Ölkə müxalifətinin son aylarda ciddi mənada heç bir fəaliyyəti nəzərə çarpmır. Ümumilikdə il yarımdan artıq baş verən birinci devalvasiyanın, işsizliyin, ixtisarların, bahalaşmanın fonunda da müxalifətin ciddi hərəkətliliyi ortaya çıxmayıb.
Partiyaların siyasi fəaliyyətləri demək olar ki, sosial şəbəkələrdə mövqe ortaya qoymaqla, həmçinin vacib hadisələrlə bağlı bəyanat verməklə yekunlaşır. Ölkə müxalifəti sanki mübarizəsini uzun müddətə dondurub. Müxalifət partiyalarının yetkililərinin yay ayları ilə bağlı musavat.com-a açıqladıqları planlarından da görünür ki, onlar ciddi və aktiv mübarizə tərəfdarı deyillər. Ekspertlər isə burada bir neçə səbəb göstərirlər.
Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı məsələ ilə bağlı musavat.com-a bildirib ki, partiya özünün qəbul etdiyi fəaliyyət proqramına uyğun olaraq, işini davam etdirir: “Xüsusi olaraq bu yay aylarında istirahət etmək fikrimiz yoxdur. İşlərimizi bir daha qəbul olunmuş fəaliyyət proqramı istiqamətində davam edirik. Rayon təşkilatlarında konfrans nəzərdə tutulubsa, olacaq. Partiya Divanının toplantıları davam edir. Rayon təşkilatlarının Sədrlər Şurası fəaliyyətinə davam edəcək, şura iclasları davam etdiriləcək. Yayda da cari işlərlə məşğul olacağıq”.
G.Aslanlının sözlərinə görə, işığın qiyməti ilə bağlı bahalaşmaya da rəy bildiriblər: “Bununla bağlı partiya Divanında məsələni müzakirə edib etiraz bildirmişik. Əhalinin bu isti günlərdə etiraz aksiyasına münasibəti dəqiqləşəndən sonra biz etiraz aksiyası məsələsinə bir daha qayıdacağıq”.
KXCP sədrinin müavini Xəzər Teyyublu isə qeyd edib ki, havaların isti olmasına baxmayaraq, partiya fəaliyyətini davam etdirir: “İdarə Heyətinin iclasları keçirilir. Bir neçə gün sonra partiya sədrinin gənclərlə görüşü olacaq, ona hazırlaşırıq. Təşkilati işlərimiz var. Rayon şöbələri ilə əlaqəli işlər var. Bu işlərin yaza, qışa aidiyyəti yoxdur. Həmişə olduğu kimi, iş ahəngliyi var. KXCP üçün həmişə bu işlər sabit şəkildə davamlı olub. Həm də dünyada gedən ictimai-siyasi vəziyyətə münasibət, bununla bağlı müzakirələrimiz də olur. Hansını mətbuatda vermək məsləhətdirsə, veririk. Bu formada təşkilati və siyasi işlərimizi davam etdiririk”.
Qeyd edək ki, elektrik enerjisinin qiymətinin artırılmasına KXCP də etiraz olaraq bəyanat verib. X.Teyyublunun sözlərinə görə, bu məsələ partiyanın idarə heyətində müzakirə olunub: “Bir müddət öncə suyun da qiyməti artırılmışdı. Ümumiyyətlə, kommunal xərclərin qaldırılması getdikcə ağır sosial duruma gətirib çıxaracaq. Narahatlığımızı bildiririk. Ölkədə çox ciddi ixtisarlar başlayıb, işsizlikdir. Problemlər sosial təlatümə gətirib çıxaracaq. Hakimiyyət təcili tədbirlər planı həyata keçirməlidir”.
