfindən təyin edilir. Konstitusiya Məhkəməsinin qərarları qətidir, ləğv edilə, dəyişdirilə və rəsmi təfsir oluna bilməz.
 
18 ildir fəaliyyət göstərən Konstitusiya Məhkəməsinin indiyə qədər iki sədri olub. 1998-2003-cü illərdə Xanlar Hacıyev quruma rəhbərlik edib. Prezidentin sərəncamı ilə onu əvəz edən Fərhad Abdullayev bu günə qədər rəhbərdir. Mövcud olduğu illər ərzində iki dəfə ölkəmizdə referendum keçirilib; 2002-ci ilin 24 avqust və 2009-cu ilin 18 mart tarixlərində. Qarşıdan gələn referendum isə üçüncü olacaq. 

Referendumdan əlavə, Azərbaycanda keçirilən bütün seçkiləri sonda Konstitusiya Məhkəməsi təsdiqləyir. 10 milyonluq xalqın taleyinin həm də 9 hakimin bir qərarından asılı olduğu sadaladığımız amillərdə özünü açıq şəkildə sübut edir. Bütün bunlara görə Konstitusiya Məhkəməsi Azərbaycan hökuməti üçün vacib qurumlardan biri hesab olunur. 
musavat.com