|
Kənd təsərrüfatının inkişafı mümkün olacaqmı?
Azərbaycanda qeyri-neft sektoru olaraq kənd təsərrüfatının inkişafı istiqamətində hansı addımların atıldığı diqqət çəkir. Neft dövrünün başa çatdığı anlaşılsa da, digər istiqamətlərdə çevik addımların atılması müşahidə edilmir. Əksər ekspertlər bildirirlər ki, postneft dövrü olaraq Azərbaycan qeyri-neft sektorunu, yəni sənaye və kənd təsərrüfatını inkişaf etdirməyi qarşısına məqsəd qoyub. 

Ekspertlərin fikrincə, Azərbaycanda kənd təsərrüfatının inkişafı və ölkənin aqrar ölkəyə çevrilməsi üçün potensial var: Ancaq bir çox islahatlar aparılmalıdır. Bu sahədə köklü dəyişikliklər etməyin vacibliyi vurğulanır.
 
Ekspert Fikrət Yusifov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, cari ilin birinci yarısında kənd təsərrüfatı istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artıb: “Əslində bu artımın ən azı iki dəfə yüksək olacağı gözlənilirdi. Aramsız yağışlar nəticəsində yaranmış təbii şəraitdə bəzi məhsulların yığımına gec başlanması səbəbindən hesabat dövrünün statistik rəqəmləri belə aşağı ola bildi. İlin sonuna aqrar sektorda ümumi istehsalın 6 faizdən çox artımı gözlənilir. Son bir neçə il ərzində aqrar sektora fermerlərin fəaliyyətini daha səmərəli təşkil etmək məqsədilə dövlət öz dəstəyini kifayət qədər artırıb. Hazırda fermerlər ancaq torpaq vergisi ödəyirlər və başqa qalan bütün vergilərdən azaddırlar. Elə bunun nəticəsidir ki, hesabat dövründə keçən illə müqayisədə bir çox məhsulların istehsalı və ixracı üzrə əsaslı irəliləyişlər müşahidə olunub. Belə ki, cari ilin 6 ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının ixracı ümumilikdə 27,5 faiz arta bilmişdi. Bu çox yaxşı nəticədir. Bu artımla yanaşı eyni zamanda ixrac olunan  məhsulların çeşidi kifayət qədər böyümüş və   ixracın coğrafiyası genişlənmişdi ki, bunu da kifayət qədər müsbət ənənə hesab etmək olar”.
 
Ekspertin sözlərinə görə, strateji məhsulların yetişdirilməsi sahəsində bu ilin birinci yarısında əldə olunan nəticələr artıq dəfə ilə ölçülə biləcək səviyyədədir: “Gəlin bu sahədə əldə olunan və gözlənilən nəticələrə nəzər salaq. Əgər keçən il 18 min hektardan cəmi 30 min ton pambıq yığılıbsa, bu il 52 min hektarda pambıq əkini təmin edilib ki, bu hesaba da ilin sonuna  100 min ton məhsul gözlənilir. Gələn il pambıq əkin sahələrinin 2,3 dəfə artırılması, onun istehsalının isə 250 min tona çatdırılması nəzərdə tutulur. İpək istehsalının yeni infrastrukturunun yaradılması və baramaçılığın müasir tələblər səviyyəsində təşkil edilməsi nəticəsində keçən il istehsal olunmuş 232 kiloqrama qarşı cari ildə 70,7 ton, yəni 300 dəfə artıq yaş barama məhsulu istehsal edilib. Növbəti illərdə ölkədə baramaçılığın daha geniş inkişafı məqsədilə gələn il 1milyon 600 min tut tinginin əkilməsi nəzərdə tutulur ki, bu da hazırda mövcud olan tut ağaclarının sayından 4,5 dəfə çox deməkdir. Cari ilin 1 iyun tarixinə respublika üzrə 2,1 min hektar sahədə tütün əkilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 839 hektar və ya 40 faiz çoxdur. Bu siyahını artırmaq da olar. Göründüyü kimi, aqrar sektora dövlət dəstəyi öz nəticələrini artıq verməyə başlamışdı. Hesab edirəm ki, bu qaydada inkişafla aqrar sektor ölkə iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılmasında öz sözünü deyəcək”.
 
Ekspertlərin sözlərinə görə, kənd təsərrüfatının inkişafı  üçün fermerlərin ucuz və uzunmüddətli kreditlərə çıxış imkanları təmin olunmalıdır. Azərbaycanın sənaye ölkəsinə çevrilməsi iqtisadi-siyasi sistemin işləmə qaydalarından, mülkiyyət hüququnun qorunmasından, həm də azad məhkəmələrdən keçir. Gecikmədən islahatlar aparmaq lazımdır. Həmçinin qeyd edilir ki, iqtisadi vəziyyət torpaqdan istifadənin effektivliyinin artırılmasını diktə edir. 
 
Yeri gəlmişkən, qısa müddət öncə dövlət başçısı İlham Əliyev “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam da imzalayıb. Ekspertlər bildirirlər ki, mövcud sərəncam Azərbaycanın kənd təsərrüfatı ölkəsinə çevrilməsinə kömək edə bilər. Bildirilir ki, iqtisadi baxımdan kənd təsərrüfatı ölkəsinə çevrilmək vacibdir.