O, aksiyaların keçirilməməsinə də aydınlıq gətirib: “Ölkədə elə bir vəziyyət yaranıb ki, siyasi durğunluqda konkret olaraq Azərbaycan vətəndaşı, ümumiyyətlə, öz haqqını müdafiə etmək baxımından çox qorxur, gözü qorxub. Onun qarşısı hər hansısa formada alınıb. Azərbaycan insanı bu gün haqqını müdafiə etməkdən çəkinir. Bu, o demək deyil ki, xalq müxalifətə inanmır. Xalq müxalifətə inanır. Amma özü bu gün ona dəstək verə bilmir. Siyasi durğunluq vəziyyətində avtoritar qaydada yaşamalı olan Azərbaycan vətəndaşı hədsiz qorxaq bir vəziyyətə gətirilib. Partiyalar xalqı səfərbər edib öz etirazını cəmləşdirə bilmir. Hər bir məsələnin tarixi bir zamana ehtiyacı var”.
Ümid Partiyasının sədr müavini Xanlar Abbas isə qeyd edib ki, partiya cari işlərlə məşğuldur: “Əsas işimiz təşkilatlanmadan ibarətdir. Hazırda etiraz aksiyası nəzərdə tutmuruq. Ümumiyyətlə, indiki dövrdə etiraz aksiyası məqbul deyil. Düzdür, siyasi arenada sakitlikdir, durğunluqdur. Bu da təkcə Ümidlə bağlı deyil. Bütün müxalifətlə bağlıdır. Ümumi siyasi arenada nisbi sakitlikdir. Əsasən yay ayları ilə bağlıdır. Amma müxalifət fəaliyyətsizdir deməzdim. Rayon təşkilatları ilə iş istiqamətində, təşkilatlanma istiqamətində fəaliyyətimizi həyata keçiririk”.
Ekspert Natiq Miri isə musavat.com-a bildirib ki, səbəblər çoxdur, əsas səbəb isə müxalifətin özü ilə bağlıdır: “Əvvəla, burada birinci amil müxalifətin zəifliyi ilə bağlıdır. Çünki həm sosial etirazları, həm də siyasi tələblərlə hansısa etiraz aksiyaları keçirmək üçün ciddi güc olmaq lazımdır. Yəni ən azından cəmiyyət o gücün küləyini hiss etsin və gələcəkdəki etiraz aksiyalarında bu gücə inanaraq, arxasınca getsin. Bu gün o güc yoxdur. İkinci məsələ ondan ibarətdir ki, müxalifət həm də hakimiyyətə müəyyən mənada regionda və ölkədə ictimai-siyasi vəziyyət dəyişənə qədər bir növ möhlət vermiş durumdadır. Söhbət ondan gedir ki, hakimiyyət indiki şəraitdə iqtisadi islahatlar adına müsbət mənada heç bir nəticə əldə edə bilməyib. Proses davam edir. Açığı, ciddi bir nəticənin əldə olunacağı ehtimalı da çox aşağıdır. Ona görə də müxalifət müəyyən mənada bir növ gözləmə mövqeyindədir. Təbii ki, ard-arda hakimiyyətin buraxdığı səhvlərdən gələcəkdə yararlanmaq istəyini ortaya qoya bilər. Ancaq əsas məsələ təkcə hakimiyyətin buraxdığı yanlışlarla, ölkəni doğru idarə edib-etməməsi məsələsi ilə bitmir. Həm də ictimai rəydə müxalifət ciddi mənada dəstək qazanmalı və inam qazanmalıdır. Çox maraqlıdır ki, bu gün ictimai rəydə müxalifət demək olar ki, yoxdur. Əgər bu gün ictimai rəydə müxalifət yoxdursa, demək, müxalifət siyasi dairəsinə inam da yoxdur. Bu da siyasi fəaliyyətdə həlledici faktordur. Ona görə də məhz bu səbəblər müxalifəti bu gün çox süst halda göstərir. Fəaliyyətinə müəyyən mənada kölgə salır. Ayrıca, açığı, regionlarda müxalifətin təbliğat nöqteyi-nəzərdən fəaliyyətini də biz görmürük. Bu yöndə hər hansı bir haqsızlıqlara hansısa bir hərəkətlənməni müşahidə etmirik. Bu gün müxalifət yalnız şifahi, yaxud yazılı bəyanatlar, eyni zamanda müəyyən təhlil, araşdırmalardan o tərəfə keçmir. Müxalifətin fəaliyyəti şifahi bəyanatlar səviyyəsində məhdudlaşır ki, burada da ictimai rəyə ciddi mənada girmək çox çətindir”.
musavat
